Rasim Balayev ilə bağlı YENİ XƏBƏR

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev xəstəxanadan evə buraxılıb. Sozcu.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarov deyib. O bildirib ki, hazırda Xalq artistinin müalicəsi ev şəraitində davam edir və səhhəti günü-gündən yaxşılaşır. "Düşünürük ki, Rasim Balarev fevralın ikinci yarısında işə çıxacaq və fəaliyyətinə davam edəcək",- deyə kinorejissor əlavə edib.

İranda güclü partlayış: ölənlər var

İranın Bəndər-Abbas liman şəhərində partlayış baş verib. Sozcu.az İran mediasına istinadən xəbər verir ki, partlayış nəticəsində yaşayış binasına ziyan dəyib. Hadisə nəticəsində 10 nəfər yaralanıb. İkinci partlayış isə Əhvaz şəhərində yaşayış binasında baş verib. Bu hadisədə 4 nəfər həyatını itirib.

Mahmudovdan ürək cərrahlarına: Xəstələrə bu ifadələri deməyin!

Bu gün ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında birinci yerdədir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il 18 milyondan çox insan bu səbəbdən həyatını itirir. Amma bu ölümlərin təxminən 80%-i vaxtında və düzgün yanaşma ilə qarşısı alına bilən hallardır. Daha diqqət çəkici olan məqamlardan biri isə infarkt keçirən xəstələrin təxminən 40%-nin əvvəlcədən heç bir xəbərdaredici simptom hiss etməməsidir. Bu fakt ürək sağlamlığına məsuliyyətli və elmi yanaşmanın nə qədər vacib olduğunu bir daha göstərir. Sozcu.az Modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış ürək cərrahı Rəşad Mahmudov ölkəmizdə tibbin digər sahələri ilə müqayisədə ən sürətli və ən sistemli inkişaf edən istiqamətlərdən birinin məhz kardiologiya və ürək-damar cərrahiyyəsi olduğunu bildirib. “Son illərdə texnoloji imkanların genişlənməsi, müasir diaqnostika və müalicə metodlarının tətbiqi, beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi bu sahədə çox ciddi nailiyyətlərə yol açıb. Lakin inkişafla yanaşı, müəyyən etik və peşəkar suallar da ortaya çıxır. Bəzən klinik protokollara, Avropa və dünya tibbi göstərişlərinə tam uyğun olmayan hallarda belə invaziv müdaxilələrə və ya cərrahi əməliyyatlara tələskən qərarlar verildiyinin şahidi oluruq. Bəzən isə bu qərarlar xəstəyə qorxu dili ilə çatdırılır, “təcilidir”, “buradan çıxmayın”, “bir neçə saat içində problem yarana bilər” kimi ifadələrlə xəstənin psixoloji vəziyyəti təsir altına düşür. Bunu da daha çox təciliyəti olmayan, rahat, müdaxilə riski çox az olan, klinik protokola görə bəzən sadəcə dərman müalicəsinin yetərli olacağı xəstələrdə edirik. Halbuki klinik olaraq kəskin vəziyyət yoxdursa (aktiv infarkt, hemodinamik qeyri-sabitlik və ya həyati risk müşahidə olunmursa), yalnız görüntü və laborator nəticələrə əsaslanaraq təcili müdaxilə qərarı qəbul etdirmək tibbi etikaya uyğun yanaşma deyil. Bunun tam əksinə, bəzən klinik olaraq yüksək riskli, qeyri-stabil və təcili müdaxilə ehtiyacı olan xəstələrdə isə mümkün maliyyə yükü və risklər nəzərə alınaraq, tibbi göstəriş olmasına baxmayaraq müdaxilənin gecikdirilməsi və ya başqa mərkəzlərə yönləndirilməsi kimi yanaşmalarla da qarşılaşırıq. Xüsusən, yeni yaranmış mərkəzlərdə bu tendensiya daha çox müşahidə olunur. Tibbi qərarlar qorxu ilə deyil, izah və maarifləndirmə ilə verilməlidir”. R.Mahmudov təəssüflə qeyd edib ki, bəzən belə halların arxasında rəqabət faktoru da dayanır. Hətta bəzi hallarda həkimlər özləri də etiraf edirlər ki, “əgər mən etməsəm, xəstə başqa mərkəzdə bu müdaxiləni etdirəcək və mən pis və ya bacarıqsız həkim kimi görünəcəyəm”: “Əmin olun, bu yanaşma qısamüddətli perspektivdə xəstə “qazanmaq” kimi görünsə də, uzunmüddətli baxışda cəmiyyətin səhiyyə sisteminə olan güvənini darmadağın edir. Bir çox hallarda erkən mərhələdə və ya tibbi zərurəti tam əsaslandırılmamış stentləmə və cərrahi müdaxilələrin artması kimi vəziyyətlər yaranır. Bizlər bu reallıqları ört-basdır etməklə deyil, açıq şəkildə müzakirə edərək və elmi yanaşma ilə həll yolları taparaq irəliləməliyik. Unutmamalıyıq ki, bir xəstənin başqa mərkəzə getməsi itki deyil. Əgər biz tibb elminin, klinik protokolların, vicdan və etik prinsiplərin çərçivəsində doğru qərar versək, bu uzunmüddətli perspektivdə minlərlə və on minlərlə insanın bizə olan inamının güclənməsi deməkdir. Tibbin mahiyyəti qorxutmaq deyil, başa salmaqdır. Təcili qərar verməyə məcbur etmək deyil, xəstəni məlumatlandıraraq doğru zamanda doğru müdaxiləni seçməkdir. Bu peşənin müqəddəsliyi də məhz buradan başlayır. Bu səbəbdən bütün həmkarlarıma və xüsusilə gənc rezident həkimlərə müraciət edərək demək istəyirəm ki, tibbi bacarıqlar yalnız klinik protokollar və etik davranışlarla harmoniyada tətbiq olunduqda daha dəyərli, daha etibarlı və daha müqəddəs olur. Xəstənin güvəni isə bizim ən böyük professional sərvətimizdir”.

