“Hər zaman deyirdi ki, çox uzaqlara gedəcəyəm, məni tapmayacaqsınız…”

“Qardaşım Elvin Bayramov 1999-cu ildə Bakı şəhərində anadan olub. Uşaq idi, məktəblərdən birində iştirak etmək üçün onu da dəvət etmişdilər. İlk dəfə məktəbə addım atdığı gün də hərbi geyimlə getmişdi. Geyimi ona mən almışdım, o da bizə oyuncaq avtomat aldırmışdı ki, elə bu geyimlə onu götürəcəm. Deyirdi ki, o geyimi geyinməsəm məktəbə gedən deyiləm. Vətənə sevgi, hörmət onda uşaqlıqdan kök salmışdı. Elvin Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin almanşünaslıq ixtisasını bitirmişdi. 2020-ci ilin iyul ayında hərbi xidmətə yollandı. 1 illik xidmət dövrünün cəmi 2 ayını başa vura bildi qardaşım. Bu qədər qısa zamana əbədi yaşayacaq qəhrəmanlıq sığdırır. Elvin hər zaman şəhidlik arzusu ilə yaşayırdı. Oktyabr ayının 8-də anam ilə danışıb, məni ona tapşırıb. Bizlə danışanda ona ürək-dirək verirdik. Daha sonra ondan bir xəbər çıxmadı”.

Sozcu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında şəhid Elvin Bayramovun bacısı Bahar Ağamalıyeva deyib. O, daha sonra əlavə edib:

“Anam Elvinin şəhid olması yuxusunu 6 ay əvvəl görmüşdü. O deyir ki, yuxuda gördüm ki, bir düzənlikdir gedirəm, “Elvin-Elvin” deyirəm, amma tapmıram. Oktyabrın 26-da şəhidlik zirvəsinə ucalıb qardaşım, amma onun nəşi 10 gün sonra bizə təhvil verilib. Qubadlıda, Fizulidə, Suqovuşanda döyüşüb. Hər zaman deyirdi ki, elə uzaqlara gedəcəyəm ki, məni tapmayacaqsınız. O gedəndə müharibə yox idi, dedi ki, mən şəhid olacağam. Sinif yoldaşları dedi ki, sən nə danışırsan? Döyüşlərdə vaxt tapıb zəng edirdi ki, narahat olmayın. Şəhid olduğu gün onu bir nəfər görüb, o da həmin əraziyə yemək daşıyıb. Ən böyük təsəllim təbii ki, qardaşımın göstərdiyi şücaətdir. Mən də artıq bir şəhid bacısıyam. Onunla qürur duyuruq, təbii ki, bu qələbə onun və digər şəhidlərimizin canı və qanı bahasına başa gəlib”, – deyə şəhidimizin bacısı bildirib.

Facebook Comments