Rusiya MN Şuşadakı erməni terroru haqda 2 sutkadan çoxdur ki, heç bir məlumat vermir…

“Əslində bu qınağı rəsmi və daha geniş formada Azərbaycan dövlətinin müvafiq qurumları ifadə etməlidir…”

“Noyabrın 13-ü saat 07:12-də Azərbaycanın Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyanın Şuşa şəhərinin Daşaltı kəndi yaxınlığındakı Azərbaycan Silahlı Qüvvələrinin postuna əl qumbarası atması və 3 hərbçimizin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnmiş terror hadisəsindən 2 sutkadan çox, yaxud 51 saata yaxın keçir. Xəbər verildiyi kimi, Azərbaycan Baş Prokuroru tərəfindən fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılıb.

Moderator.az xəbər verir ki, sözügedən terror aktından iki 2 sutkadan çox, yaxud 51 saata yaxın zaman keçməsinə rəğmən 10 noyabr razılaşmasına əsasən Azərbaycan Respublikasının Laçın, Kəlbəcər, Ağdam, Tərtər rayonlarının bir hissəsi və Şuşa rayonu da daxil olmaqla keçmiş Dağlıq Qarabağ ərazisinin ermənilərin məskunlaşdığı hissəsində atəşkəsin və sülhün təmin olunması missiyasını həyata keçirən Rusiyanın sülhməramlı hərbi kontingenti insident haqda Rusiya Müdafiə Naziriliyinin rəsmi saytındakı bölmələrində heç bir məlumat dərc etməyib.
Belə ki, bəhs edilən müddətdə Rusiya MN-in Qarabağdakı sülhməramlıların gündəlik fəaliyyətinə aid bölməsində iki informasiya bülleteni, iki xəbər dərc olunsa da, Şuşa şəhərinin Daşaltı kəndi yaxınlığında – Azərbaycan Silahlı Qüvvələrinin postu ilə üzbəüz yerləşən Rusiya hərbçilərinin gözü önündə baş verən apaçıq terror olayı haqda bir kəlmə də yazılmayıb. Halbuki, 2021-ci il noyabrın 8-də Şuşa yaxınlığında guya Azərbaycan hərbçiləri tərəfindən mülki ermənilərə qarşı atəş açılması və bir nəfərin ölümü haqda Rusiya MN-in saytında noyabrın 9-da ətraflı məlumat verilmişdi…

Bu fakt bir daha Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin Azərbaycan Respublikası ərazisindəki məsuliyyət zonalarında üzərlərinə düşən missiyanı bilərəkdən layiqincə yerinə yetirməməsini və hadisələrə ikili standartlarla yanaşmasını təsdiqləyir…

P.S. Əslində bu qınağı rəsmi və daha geniş formada Azərbaycan dövlətinin müvafiq qurumları ifadə etməlidir…

Facebook Comments