Pakistanda eyni vaxtda 12 terror aktı - 10 polis öldü

Pakistanda separatçı Bəlucistan Azadlıq Təşkilatının silahlı üzvləri əyalətin müxtlif yerlərində koordinasiyalı terror aktları törədiblər.  Sozcu.az xəbər verir ki, vilayətin paytaxtı Kvetta şəhərində yerli vaxtla saat 06:00 radələrində güclü partlayış səsi eşidildikdən sonra təxminən iki saat ərzində intensiv atışma olub. Dalbandin və Nuşki bölgələrinin sakinləri də partlayışlar və silah səsləri eşitdiklərini bildiriblər. Eyni zamanda Mastung, Qvadar, Pasni və Turbat şəhərlərində də oxşar hücumların həyata keçirildiyi qeyd olunur. Rəsmi qurumların məlumatına görə, 12 ayrı nöqtədə təşkil edilən terror aktları nəticəsində azı 10 polis və təhlükəsizlik əməkdaşı həlak olub, 58 silahlı şəxs zərərsizləşdirilib. Belucistan vilayətinin baş naziri Sərfraz Bugti açıqlamasında bildirib ki, vilayətin müxtəlif bölgələrində  əməliyyatlar aparılır və terrorçular hələ də təqib olunur. O, hücumların arxasında Hindistanın dayandığını iddia edib. “Səhər saatlarında son dövrlərdə yaşadıqları mənəvi sarsıntını kompensasiya etmək məqsədilə Hindistanın dəstəklədiyi terrorçular bir neçə nöqtədə hücumlar təşkil etməyə cəhd göstəriblər. Lakin Belucistan polisi və sərhəd qoşunlarının qəhrəman şəxsi heyəti bu hücumları birgə dəf edərək bu günə qədər daha 58 terrorçunu zərərsizləşdirib. Bu hücumlar terrorizmə qarşı qətiyyətimizi sarsıda bilməz -son terrorçuyadək onların ardınca gedəcəyik”,-Bugti deyib. Vilayət baş naziri əlavə edib ki, təhlükəsizlik qüvvələri son iki gün ərzində Bəlucistan ərazisində keçirilən əməliyyatlar zamanı ümumilikdə 70 terrorçunu zərərsizləşdirib.

