“Gənclər korifeyləri hərləmir” – Seyran Səxavət

Azərbaycan mədəniyyətinin tanınmış simalarının yaxşı tanınmadığını asanlıqla söylənə bilər. Bu, dəfələrlə analoji mövzuda keçirilən sorğular zamanı müşahidə edilib. Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu, Hacıbala Bağırov, Siyavuş Aslan kimi tanınmış sənət ustaları orta və yaşlı nəsil tərəfindən sevilsə də, yeni nəslin təmsilçiləri onların sənətinə bir o qədər maraq göstərmir. Üstəlik gənclər nəinki uzaq, hətta yaxın keçmişdə yaşayan korifey sənətkarı belə tanımırlar. Azərbaycan mədəniyyətinin bu dövr yaxşı təbliğ olunmur, yoxsa müasir gənclərin zövqü dəyişilib?

Yazıçı Seyran Səxavət Yenisabah.az-a açıqlamasında bu halı “bəla” adlandırıb:

“Bu, bir bəladır. Nəsibə Zeynalova dünənə qədər yaşayıb-yaradıb, bu gün gənclər onu tanımır. Halbuki 200 il bundan öncə yaşamayıb. Deməli, arada böyük bir uçurum əmələ gəlib. Mən buna belə baxıram. Bu uçurumun bir neçə yaranma səbəbi var. Hakimiyyətdəki boşluqlar, kreslo davaları, bir tərəfdən, 20 Yanvar, Qarabağ, Xocalı soyqırımı, 20 Yanvar, digər tərəfdən. Son vaxtlar da artıq COVID-19 pandemiyası da buna öz təsirini göstərdi”.

Yazıçının sözlərinə görə, bütün sahələrdə dərin bir uçurum yaranıb:

“Dediyim nüanslar aləmi elə qarışdırıb ki, artıq gənclər korifeyləri hərləmirlər. Mərkəzi problem Qarabağ idi. O birilər də Qarabağ problemini əhatə etmişdi. Bel sütunu olan problem həll olunub, sular durulub. O uçurum yavaş-yavaş düzələcək, nəhəng körpülər salınacaq. O uçurum elə torpaqla doldurulub, düzəngaha çevriləcək”.

S.Səxavət qeyd edib ki, televiziyalardan mənasız proqramlar çıxarılsa, hər şey yaxşı olacaq:

“Bizim xalq son dərəcə istedadlı, sənətsevər və oxuyandır. Lakin indiki cavanlar nəhəngləri, məsələn, Qədir Rüstəmov, Süleyman Abdullayevi tanımırlar. Azərbaycanda teatr, musiqi sənətinin təbliğatını artırmaq lazımdır. Televiziyalardakı o mənasız, duzsuz, dadsız, düşük proqramların əvəzinə maarifləndirici verilişlər olsa, onda hər şey yaxşı olacaq.

Məhəmməd Füzuli müasirim olmayıb ki, amma mən onu tanıyıram. Düzələcək, darıxmayın, amma zaman lazımdır”.

Facebook Comments