Sulduzlu milli fəal məhkəməyə çağırılıb

Sulduzlu milli fəal Höccət İsmətzadə məhkəməyə çağırılıb.

Ona bu barədə Qərbi Azərbaycan əyaləti məhkəməsindən elektron bildiriş gəlib.

Çağırışa əsasən milli fəal 1 yanvar 2022-ci ildə Sulduzun ikinci Cəza Məhkəməsinin 101-ci bölməsində olmalıdır.

“Xəbərləri təhrif etmək, yalan məlumatlar, foto və görüntülər yaymaqla məqsədli şəkildə ictimai asayişi pozmaq”da ittiham olunan Höccət İsmətzadə sentyabrın 4-də İran təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

O, sentyabrın 5-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Fəalın saxlanılması səbəbi Sulduzun Saxsıtəpə kəndində yerli türklərlə etnik kürd azınlığı arasında baş verən qarşıdurma ilə bağllı məlumat yayması olub.

Qeyd edək ki, sentyabrın 3-ü, gecə saatlarında Qərbi Azərbaycanın Sulduz mahalının Saxsıtəpə kəndində etnik kürd azlığının nümayəndələri ilə yerli Azərbaycan türkləri arasında qarşıdurma baş verib.

Torpaq sahəsinin bölüşdürülməsi üstündə baş verən qarşıdurmada bir kürd qətlə yetirilib, 4 nəfər isə yaralanıb.

Bu hadisə etnik kürd azlığının nümayəndələrinin yerli Saxsıtəpə türklərinin evlərinə basqın etmələrinə səbəb olub.

Uşaqlar, qadınlar və yaşlılar döyülüb, təhqir olunublar.

Bu, sulduzluların geniş etirazlarına səbəb olub. Fəalların saxlanılması hökumət məmurlarının qeyd olunan hadisəyə laqeyd yanaşmalarına etiraz etmələri ilə bağlı olduğu ehtimal edilir.

Facebook Comments