“Müdafiə Xətti” polis zorakılığı ilə bağlı açıqlama yaydı

Müdafiə Xətti İnsan Haqları Təşkilatı qeyd edir ki, dünən Bakı şəhərində, Fəvvarələr meydanında siyasi məhbus, qanunsuz həbsinə protest əlaməti olaraq aclıq aksiyası keçirən Saleh Rüstəmova azadlıq tələbi ilə etiraz aksiyası keçirilib.

Sozcu.az xəbər verir ki, Müdafiə Xətti bildirir ki, ictimai fəallar İlkin Rüstəmzadə və Mete Türksoyun təşkilatçılığı ilə keçirilən etiraz tədbirində 40-dan çox fəal saxlanılıb, qeyri-adekvat güc tətbiq edilib, aksiya polis qüvvələri tərəfindən xüsusi qəddarlıqla dağıdılıb. Milli Şura Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun, aksiyanı monitorinq edən Müdafiə Xəttinin həmtəsisçisi Zəfər Əhmədovun, Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Saqif Qurbanovun, AXCP Nərimanov rayon təşkilatının sədri Babək Həsənovun və AXCP üzvü Paşa Dadaşzadənin sağlamlığına polislər tərəfindən qəsdən zərər vurulub.

Müdafiə Xətti dərin narahatçılıqla göstərir ki, Tofiq Yaqublu bir neçə polis nəfəri tərəfindən zorakılıqla aksiyanın keçirildiyi məkandan kənarlaşdırılıb, əlləri qandallanıb, başına torba keçirilib, amansızlıqla döyülüb, işgəncəyə məruz qoyulub, bu vəziyyətdə fotosu çəkilərək sifarişi verən rəsmi dairələrə göndərilib, daha sonra Bakıdan 70-80 km-lik məsafəda yerləşən çöllük ərazidə düşürülüb. Zərbələrin gücündən T.Yaqublunun göz ətrafı nahiyəsi o həddə şişib ki, o, görmə qabiliyyətini itirib.

Müdafiə Xətti Baş prokuror Kamran Əliyevə müraciət edir ki, aksiya zamanı vətəndaşlara zorakılıq tətbiq edən, onların sağlamlığına müxtəlif dərəcəli xəsarətlər yetirən, vəzifə səlahiyyətlərini aşan Daxili İşlər Nazirliyi əməkdaşlarının dairəsinin müəyyən edilib, hüquqi məsuliyyət məsələsinin həll olunması məqsədi ilə müvafiq göstəriş versin.

Müdafiə Xətti Ombudsman Səbinə Əliyevanın diqqətini polisin qanunsuz hərəkətlərinə, ictimai təhlükəli əməllərinə cəlb edir, səlahiyyətləri həddində təbdir görməyə çağırır.

Müdafiə Xətti polisi təyinatına uyğun şəklidə fəalliyyət göstərməyə, yəni insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumağa dəvət edir, əsas vəzifələri icra etməyə-ictimai qaydanı qorumağa və ictimai təhlükəsizliyi təmin etməyə, cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görməyə çağırır.

Müdafiə Xətti insan haqları sahəsində ixtisaslaşan beynəlxalq quruluşları, mötəbər siyasi və hüquqi mərkəzləri baş verənlərə reaksiya verməyə çağırır.

Müdafiə Xətti Azərbaycan hökumətinə çağırış edir ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 11-ci maddəsində, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş yığıncaqlar və birləşmək, sərbəst toplaşmaq azadlıqlarına hörmətlə yanaşsın.

Facebook Comments