Bu tarixlərdə güclü külək əsəcək - Əhaliyə XƏBƏRDARLIQ

Bəzi bölgələrdə fevralın 1 və 2-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Xidmətdən bildirilib ki, Qobustan, Şirvan, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Balakən, Şəki, Oğuz, İsmayıllı, Qəbələ, Şamaxı, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Füzuli, Zəngilan, Laçın, Kəlbəcər, Cəbrayıl, Lerik, Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

18 dərəcə isti olacaq - BAZAR GÜNÜNÜN HAVASI

Fevralın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6, gündüz 8-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında bazar günü havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq.

Xankəndidə neçə erməni yaşayır?

Hazırda Azərbaycanın Xankəndi şəhərində iki erməniəsilli şəxs yaşayır. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Azatutyun” məlumat yayıb. Həmin şəxslərin Azərbaycanda könüllü olaraq qaldıqları bildirilir. Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan yanvarın 23-də bəyan edib ki, Xankəndidə yaşayan 10 erməniəsilli şəxs öz istəyi ilə Ermənistana köçüb: “Azərbaycan Respublikasında yaşayan 10 erməni və bir rusəsilli şəxs Azərbaycan və Ermənistanın müvafiq orqanlarına müraciət edərək, Ermənistan Respublikasına köçmək istəyini bildirib. Müraciətlər əsasında həmin şəxslər Ermənistana köçürülüblər”. Arsen Torosyan qeyd edib ki, həmin şəxslər 2023-cü ildə Qarabağda yaşayan ermənilərin könüllü şəkildə Ermənistana köçməsindən sonra öz istəkləri ilə Azərbaycanda qalıblar.

Hücuma saatlar qalıb – ABŞ kəşfiyyatçıları müttəfiqlərinə müharibənin başlayacağı günü deyib

