Deputatların dəstə ilə əl çalması tərbiyəsizlikdir – Deputat

Milli Məclisdə əl çalmağa öyrədilmiş adamlar var. Onlar çox yanlış yoldadırlar və bu, onlara heç bir hörmət gətirməz.

Sozcu.az xəbər verir ki, bunu Unikal.org-a açıqlamasında deputat Sabir Rüstəmxanlı ötən gün Milli Məclisin plenar iclasında spikerlə aralarında yaranan mübahisə zamanı bəzi həmkarlarının əl çalmasına münasibət bildirərkən deyib.

Deputat bildirib ki, onun fikri təhrif olunmuşdu:

“Spikerə də bu barədə bildirdim ki, fikrimi təhrif edib, mənə cavab verirsiniz. Təəssüf ki, mikrofon söndürülmüşdü. Demirəm ki, hamı çıxışımı alqışlasın. Çıxışıma kiminsə etirazı varsa, Milli Məclis ona görədir ki, fikirini açıq deyə bilər. Yoxsa dəstə ilə əl çalmaq, bu, tərbiyəsizlikdir”.

Əl çalan deputatların kimlər olmasına gəlincə, S.Rüstəmxanlı həmin şəxslərin onu maraqlandırmadığını deyib:

“Durub tək-tək onlara söz deyəsi deyiləm. Lazım olanda, hamısına birdən cavab verərəm”.

Milli Məclisin üzvü qeyd edib ki, spikerlə heç bir problemi yoxdur.

“Ola bilər sözümün mənasını düzgün başa düşmədi. Mikrofonu bağlamasaydılar, fikrimi deyərdim, hər şey yoluna düşərdi. Ona imkan verilmədi. Əksinə, arxadan hazırlanmış deputatlar var, əl çaldılar. Bir dəfə də Əli Hüseynli ilə çıxışımız zamanı belə xidmət göstərmişdilər. Spiker Sahibə Qafarova yerində olan adamdır. Onunla belə bir ciddi problemim yoxdur”.

Facebook Comments