“Güney Azərbaycanda ətraf mühit məhv edilir”-Ərdəbilli fəallardan etiraz

Ərdəbilli milli və ətraf mühit fəalları İran rejiminin ətraf muhitə və tarixi abidələrə vurduğu ziyana etiraz ediblər.

Fəallar bu məqsədlə Ərdəbil şəhərinin mərkəzi küçələrində simvolik qrafit çəkiblər.

Divarda “Savalanın yamacından tutmuş Şeyx Səfi kompleksinə qədər məhv edilir” cümləsi yazılıb və Savalan dağı ilə Şeyx Səfi tarixi kompleksinnin şəkilləri onun üzərində əks olunub.

Qeyd edək ki, Xiyavdan Sərdavaya, oradan da Səreyinə çəkilən və “qızıl kəmər” adı ilə tanınan yolun tikintisi zamanı bölgənin təbiətinə ciddi ziyan dəyir.

Tikinti zamanı yolun üzərində yerləşən yaşıllıq, bulaqlar, isti sular və digər bu kimi təbiət inciləri tamamilə məhv edilir.

Ətraf mühit fəallarının verdiyi məlumata görə, layihənin davamı nəticəsində ilk dağıdılacaq yerlərdən biri üstü açıq “Yeddi Bölük” isti suyu olacaq.

Bura çəkiləcək yolun üzərində yerləşdiyindən, onun adı dağıdılacaq məkanlar siyahısında ilk yerlərdədir.

Bundan başqa, Şeyx Səfi Kompleksi ətrafında bir neçə mərtəbəlik yaşayış və ticarət binalarının tikilməsi də mədəni və milli fəalların etirazına səbəb olub.

Sözügedən kompleks ətrafında binaların tikilməsi həm də onun YUNESCO-nun ümumdünya mədəni irs siyahısından çıxarılmasına səbəb olacağı ehtimalını gücləndirib.

Qeyd edək ki, Şeyx Səfiyəddin Ərdəbilinin türbəsi Güney Azərbaycanın ən gözəl tarixi abidələrindən biridir və YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir.

Ətrafında icazəsiz tikinti aparıldığına görə abidə YUNESKO-nun Ümumdünya İrs Siyahısından çıxarıla bilər.

Şeyx Səfiyəddin Ərdəbili kompleksi 2010-cu ildə YUNESKO-nun Braziliyada keçirilən 1345 saylı 34-cü sessiyası zamanı tarixi dəyərləri və memarlıq üslubuna görə Ümumdünya İrs Siyahısına daxil edilib.

Son illər məsul qurumla və Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin laqeyd münasibəti nəticəsində Ərdəbilin tarixi kompleksi ətrafında qaydasız olaraq çox qatlı binalar tikilib.

Mədəni fəalların və yerli əhalinin çoxsaylı müraciət və etirazlarına baxmayaraq tarixi abidənin ətrafında aparılmaqda olan tikintilərin standartlara uyğunlaşdırılması istiqamətində hər hansı bir addım atılmayıb.

Fəallar Ərdəbildə kimliyi bəlli olmayan bir qrupun əlaqədar orqanların dəstəyi ilə şəhərin tarixi quruluşu və abidələrinin məhv edilməsi ilə nəticələnən tikinti fəaliyyətləri aparmaqdadırlar.

Facebook Comments