ABŞ ordusunun yüksək rütbəli rəsmiləri Yaxın Şərqdəki əsas müttəfiqlərindən birinə bildiriblər ki, Prezident Donald Tramp İrana qarşı hücumu artıq bu həftəsonu həyata keçirə bilər. Dünən (30 yanvar) dərc olunan hesabatda bildirilir ki, əməliyyat İslam Respublikasının hökumətinin “başını kəsməyi” hədəfləyə bilər. Məlumata görə, Ağ Ev administrasiyası İranda nüvə, ballistik və digər hərbi obyektlərə zərbələri nəzərdən keçirsə də, Trampın qeyri-rəsmi məsləhətçi kimi çıxış edən keçmiş yüksək vəzifəli ABŞ kəşfiyyat rəsmisi nəşrə deyib ki, “Bu, nüvə silahları və ya raket proqramı ilə bağlı deyil. Hədəf rejim dəyişikliyidir”. İranda 1979-cu il İslam İnqilabından bəri ən genişmiqyaslı etiraz dalğası fonunda Tramp dəfələrlə zərbələr endirməklə hədələyib. O, bu hücumların, İran təhlükəsizlik qüvvələrinin etirazçıları öldürməsinə cavab olaraq həyata keçiriləcəyini iddia edib. Rəqəmlər ciddi şəkildə fərqlənsə də, ABŞ mərkəzli “Human Rights Activists News Agency” dünən bildirib ki, İran təhlükəsizlik qüvvələri bu ayın əvvəlində baş verən və əsasən yatırılan etirazlar zamanı 6 mindən çox etirazçını öldürüb. Ərəb hökumətləri üçün məsləhətçi kimi çalışmış yüksək vəzifəli rəsminin sözlərinə görə, müharibə strateqləri İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) ediləcək zərbənin iranlıları yenidən küçələrə çıxaracağını və nəticədə hökumətə həlledici zərbə vurulacağını ümid edirlər. Onun sözlərinə görə, uzun müddətdir ABŞ-ni İranla birbaşa münaqişəyə cəlb etməyə çalışan İsrailin Baş naziri Benyamin Netanyahu hücuma ümid edir və Trampa İsrailin Qərblə dost münasibətlərdə olacaq yeni hökumətin formalaşdırılmasına kömək edə biləcəyini təmin edir. Dünən Oval Kabinetdə jurnalistlərə açıqlama verən Tramp bildirib ki, ABŞ-nin “böyük bir armadası, flotiliyası, necə adlandırmaq istəyirsinizsə, hazırda İrana doğru hərəkət edir”. O, bu qüvvələrin yanvarın 3-də Venesuelaya qarşı həyata keçirilən və Prezident Nikolas Maduronun devrilməsində iştirak üçün göndərilənlərdən daha böyük olduğunu deyib. “Drop Site News”un məlumatına görə, adı açıqlanmayan bir ərəb ölkəsindən olan iki yüksək rütbəli kəşfiyyat rəsmisi ABŞ hücumunun qaçılmaz ola biləcəyi, hətta bazar günü baş verə biləcəyi barədə məlumat aldıqlarını bildiriblər. İran ordusunun sözçüsü briqada generalı Məhəmməd Əkrəminiya iki gün qabaq (29 yanvar) İran televiziyasına verdiyi müsahibədə bildirib ki, İrana qarşı mümkün zərbə iyun ayında üç İran nüvə obyektinə endirilmiş hücumdan tamamilə fərqli ssenari üzrə inkişaf edəcək. Həmin hücuma İranın cavabı məhdud olmuşdu: əvvəlcədən xəbərdarlıq edilən şəkildə Qətərdəki bir ABŞ hərbi bazasına zərbə endirilmişdi. “Əgər amerikalılar belə bir yanlış hesablamaya yol versələr, bu, Trampın təsəvvür etdiyi kimi – sürətli əməliyyat aparıb, iki saat sonra tvit ataraq əməliyyatın bitdiyini elan etmək formasında baş verməyəcək”, – Əkrəminiya deyib. “Müharibənin miqyası mütləq şəkildə bütün regionu əhatə edəcək”, – o əlavə edib. “Sionist rejimdən tutmuş Amerika hərbi bazalarına ev sahibliyi edən ölkələrə qədər hamısı raket və PUA-larımızın hədəfi olacaq.” Tramp bildirib ki, ABŞ ilə daha sərt şərtlər daxilində yeni nüvə sazişi üzrə danışıqlara başlamaq üçün İranın “vaxtı tükənir”. Bu saziş Trampın 2018-ci ildə ləğv etdiyi razılaşmadan xeyli daha məhdudlaşdırıcı olmalıdır. “The New York Times” yazır ki, ABŞ və Avropa rəsmiləri danışıqlarda İranın qarşısına üç əsas tələb qoyublar: uranın zənginləşdirilməsinin tam və daimi dayandırılması və mövcud ehtiyatların məhv edilməsi, ballistik raketlər istehsalından imtina, onların sayı və uçuş məsafəsinə məhdudiyyətlər, həmçinin Yaxın Şərqdə “HƏMAS”, “Hizbullah” və Yəməndə fəaliyyət göstərən husilər də daxil olmaqla bütün proksi qruplara dəstəyin dayandırılması. Qəzetin vurğuladığı kimi, “bu tələblər arasında etirazçıların qorunmasına dair heç bir müddəa yoxdur”. İranın xarici işlər naziri Abbas Araqçı dünən bildirib ki, Tehran İranın dinc nüvə fəaliyyətinə hüququnu təmin edən danışıqları alqışlayar, lakin raketlər də daxil olmaqla, konvensional silahlarla bağlı heç bir məsələni müzakirə etməyəcək. “Bu, risk edə biləcəyimiz bir məsələ deyil”, – o deyib. Araqçı qeyd edib ki, İran ərazisində uranın zənginləşdirilməsini tam dayandıran heç bir razılaşmaya razı olmayacaq və bunun Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NSYM) əsasən ölkənin hüququ olduğunu bildirib. “Biz uğursuzluğa məhkum olan və sonradan yeni müharibə üçün bəhanəyə çevrilə biləcək heç bir danışıqlara girmək istəmirik”, – nazir “Al-Monitor”a deyib. Dünən Ağ Evdə jurnalistlərə danışan Tramp İranın saziş bağlamaq istədiyini bildirib, lakin bunun konkret olaraq nə demək olduğunu açıqlamayıb. “Görək nə olacaq. Mən bunu deyə bilərəm: onlar saziş istəyirlər”. BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin keçmiş baş direktoru Məhəmməd əl-Baradeyi Trampın təhdidlərini kəskin tənqid edib. “İrana qarşı hərbi zərbə ilə bağlı davam edən birtərəfli təhdidlər – hər hansı açıq və real təhlükə olmadan və beynəlxalq hüququ pozaraq – qanunsuz və əxlaqsız İraq müharibəsi öncəsi eyni qaranlıq mənzərəni xatırladır; yalanları və dəhşətli nəticələri ilə birlikdə”, – Baradeyi, sosial şəbəkədə yazıb. “İnsan həyatı və regional dağıntılar sanki heç kəsi maraqlandırmır.”Bakupost.az)

