Təbrizin ekoloji problemləri ilə bağlı həyəcanlı açıqlama: Millət vəkili hökuməti tənqid etdi

Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi Təbriz istilik elektrik stansiyasının qaz payının kəsilməsi və stansiyadan mazotdan istifadəyə görə hökuməti tənqid edib.

“Təbrizin petrokimiya zavodu və istilik elektrik stansiyası şəhərin havasının çirkləndirilməsində birinci rolu oynayırlar.

Hər iki müəssisə ekolojiya ilə bağlı öhdəliklərinə əməl etmir və Ətraf Mühitin Mühafizəsi İdarəsi bunun qarşısının alınması ilə bağlı məsuliyyətini yerinə yetirməkdə qüsurlara yol verir”-deyə, Əlirzabeygi bildirib.

O, Təbriz istilik elektrik stansiyasında mazutdan istifadənin ifrat səviyyədə olduğuna diqqət çəkərək dövlətin stansiya üçün qaz tədarük edə bilməməsi ilə bağlı açıqlamasının qəbul edilməz olduğunu, Təbriz nümayəndələrinin Enerji və Neft Nazirliklərinə ünvanladıqları sorğuların cavabsız qaldığını qeyd edib.

Millət vəkili stansiyada mazutdan istifadə ilə yanaşı hava çirkliliyinin səviyyəsini azaltmaq üçün milyardlar xərclənməsinə baxmayaraq, filtrasiya sistemlərinin quraşdırılmamasının anlaşılan olmadığını deyib, Ətraf Mühitin Mühafizəsi İdarəsinin görülən önləyici tədbirlərlə bağlı verdiyi açıqlamaları əssasız adlandırıb.

Həftələrdir Təbrizdə davam edən hava çirkliliyi ilə bağlı əlaqədar idarələr və məsul şəxslər istilik elektrik stansiyasında mazutdan istifadə edilməsini səbəb göstərirlər.

İran Milli Qaz Şirkəti Şərqi Azərbaycan əyalətində mövcud olan istilik elektrik stansiyalarına qaz verilişini dayandırdığı üçün stansiyalarda mazotdan istifadə olunur.

Şərqi Azərbaycanın Ətraf Mühitin Mühafizəsi Baş İdarəsi məsələ ilə bağlı yaydığı açıqlamada bildirib ki, elektrik stansiyasının mazutdan istifadə etməsi qanuna və Enerji Komissiyasının təsdiq etdiyi qaydalara ziddir.

Ancaq Ətraf Mühitin Mühafizəsi Baş İdarəsi və bir neçə azərbaycanlı millət vəkilinin problemlə bağlı xəbərdarlıqlarına baxmayaraq, məsələnin həlli yönündə hər hansı tədbir görülməyib.

Facebook Comments