“Korrupsioner, talançı, həm də vətənpərvər, türkçü, turançı olmaq mümkündürmü?..”

“Ya gərək bütün bunlarla, sadəcə, xalqın başını qatmaqla ölkəni rahat, arxayın çapıb-talamaq məqsədi güdəsən, ya da hansısa nəhəng güc mərkəzinin planlarını icra edəsən…”

3 cümlə ilə bir “quş”…

30 ildən çox qaz, neft, uran və s. ilə zəngin ölkəni, qədim tarixə malik böyük xalqını çap-tala, viran qoy, qızlarının, kürəkənlərinin, qohum-əqrəbanın, əlaltı oliqarxlarının əli ilə milyardları xaricə daşıt və üstəlik, qazax “elinin başı” ol, sağ ikən özünə heykəllər ucalt, paytaxtın adına öz adını verdir – həm də vətənpərvər, xalqsevər, türkçü, turançı ol – bu, hansı məntiqə sığır?..

Söhbət 30 illik faktiki avtoritar idarəçiliyi sayəsində 30 illik müstəqillikdən sonra Qazaxıstanın yenidən Kreml şovinistlərinin birbaşa köləsi olmaq təhlükəsinə bais olmuş Nursultan Nazarbayevdən gedir – indi bəziləri deyir ki, ona toxunmayın, o Turan qəhrəmanıdır, Moskva onu yox edib…

Nazarbayev kimi bir yandan ölkəni sonda viran qoyacağını, düşmənlər qarşısında diz çökürdəcəyini bilə-bilə həm diktator, korrupsioner “vətənpərvər”, “xalqsevər”, “türkçü”, “turançı” olmaq üçün ya gərək bütün bunlarla, sadəcə, xalqın başını qatmaqla ölkəni rahat, arxayın çapıb-talamaq məqsədi güdəsən, ya da sözügedən ideyalardan sui-istifadə etməyə çalışan hansısa nəhəng güc mərkəzinin planlarını icra edəsən…

P.S. Azərbaycanın, eləcə də regionun; Türkiyənin, Qazaxıstanın özünün məşhur politoloq(pulitoloq yox), beynəlxalq, siyasi analitiklərindən bu suallarımızı ətraflı cavablandırmalarını xahiş edirik. Bəlkə biz yanılırıq?..

Sultan Laçın

Facebook Comments