Komitə sədri: Azərbaycanda ürək transplantasiyasına ehtiyacı olanların sayı çoxdur

Azərbaycanda ürək transplantasiyasına ehtiyacı olanların sayı çoxdur. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" mövzusunda keçirilən dəyirmi masada deyib. Onun sözlərinə görə, bu mövzuda əsas məsələ donorun tapılmasıdır: “Azərbaycanda ilk ürək transplantasiyası həyata keçiriləndən sonra ürək donoru olmaq istəyənlərin sayında artım gördük. Bəzən biz qanunları qəbul edirik, həyata keçirə bilmirik. Ancaq bu sahədə Səhiyyə Nazirliyinin ciddi fəaliyyəti sayəsində transplantasiya əməliyyatı həyata keçirildi. Bununla bağlı Koordinasiya Mərkəzi yaradıldı. Bu əməliyyatın daha çox sayda həyata keçirilməsi üçün təkcə həkimlər deyil, cəmiyyət bu istiqamətdə fəaliyyət göstərməlidir. İnsanlar donorluqla bağlı aktiv olmalıdır. Şübhəsiz ki, donor olmaq istəyən şəxslər bu uğurun bir nömrəli səbəbkarıdır”.APA

Bu şəhər və rayonların icra başçısı yoxdur

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad edilib. Onun yerinə isə təyinat olmayıb. Sozcu.az Unikal-a istinadla xeber verir ki, bununla da Azərbaycanda başçının olmadığı icra hakimiyyətlərinin sayı 6-ya çatıb. Belə ki, hazırda 1 şəhər və 5 rayonun icra başçısı yoxdur. 2023-cü il avqustun 31-də Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev vəzifəsindən azad olunub. İki ildən çoxdur Culfa rayonuna icra başçısı təyin edilməyib. 2025-ci ilin 12 noyabr tarixində Orxan Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O.Mürsəlov 2022-ci ilin avqust ayında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. Hazırda Gədəbəy rayonunun icra başçısı vəzifəsi boşdur. Elə həmin gün - 2025-ci il noyabrın 12-də Vüqar Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. V.Novruzov 2019-cu ilin dekabrında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu. Hələlik onun yerinə təyinat yoxdur. Paytaxtın Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov ötən il dekabrın 29-da vəzifəsindən azad olunub. O, həmin ilin noyabrın 12-də bu vəzifəyə təyin edilmişdi. E.İbrahimov cəmi 47 gün Nəsimi rayonunun icra başçısı postunda qala bildi. Onun işdən çıxarılması geniş rezonans doğurmuşdu. Ağdərə rayonunun da icra başçısı yoxdur. Belə ki, 2023-cü ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Ağdərə Rayon İcra Hakimiyyəti yaradılıb. Hələlik başçı vəzifəsinə təyinat olmayıb.

Motosiklet avtomobilə çırpıldı

Paytaxtda yolun hərəkət istiqamətində maşını saxlayaraq qəfil qapını açan sürücü qəzaya səbəb olub. Sozcu.az "Unikal"-a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonu, Karl Hüseyn küçəsində baş verib. İdarə etdiyi "BMW" markalı avtomobili dayandıraraq qapını açan sürücünün səhlənkarlığı nəticəsində yoldan ötən motosiklet həmin qapıya çırpılıb. Xoşbəxtlikdən hadisə özəl tibb müəssisəsinin qarşısında baş verib və müxtəlif bədən xəsarətləri alan motosikletçiyə yardım edilib. Faktla bağlı araşdırma başlanıb.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1438-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 239 590 hərbçi, 11 619 ədəd tank, 23 977 ədəd zirehli döyüş maşını, 36 768 ədəd artilleriya sistemi, 1 632 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 290 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 76 377 ədəd avtomobil texnikası, 119 928 ədəd PUA, 4 205 qanadlı raket, 28 gəmi/kater, 2 sualtı qayıq, 4 053 xüsusi avadanlıq itirib.

