“Qardaşımın haqqını yeyəni Allaha tapşırıram” – Şəhid bacısı Füzulinin icra başçısından narazıdır

“Dedi ki, bizə 44 günlük müharibənin şəhidi maraqlıdır, 1994-ün şəhidi yox, dövlət başçısından kömək istəyirəm”

“Qardaşım, şəhid Şövqi Əsədovun məzarının üstünü götürmək istədim. Nə Fizuli rayon İcra Hakimiyyətindən, nə də ki, rayonumuzun millət vəkillərindən bir dəstək görmədim. Sonda da bu sözü eşitdim ki, bizə 44 günlük müharibənin şəhidi maraqlıdır, 1994-cü ilin şəhidi maraqlı deyil. Bu sözdən sonra xəstələnib yatağa düşdüm, ayaqlarım tutuldu, çəkildim oturdum evdə”

Sozcu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında şəhidimiz Şövqi Əsədovun bacısı Xatirə Əsədova bildirib. O indiyə qədər qardaşının məzarüstü abidəsinin adına layiq götürülməməsindən şikayətlənib.

“Dəfələrlə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevə, millət vəkilimiz Vüqar Bayramova demişəm, söhbət etmişəm. Alı Alıyevin pulu ola-ola qardaşımızın məzarının üstünü götüzdürmədi. Köməkçisi mənə dedi ki, bunu dövlət etməlidir, layihə gəlməlidir, amma hələ ki, dayandırılıb. Şəhid məzarının üstünü götürməyə nə layihə?! Qardaşım buna layiq deyil? Mən İcra Hakimiyyətindən yox, dövlət başçısından kömək istəyirəm. Atam yox, anam yox, qardaşım mənim boynumdadır. Vərəsəlik hüququ məndədir. Mən də ölən günümə qədər bu mövzunu həll etməyə çalışacağam. Qardaşımın haqqını yeyəni Allaha tapşırıram” deyə şəhid bacısı bildirib.

Xatirə Əsədova daha sonra qardaşının şəhid olduğu günü xatırlayıb.

“Qardaşım Əsədov Şövqi Qarakişi oğlu hərbçi idi. 1994-cü ildə Füzulidə Horadiz, Şükürbəyli və Aşağı Seyidəhmədli kəndlərinin müdafiəsində iştirak edib, kəşfiyyatdan qayıdanda aprelin 18-də şəhid olub. 12 gün neytral ərazidə qalandan sonra güc-bəla ilə onun cəsədini çıxara biliblər. Aprelin 30-da o dəfn olunub. Əvvəlcə bizim qapımıza bir başqa şəhidi gətirdilər. Biz onu qardaşım bilib dəfn etdik. Bizə dedilər ki, o şəhid Füzulinin Alxanlı kəndindəndir. Daha sonra məlumat aldıq ki, qardaşım sağdır. Bir neçə gündən sonra özü evə qayıtdı. O qədər sevinmişdik ki, sizə təsəvvür edə bilmirəm. Bir ay keçmədi ki, özü şəhid oldu.
Qardaşımı Füzuli rayon, Bala Bəhmənli kənd qəbirstanlıqından dəfn etdik. Məzarının üstünü götürməmişdik ki, birdən ora da işğal olunar və ermənilər şəhid olduğunu bilib qəbiri dağıdarlar. Qorxumuzdan qəbir daşına şəhid olduğunu da yazmamışdıq. Onun məzarının üstü 10 il torpaq qaldı. Bəzən gedib görürdüm ki, müxtəlif heyvanlar, qurd-quşlar torpağın üstündə yuva salıblar. Bu mənə çox pis təsir edirdi. Mal-heyvan üstünə çıxmasın deyə anamla atam adi ağ daşdan məzarın üstünü götüzdürdülər. Amma bu məzar şəhidin adına layiq deyil” deyə şəhidin bacısı bildirib.

Qeyd edək ki, şəhid Əsədov Şövqi dövlət başçısı tərəfindən “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

Facebook Comments