Azər Rəşidoğlu Vəzirovun dövründə yaşadığı maraqlı hadisədən yazdı

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov vəfat edib.

Əbdürrəhman Vəzirovun vəfatı ilə bağlı tanınmış jurnalist Azər Rəşidoğlu, onun birinci katib olduğu dövürdə baş verən maraqlı bir hadisə haqda özünün feysbuk səhifəsində yazı paylaşıb.

Sozcu.az jurnalistin yazısını olduğu kimi təqdim edir:

Vəzirovun 1-ci katib olduğu dövr idi. Təhsil aldığım Ali məktəbdə laborantları xalq hərəkatına qoşulmağa təşviq edirdim. Kafedranın qarşısında söhbət edirdik. O zamankı kütləvi psixozun təsiri altında idim. Təbliğat aparmağım bir yana Vəzirov barədə eşitdiklərimi danışırdım, onun erməni olduğunu dedim. Bu vaxt bir xanım kafedraya daxil olurdu, dayandı və mənə diqqətlə baxdı və qısa dialoq oldu.

– Cavan oğlan, siz Vəzirovun erməni olduğuna əminsiniz?
– Bəli. Atası da, anası da ermənidir.
– Sizin məlumat yanlışdır. Vəzirovun ermənilərlə əlaqəsi və qohumluğu yoxdur.

Çox kübar cavaba çox ədəbsiz cavab verdim və müəlliməni təhqir elədim. Müəllimə başını bulayıb, kafedraya daxil oldu. İçəri girəndən sonra öyrəndim ki, Vəzirovun doğma bacısıdır. Təsəvvür edirsiniz, nəinki institutdan qovuldum, heç bir təzyiqlə də üzləşmədim. Vəzirovun bacısı bu barədə heç kəsə heç nə demədi və mənimlə prinsip aparmadı. Qardaşı ölkənin rəhbəri idi, lakin özünü o dərəcədə sadə aparırdı ki. İndi çox utanıram. O cümlədən Vəzirovun “seçkilərə gedək 40 faiz sizə yer verəcəyəm” təklifinə Etibar Məmmədovun “Biz özümüz sənə yer verəcəyik” cavabını alqışladığıma görə utanıram. Sonra 20 yanvar oldu və hələ də özümüzə gələ bilmirik. Vəzirov Rus qoşununun Bakıya daxil olmasını istəmirdi, onu təcrid eləmişdilər, sadəcə, bütün həqiqətləri hələ o zaman danışıb, xalqına sığınmalı idi. O zaman ona inanmayacaqdıq. Amma həqiqət gec – tez üzə çıxır. Allah rəhmət eləsin. Məzar yeri də Moskvada olacaq. Nərimanov kimi. Ağrıdıcıdır…

Facebook Comments