Rusiya razılığı pozdu, Ukraynaya zərbələr endirdi

Yanvarın 30-da Rusiya ordusu ballistik raket və 111 ədəd müxtəlif tipli PUA-larla Ukrayna ərazisinə genişmiqyaslı hücuma keçib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, Ukrayna ordusu 80 dronu zərərsizləşdirsə də, 15 yerdə zərbələr qeydə alınıb: “Raket və PUA hücumu 29 yanvar axşamı başlayıb. Ruslar Voronej bölgəsindən “İsgəndər-M” raketi, eləcə də “Şahid”, “Gerber”, “İtalmas” və digər modifikasiyalı PUA-larla hücum ediblər. Atılan dronların 70 ədədi məhz “Şahid” olub”. Qeyd edək ki, Rusiya və Ukraynanın enerji sahəsində atəşkəs barədə ilkin razılığa gəldikləri barədə məlumat yayılmışdı.

"Qurtuluş"un rəhbəri ilə bağlı məhkəməyə təqdimat daxil oldu

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaşı barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub. Sozcu.az xəbər verir ki, təqdimatda onların barəsində həbs qətimkan tədbirinin seçilməsi istənilir. Təqdimata bu gün baxılacağı və qərar qəbul olunacağı gözlənilir. Xatırladaq ki, "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Salmanov Ceyhun Məzahir oğlu, daha iki əməkdaşı - Məhərrəmov Elşad Məhərrəm oğlu və Əliyev Natiq Eldəniz oğlu saxlanılıb. Onıar Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri üzrə ittiham edilir.

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsinin peşəkar heyətini qəbul edib. Bu barədə Sozcu.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə cari regional vəziyyət, 8 Avqust Vaşinqton Sülh Sammiti çərçivəsində əldə olunmuş razılaşmaların əhəmiyyəti, Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh sazişi ilə bağlı görülən tədbirlər, yekunlaşmaqda olan ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası layihəsi, eləcə də ikitərəfli gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Görüş zamanı həmçinin Azərbaycanla bağlı Konqresdə qaldırılmış təşəbbüslər üzrə fikir mübadiləsi aparılıb və Azadlığa Dəstək Aktına 907-ci Düzəlişin Azərbaycana münasibətdə ləğv edilməsinin əhəmiyyəti vurğulanıb.

Külək güclənəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə yanvarın 31-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Salyan, Hacıqabul, Xızı, Qobustan, Şamaxı, Şəki, Oğuz, İsmayıllı, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Cəbrayıl, Gəncə, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Azərbaycanda palçıq vulkanı püskürüb

Hacıqabul rayonu ərazisində yerləşən Haramı dağında palçıq vulkanı püskürüb. Bir neçə saniyə püskürən palçıq vulkanı hündürlüyə qalxan alovla müşayiət edilib. Vulkan püskürməsi Bakı-Qazax magistralından, Hacıqabul ərazisində yerləşən bir neçə kənddən müşahidə olunub./APA

Bakıda 2 nəfər dəm qazından öldü

Bakıda daha iki nəfər dəm qazından zəhərlənərək ölüb. Sozcu.az xəbər verir ki, Nardaran qəsəbə sakini, 1995-ci il təvəllüdlü Rəşid Rasim oğlu Hüseynov hamam otağında dəm qazından zəhərlənərək vəfat edib. Bundan əlavə analoji hadisə Nərimanov rayonunda yaşanıb. Xətai küçəsi, ev 33, mənzil 12-də yaşayan 1962-ci il təvəllüdlü Elyar Calal oğlu Muradov hamam otağında dəm qazından ölüb. Araşdırma aparılır.

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri saxlanıldı

09:53 "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaş saxlanılıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Ceyhun Məzahir oğlu Salmanov, Elşad Məhərrəm oğlu Məhərrəmov və Natiq Eldəniz oğlu Əliyev tutulub. Qeyd edək ki, Baş Prokurorluq "Qurtuluş" Reabilitasiya Mərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı bir müddət əvvəl məlumat yayıb. Məlumatda bildirilirdi ki, "Qurtuluş" Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb. Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb. Lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur. Şikayət prokurorluğa ötən ilin dekabr ayında daxil olub. *** "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaşa elan olunan ittiham məlum olub. Məlumata görə, onlar Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri üzrə ittiham edilir.

