“Bu şərtlər reallaşmadan Xankəndiyə nə dəmir yolu çəkilə, nə də Azərbaycan vətəndaşlarının ora gediş-gəlişi təmin oluna bilər”

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Xankəndi istiqamətində dəmiryol xəttinin çəkilməsinin planlaşdırıldığını və Şuşa istiqamətində də layihələndirmə işlərinin getdiyini deyib. O, mövzuyla bağlı həmçinin bildirib ki, tikinti işlərinə nə zaman başlanılacağını deyə bilməz, qərar nə vaxt verilsə, işlərə başlanılacaq. Əlbəttə, Xankəndiyə dəmir yolunun çəkilməsi böyük hadisə sayıla bilər. Bu, Xankəndinin Azərbaycanın nəzarətinə keçməsi və vətəndaşlarımızın ora rahat şəkildə gediş-gəlişinin təminatı deməkdir. Cavid Qurbanovun Xankəndiyə dəmiryolunu çəkilməsiylə bağlı verdiyi açıqlama ermənilərə mesaj əhəmiyyəti daşıyır. Yəni, biz şəhərimizə mütləq qayıdacağıq. Lakin təəssüf ki, bugünkü reallıq fərqlidir”.

Sozcu.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu məlumat paylaşıb.

O qeyd edib ki, Xankəndiyə dəmiryolunun çəkilməsi və gediş-gəlişin bərpası üçün bölgədəki separatçılar tərksilah olunmalıdırlar: “Həmçinin bölgədəki ermənilər Azərbaycan qanunlarına tabe olmalıdırlar. Bu iki şərt reallaşmadan Xankəndiyə nə dəmir yolu çəkilə, nə də Azərbaycan vətəndaşlarının ora gediş-gəlişi təmin oluna bilər. Təsadüfi deyil ki, Cavid Qurbanov sonda özünü sığortalayan “dəmiryolu ilə bağlı nə zaman qərar verilsə, ondan sonra işlərə başlanılacaq” cümləsini işlədib. Bu qərara şərait yaradacaq çalışmaların sürətləndirilməsi əsas şərtdir”.

Facebook Comments