“Deputatları 103 min 920 manata sığorta etdikləri halda, hərbçiləri 11 min manata sığorta etmələri nankorluqdur” – Əli Kərimli

“Milli Məclisin deputatları öz həyatlarını 103 min 920 manata sığorta etdikləri halda (hərçənd həyatlarına heç bir real təhlükə yoxdur) hərbçinin həyatını cəmi 11 min manata, əlil olmuş qazilərimizin sağlamlığını əlillik dərəcəsindən asılı olaraq cəmi 8800, 6600, 4400 manata sığorta etmək Vətəni canı bahasına qoruyan hərbçilərimizə, onların ailələrinə qarşı qədirbilməzlik, hətta nankorluqdur. Məncə, Gəncənin icra başçısının şəhid dəfninə 5 kq marqarin yağ, 10 kq şəkər tozu, 20 kq un göndərməsi, yenidən sosial şəbəkələrdə gündəm olan şəhid daxmaları ictimai vicdandan tələb edir ki, hərbçilərin həyat və sağlamlıq sığortasının azı 4-5 dəfə artırılmasını hakimiyyətdən hamılıqla tələb edək”.

Sozcu.az-ın xəbərinə görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib.

Ə.Kərimli qeyd edib ki, vətənpərvərlik saxta yolla deputat təyin olunub, şəhid dəfnlərində ön sırada mövqe tutmaq deyil: “Vətənpərvərlik xalqdan milyonlar oğurlamış icra başçısının oğurladığının 100-də yox, 1000-də yox, milyonda biri ilə şəhid ailəsini yola verməsi heç deyil. Sosial şəbəkələrdə qarşısına çıxan hər paylaşıma “Vətən sağ olsun”, “Allah şəhidlərimizə rəhmət eləsin” yazıb, ancaq şəhid ailəsinin, qazinin, veteranın hüquqlarının pozulmasına səssiz qalmaq da deyil vətənpərvərlik. Gerçək vətənpərvər bu Vətəni canı bahasına qorumuş hərbçiyə, şəhid ailəsinə hər zaman özünü borclu bilər. Gerçək vətənpərvər hər zaman özünü canından can ayrılmış şəhid valideynlərinin, sağlamlığını Vətənə qurban vermiş qazilərin, veteranların yerinə qoyar. Onların çəkdiyi acıları hiss edər. Gerçək vətənpərvər şəhid ailəsinin, qazinin, veteranın, hərbçinin pozulan hüquqlarını müdafiə etməkdən qorxmaz, bu işə öz borcu kimi baxar. Borcumuzu birlikdə yerinə yetirək. Şəhidlərimizin can sığortasının, qazilərimizin sağlamlıq sığortasının, şəhid ailələri, qazi və veteranların aylıq müavinətlərinin, hərbçilərimizin maaşlarının artırılmasını hamılıqla tələb edək”.

Facebook Comments