Qar yağacaq, 15 dərəcə şaxta olacaq - ŞƏNBƏNİN HAVASI

Yanvarın son günündə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Bu barədə Sozcu.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 3-6, gündüz 12-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 55-60 % təşkil edəcək. Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 10-15 dərəcə isti olacaq.

Taksi qiymətləri kəskin artacaq: 50 manat cərimə, ərazi qadağaları...

“Bu məsələ düzgün şərh olunmayıb. Sumqayıtda qeydiyyatdan keçən  taksi sürücüsü yalnız Sumqayıt şəhəri ətrafında xidmət göstərə bilər, bu doğrudur. Eyni zamanda Sumqayıt şəhərindən götürdüyü müştərisini Bakıya rahat şəkildə gətirə bilər. Buna qadağa yoxdur”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib. O qeyd edib ki, tələb yalnız  ondan ibarətdir ki, Bakıda qeydiyyatdan keçib Sumqayıta gedib orada xidməti aktiv etmək olmaz:   “Sumqayıt şəhərindən götürdüyü müştərisini Bakıya rahat şəkildə gətirə bilər. Sadəcə Bakıdan müştəri götürə bilməz. O, müştərini Bakıya gətirib çatdırıb təzədən Sumqayıta qayıtmalıdır və orada işini davam etdirməlidir. Eyni zamanda Bakıdakı sürücü də Sumqayıta müştəri olsa rahat şəkildə apara bilər. Tələb yalnız ondan ibarətdir ki, Bakıda qeydiyyatdan keçən sürücü Sumqayıtda xidməti aktiv edə bilməyəcək. Çünki sürücünün  qeydiyyatı hansı ərazi üzrədirsə, taksi tətbiqində də fəaliyyəti yalnız həmin ərzi üçün aktivləşir. Təbii ki, bundan bəziləri narazıdır. Onlar istəyir hər yerdə xidmət göstərsinlər. Amma  dövlətin qoyduğu qayda-qanun budur. Bu qaydalara əsasən, Bakı şəhəri üçün taksi kvotası 25 min olaraq müəyyən edilib. Hazırda isə bu rəqəm 40 mini keçib. Dövlət islahatlar aparır ki, Bakıda taksilərin sayı mərhələli şəkildə 25 minə düşsün. Bu, təbii proses olacaq və bu gün-sabah kiminsə buraxılış kartı ləğv edilməyəcək. Nəzərə almaq lazımdır ki, sürücülərin bir qismi Bakıdan kənarda – Sumqayıt, Abşeron və digər ərazilərdə yaşayır. Onlar qeydiyyatda olduqları ərazi üzrə xidmət göstərməlidirlər. Qanunla proses məhz bu cür tənzimlənir. Hazırkı qanunvericiliyin tələbi ondan ibarətdir ki, Bakıda qeydiyyatdan keçmiş taksi Bakıda fəaliyyət göstərsin. Eyni ilə Sumqayıt, Xaçmaz və ya Şirvanda qeydiyyatda olan taksilər isə həmin ərazilərdə işləməlidir”. E. Muradlı bu islahatların qiymətlərə müəyyən təsir göstərəcəyini deyib: “Əgər Bakıda taksilərin sayı 25 minə endirilsə, qiymət artımı qaçılmaz olacaq. Bu, sürücülərin bir qisminin də arzuladığı məsələdir. Amma 40 minə yaxın taksini birdən-birə 25 minə salmaq mümkün deyil, bu yalnız zamanla baş verə bilər. Hazırda vəziyyət belədir ki, təxminən 15 min nəfər sadəcə sənəd alıb, amma aktiv fəaliyyət göstərmir. Bəziləri bunu ehtiyat variant kimi saxlayır. AYNA-nın apardığı yoxlamalar göstərir ki, Bakı şəhəri üzrə faktiki olaraq aktiv taksi xidməti göstərənlərin sayı 22 min civarındadır. Məhz bu rəqəmə əsaslanaraq 25 minlik kvota normal hesab olunur. Biz bu məsələni AYNA rəhbərliyi və digər qurumlarla müzakirə etmişik ki, əsas dolanışıq mənbəyi taksi fəaliyyəti olan insanlar kənarda qalmasın. Elə ailələr var ki, bir neçə nəsildir bu peşə ilə məşğuldur. Arzumuz odur ki, kvota təsdiqlənərkən bu cür sürücülərə müəyyən güzəştlər tətbiq olunsun. Axşamlar əlavə qazanc üçün taksi sürənlərlə, günün 12–14 saatını bu işə sərf edənləri eyniləşdirmək düzgün deyil. Təbii ki, daimi peşə kimi taksi fəaliyyətini seçən sürücülərə üstünlük verilməlidir”.  Qeyd edək ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunun 20.2-ci maddəsinə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir.  İnzibati Xətalar Məcəlləsinin 322.0.13. bəndinə əsasən, taksi minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartında müəyyən edilən ərazi hüdudlarından kənarda həyata keçirilməsinə görə 50 manat cərimə nəzərdə tutulub. Sürücülər taksi fəaliyyəti göstərmək istədikləri şəhər üzrə müvafiq buraxılış kartını əldə etmək üçün AYNA-ya müraciət edə bilərlər.

