Tokayev deyir qoşunlar üç gün sonra çıxacaq, Şoyqu isə deyir “kefi istəyənə qədər” qalacaq…

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin onun çağırışı ilə ölkəyə yeridilən KTMT qüvvələrinin üç gün sonra-yanvarın 13-dən etibarən çıxarılacağı, prosesin 10 gün ərzində yekunlaşacağı haqda bəyanatının ardınca Rusiyadan bu qrafiki şübhə altına alan bəyanat eşidilib.

Müdafiə naziri Sergey Şoyqu KTMT qüvvələrinin Qazaxıstanda “vəziyyətin tam stabilləşməsinə qədər” qalacağını bildirib. Onun sözlərinə görə, KTMT qüvvələri hazırda Qazaxıstanda mühüm dövlət obyektlərini və sosial əhəmiyyətli obyektləri qoruyur.

Şoyqu əlavə edib ki, KTMT qüvvələrinin Qazaxıstana yeridilməsi əməliyyatı cəmi üç günə-yanvarın 9-na qədər başa çatdırılıb. Onun sözlərinə görə, əməliyyatın bu cür qısa zamanda başa çatdırılması KTMT üzvü olan ölkələrin silahlı qüvvələrinin uzlaşdırılmış işi, habelə Suriya və Dağlıq Qarabağda əldə edilmiş təcrübə sayəsində mümkün olub.

Xatırladaq ki, ötən gün prezident Putin də KTMT qüvvələrinin Qazaxıstanda “vəziyyətin tam sabitləşməsinə qədər” qalacağını vurğulamışdı.

“Vəziyyətin tam sabitləşməsi” isə indiki halda qeyri-müəyyən və subyektiv anlayışdır, üstəlik Qazaxıstanda vəziyyətin “tam sabitləşməsi” barədə kimin qənaətinin əsas götürüləcəyi də aydın deyil. Belə görünür ki, bu məsələdə məhz Rusiyanın gəldiyi qənaət əsas götürüləcək. Çünki indiki halda Tokayev KTMT qüvvələrinin missiyasının artıq başa çatdığını, vəziyyətin sabitləşdiyini deyir və qoşunların çıxarılması prosesinin cəmi üç gün sonra başlayacağını bildirir. Lakin onun ardınca Şoyqu hər hansı konkret müddət göstərmir və qoşunların “vəziyyətin tam sabitləşməsinə qədər” qalacağını vurğulayır. Bu isə o deməkdir ki, qoşunların çıxarılması Tokayevin açıqladığı tarixdə başlamayacaq, KTMT, yaxud Rusiya qüvvələrinin ən azından bir qismi uzun müddətə Qazaxıstanda qalacaq.(virtualaz.org)

Facebook Comments