“Azərbaycanda peyvəndləmə strategiyasında olan boşluqlar təcili aradan qaldırılmalıdır”

“Bu gün inkişaf etmiş bir çox ölkələrin, o cümlədən Azərbaycanın koronavirusun “delta” variantına və ondan öncəki digər variantlara qarşı mübarizə ilə müqayisədə “Omikron” variantına qarşı daha tez addımlar atmaq şansı var”.

Sozcu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

O, Azərbaycanda yeni virus variantına – “B11529”- qarşı görülməli vacib tədbirləri diqqətə çatdırıb:

“Azərbaycanda təklif edilən peyvəndləmə strategiyasında olan boşluqlar təcili aradan qaldırılmalıdır. Burada birinci nəzərə alınmalı məqam effektiv peyvəndlərin təklif edilməsi olmalıdır ki, bunun da elmi, sosial və digər vacib əsasları var. Növbəti vacib məqam isə bu günə qədər peyvənd alunmayan şəxslərə və ya saxta peyvənd passportu alan şəxslərə açıq xəbərdarlıq etmək və onları növbəti iki həftə ərzində effektiv peyvəndlənməyə səsləməkdir. Əks halda isə bu şəxslər üçün epidemioloji olaraq sərt karantin rejimini tətbiq etmək hazırki vəziyyətdə elmi əsaslıdır. Bundan başqa ölkəyə səyahət edən hər kəs ciddi nəzarətdən keçməlidir və ehtiyac olarsa “Omikron” variantı olan ölkələrlə hava yolları bağlanmalıdır”.

“Eyni zamanda effektiv buster peyvəndlərin sürətlə tətbiqi əhalidə lazımı immunitetin yaranmasına kömək edəcəkdir. Unutmaq olmaz ki, bu gün əlimizdə kifayət qədər elmi rəqəmlər olmasa da rəsmi qeyd edilən məlumatlardan artıq bilirik ki, “Omikron” variantına yoluxanların əksəriyyəti öncədən xəstələnmişlər və ya peyvənd almışlar olublar, amma xəstəlikdən sağalmanın və peyvəndlərin üzərindən 6 aydan çox bir müddət keçib” – deyə tibb elmləri doktoru bildirib.

N. Abdullayev sonda onu da bildirib ki, artıq dünyada olan epidemioloji vəziyyət onu deməyə əsas verir ki, Azərbaycanda da yuxarıda sadalananlar edilməzsə məcburi effektiv peyvəndləmək, buster dozaların tətbiqi və peyvənd almayanlara sərt karantin rejimini tətbiq etmək yeganə çıxış yolu ola bilər.

Facebook Comments