Nazirliyin əməkdaşı 18 kiloqram qızılla həbs olundu

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı ölkəyə qaçaqmalçılıq yolu ilə 18 kiloqram qızıl-zinət əşyası keçirib. Sozcu.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaq İdarəsinə məlumat daxil olub. İstintaqla məlum olub ki, Dövlət Vergi Xidmətinin İstintaq idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Orucov Fuad Tofiq oğlu hazırda məhkum edilmiş Məhhərrəmov Kamran İmran oğlu, Qurbanov Xəyyam Adil oğlu və digər şəxslərlə birgə cinayət əlaqəsinə girib. Fuad Orucov və digərləri Türkiyə Respublikası ərazisindən xüsusilə külli miqdarda-ümumi dəyəri təxminən 1 milyon 700 min manat olan, 18 kiloqramdan artıq qızıl-zinət əşyasını qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətiriblər. Prokurorluq tərəfindən aparılan istintaq vaxtı Fuad Orucovun yaşadığı evə baxış zamanı “Makarov” tipli tapançaya aid 39 ədəd patron da aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. Fuad Orucov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda qeyd olunan cinayətlərin törədilməsində başqa vəzifəli şəxslərin də əli olduğuna dair əsaslı şübhələr var. Həmin vəzifəli şəxslərin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Kriptovalyuta bazarında zəlzələ – 24 saatda 8000 dollardan çox itki

Kripto valyuta bazarı yanvar ayının sonunda kəskin dalğalanmalarla qarşı-qarşıya qalıb. Sozcu.az “Bloomberg”ə istinadən xəbər verir ki, bazarın ən böyük kripto aktivi “Bitcoin” son 24 saata təxminən 6% ucuzlaşaraq 90.000 dollardan 82.000-in altına düşüb. Bu yanvar ayında 4-cü ucuzlaşmadır. Bu gün “Bitcoin” qiyməti təxminən 81.190 dollara geriləyərək son iki ayın ən aşağı səviyyəsini görüb. Bu ucuzlaşmaya “Bitcoin” ETF-lərindən milyardlarla dollar çıxışın baş verməsi mühüm rol oynayıb.

Ov mövsümünün müddəti uzadıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən “Ov Məsələləri üzrə Koordinasiya Şurası”nın növbəti iclasında ov mövsümünün müddətinin artırılması barədə qərar qəbul edilib. Sozcu.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib. O bildirib ki, ölkə ərazisində quşların qış sayğısı yekunlaşıb və mütəxəssislər tərəfindən aparılan müşahidələr nəticəsində quş populyasiyalarının sabit olduğu müəyyən edilib. Mövcud vəziyyət, quşların qışlama dövrünün xüsusiyyətləri və ov həvəskarlarının müraciətləri nəzərə alınaraq ov mövsümünün 1 mart 2026-cı il tarixinədək uzadılması məqsədəuyğun hesab olunub. Xidmət rəsmisi vurğulayıb ki, ov mövsümü müddətində vətəndaşlar mövcud qanunvericiliyin tələblərinə ciddi riayət etməli, yalnız müəyyən edilmiş limitlər daxilində və qanuni icazə sənədləri əsasında ov etməlidirlər, qadağan olunmuş ərazilərdə, o cümlədən milli parklar və dövlət təbiət qoruqlarında ov hallarına yol verilməməlidir.