Pekressi sinsicəsinə “Laçın dəliyi”ndən buraxan Rusiya hərbçilərinə etirazı kim bildirəcək…?

Erməni ümidinə və yeni problemlərə yol açan dəhliz haqqında…

Ermənilərin tarixinə və bu gününə baxanda Nitsşenin məşhur: “Ümid pisliklərin ən pisidir, iztirabları uzadar” kəlamının yalnız fərdlərə deyil, həm də bütöv bir topluma aid olduğu təsdiq olur. Bu toplum hər zaman özünə deyil, başqalarına ümid edib və hər dövrdə bu ümidlərin yanlış olduğu, o ümidi yaradanların əlində yalnız alət olduqları sübut olunsa da, yenə də özlərinə inanmayıb başqalarına ümid ediblər. Bu gün də ermənilər üzünü Rusiyaya, Amerikaya, Fransaya tutub, yanlış yolun nəticəsində düşdükləri böhrandan qurtulmağın yollarını kənarda axtarırlar və bununla da yenidən “əzabkeş millət” statusunun ömrünü uzatmış olurlar.

Fransa prezidentliyinə namizəd Valeri Pekress ermənilər üçün ümid oldumu? Erməni mətbuatını oxuyanda elə görünür. Xankəndinə səfər edən bu namizədi ermənilər artıq xilaskar kimi təqdim edib onu Janna d’Arkla, Yekatirina Mediçi ilə müqayisə edirlər. Artıq onu Fransanın ilk qadın prezidenti kimi görür və “Ermənistanın yaralarını” sarıyacağını fikirləşirlər. Bu qadının Azərbaycanın “qara siyahısı”na salındığını rişxəndlə qarşılayıb, sabah Fransa prezidenti kimi Bakının “yanlışlığa görə üzr istəyəcəyi”, nəhayət Fransanın “Artsaxın müstəqilliyini tanıyacağı” ümidi ilə yaşayırlar. Ac toyuğun yuxusu ilə müqayisənin yüngül olduğunu düşünüb demək istəyirsən ki, “.., да пошли вы все…”

Amma, erməniləri ümidləndirən yalnız Fransa, Valeri Pekress, Erik Zemmur deyil, bəzən bizim də bu ümiddə payımız olur. Qələbədən sonra birbaşa Xankəndi probleminin üzərinə getməməyimiz, birbaşa deyil dolayısı ilə Qarabağa aid olan məsələlərə daha çox diqqət yetirməmiz, ermənilərin bizim maraqlarımızın əleyhinə yönəlmiş hərəkətlərinə və bu hərəkətlərə şərait yaradan Rusiya sülhməramlılarına qarşı sərt etiraz bildirmədiyimiz və bir çox buna bənzər hadisələri qeyri-adekvat qarşılamamız.., düşməndə ümid yaradıb. Bunları detallı olaraq həmişə xatırlatdığımız üçün təkrar etməyəcəyik, kifayətdir ki, Valeri Pekressin Xankəndinə gəlişindən sonra rəsmi mövqelərimizin nə dərəcədə təsirli olacağını proqnozlaşdıraq. Pekressi “qara siyahı”ya salmaq, Fransanın Bakıdakı səfirini çağırmaq diplomatik tədbirlərdir, bu öz yerində, amma yetərli deyil. Bəs, Pekressi sinsicəsinə “Laçın dəliyindən” buraxan Rusiya hərbiçilərinə etirazı kim bildirəcək? Əsas günahkar onlardır. Onların adı rəsmi qaydada çəkilmədiyinə görə ermənilər rahatdırlar və bizim diplomatik addımlarımızdan çəkinmədiklərini deyirlər. Diqqət edək:“…Və belə də oldu. Azərbaycan Fransanın Bakıdakı səfirini “döşək üstünə çağırdı”, Bakı mətbuatında adət edilən və heç kimə qorxulu olmayan hədələr səsləndi”. Bu mövqe yalnız bir nəşrin deyil, bütün Ermənistanın gəldiyi rəydir, çünki təsirsiz, nəticəsiz olduğunu reallıqda görürlər.

Rusiyaya öz imzası ilə təzyiq etmək lazımdır. 10 noyabr üçtərəfli razılaşmanın bir tərəfi Putin Vladimir Vladimiroviçdir. Rusiyanın götürdüyü öhdəliklərin yerinə yetirilmədiyi məsələsi qaldırılmalıdır. Məsələn, erməni silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarmadığı üçün bu işi silahlı qüvvələrimizin həyata keçirmək gücündə olduğu qeyd edilməlidir. Qələbədən sonra düşmənin silahlı qüvvələri təkcə Ağdərədəki poliqonda və Xocalıdakı “tankodromda” Rusiya sülhməramlılarının müşayəti və xeyir-duası ilə, hətta konkret olaraq mühafizələri altında hərbi təlimlər keçiriblər. Yeni istehkamlar qurmaq isə adi hal alıb. Soçi görüşündə fəxrlə vurğuladığı “53 min erməni qaçqın qayıdıb” açıqlamasını azərbaycanlı qaçqınlara da şamil etməli olduğunu və buna imza atdığını xatırlatmağın vaxtıdır.

Bir evin çəpəri olmayanda ora girən də, boylanan da çox olar. Laçın dəhlizində çəpərimiz-sərhədimiz olmadığı üçün “atlanan Qozlu bağa” prinsipi işləyir. Deməli, zaman yetişib və Azərbaycanın Laçın dəhlizindəki sərhədə Rusiya sülhməramlıları ilə birgə nəzarət etməyi rəsmi şəkildə gündəmə gəlməli və bu nəzarət yaranmalıdır!

Laçın dəhlizində sərhədə nəzarəti Zəngəzur yolunun açılması vaxtınadək saxlamaq, perspektiv bəlalara şərait yaratmaq deməkdir. Bu işi həll etməklə Xankəndi probleminin sürətlə nizamlanmasına strateji addım atmış olarıq. (Moderator.az)

Facebook Comments