“Erməni əsirlər bu səbəbdən hələ geri verilməməlidir” – Hüquqşünas şərtləri AÇIQLADI

“Azərbaycanın Ermənistanla sərhədləri 30 ildir ermənilər tərəfindən öz mülkləri kimi istifadə edilib və ən uyğun bildikləri nöqtələrdə müşahidə məntəqələrini, hərbi postlarını, döyüş mövqelərini-istehkamlarını qurub, yerləşiblər. İndi 1991-ci ildəki sərhədlərə qayıtmaq ermənilər üçün sancı yaradır və hətta haray-həşir qoparırlar ki, Azərbaycan onların ərazisinə girir. Çünki, onlar illərdir Azərbaycanın suveren ərazilərini “özününküləşdirib”, yollar çəkib, kəndlər, qəsəbələr salıb, evlər tikib. Bir sözlə rəsmi sərhəd xətlərini tanımır və tanımaq istəmir”.

Bunu hüqüqşünas Ələsgər Məmmədli sərhəddə yaranmış vəziyyəti şərh edərkən bildirib.

Ekspertin sözlərinə görə, Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd olan ərazilərində baş verən son insidentin də başlıca səbəbi budur: Ermənistanın Azərbaycanın dövlət sərhədlərini, suveren ərazilərini tanımamaq istəyi.

“44 günlük müharibə çox təəssüf ki, sülhlə yekunlaşmadı. Rusiyanın basqısı ilə münaqişə 10 noyabrda “atəşkəs bəyanatı” ilə sadəcə donduruldu. Necə ki, 1994-də olan atəşkəs razılığı kimi. Sadəcə bu atəşkəsin (sülhün yox, məhz atəşkəsin) Ermənistan üçün əlavə şərtləri də oldu. İşğalda qalan 3 rayonun Laçın istisna olmaqla ərazilərinin tam boşaldılması, Azərbaycanı Naxçıvanla birləşdirən yolların açılması öhdəliyi kimi”.

Ə.Məmmədli deyir ki, 10 noyabr atəşkəs bəyanatı mahiyyət olaraq sülh müqaviləsini gətirməli idi.

“Çünki, Ermənistan ordusu hərbi məğlubiyyətə uğramış, Rusiyanın müdaxiləsi olmasa sülh yox, Məğlubiyyət Sazişinə imza atmalı olacaqdı… Lakin Ermənistan cəmiyyəti (hakimiyyəti bir az daha praqmatist ola bilir), xüsusilə siyasi müxaliflər sülhə hazır deyil”.

Hüquqşünasın sözlərinə görə, sülh müqaviləsinin imzalanması hər iki ölkənin qarşılıqlı suveren ərazilərini qəbul etmək və digərinin ərazisindəki hər hansı hissəyə haqq iddia etməməkdir.

“Sülh müqaviləsi qarşılıqlı olaraq münaqişəni və onun nəticələrini tarixə buraxıb, yaraları sarmaq, yeni qonşuluq münasibətləri inkişaf etdirməkdir, mümkün əməkdaşlıq yollarını axtarmaq, kommunikasiyaları açmaqdır.

Ermənistan cəmiyyəti özünü illərdir şişirtdiyi “Böyük Ermənistan” şarına o qədər inandırıb ki, hətta 44 günlük müharibədə Rusiyanın müdaxiləsi olmasa tamamilə məhv olacağını da unudaraq, revanşist deyimlərdən və hərəkətlərdən çəkinmir, buna cəhd edir.

Belə revanşıst cəhdlər hələ 10 noyabr bəyanatından bir ay keçməmiş 2020-ci ilin dekabrında Hadrut ətrafında oldu, sivil vətəndaşlarımız öldürüldü və çevik əməliyyatla çox sayda erməni silahlıları ələ keçirildi. İki gün öncə baş verən döyüşlərdə yenə sağ ələ keçirilən silahlılar var. Hadrut ətrafında ələ keçirilənlər birbaşa terrorist-diversiya qrupları olsa da, son insidentdə ələ keçirilənlər sərhəddə baş verdiyindən rəsmi Ermənistan ordusu mənsublarıdır və hərbi əsir statusundadırlar”.

Ə.Məmmədli bildirib ki, Azərbaycan tərəfi çox təssüf ki, müxtəlif beynəlxalq basqıları da nəzərə alaraq, Sülh müqaviləsi bağlanmadan bəzi erməni silahlılarını ölkəsinə geri qaytardı.

“Əslində Sülh Sazişi bağlamayan Ermənistanın sülh istəmədiyinə görə hərbçiləri sülhədək geri verilməməlidir. Hər təxribatdan sonra tərkisilah edilib, zərərsizləşdirilən erməni əsgərlərini geri vermək, yeni revanşıst addımları da bir anlamda təhrik edir. Son qarşıdurmada ələ keçirilən hərbi əsirlər məhz sülh sazişini bağlayanadək Azərbaycan tərəfindən geri verilməməli, bu şəxslərin ölkələrinə qaytarılması sülh razılaşması şərtinə bağlanmalıdır.

Bir məsələni də xüsusi qeyd etmək lazımdır. Müharibədə hər iki tərəf silahlı olduğundan insan itkiləri qaçılmaz olur. Əlində silah olan legitim hədəfə çevrilir. Lakin tərəflərdən biri digərini silahsızlandırıb, əsir alıbsa artıq ona insani davranmaq məcburiyyətindədir. Bunu həm hüquq tələb edir, həm də əsgər şərəfi”.

Eksperin sözlərinə görə, ordu rəhbərliyi ordu mənsublarının Silahlı Qüvvələrin nüfuzuna zərər vuracaq hərəkətlərə imkan verməməli, xüsusilə ordu mənsublarının videogörüntüləri çəkib-yaymasına ciddi müdaxilə etməlidir.

“Bizim qəhrəman əsgərlərimizin canı bahasına əldə etdiyi nəticələrə heç kim ucuz şou xətrinə kölgə salmamlıdır”.(modern.az)

Facebook Comments