Azərbaycan İranla quru sərhədini açır? - Arakçı

İran və Azərbaycan arasında sərhədin yenidən açılması iki ölkə münasibətlərində əsas mövzulardan biridir. Sozcu.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib. Nazirin sözlərinə görə, son bir il ərzində İran və Azərbaycan prezidentləri arasında keçirilən bütün görüşlərdə, eləcə də onun Azərbaycan xarici işlər naziri ilə danışıqlarında sərhədin bağlı qalması məsələsi mütəmadi şəkildə gündəmə gətirilib: “Azərbaycan tərəfi bütün sərhədlərinin bağlı olduğunu və bunun yalnız İrana aid olmadığını əsas gətirib. Lakin mövzunun yenidən araşdırılacağına və qərarın nəzərdən keçiriləcəyinə dair söz verib. İran tərəfi hazırda sərhədin açılması ilə bağlı Bakının cavabını gözləyir. Sərhədin açılması Azərbaycan Respublikası ilə münasibətlərimizdə əsas məsələlərdən biridir”.

Azərbaycanda 17 yaşlı oğlan anasını öldürdü

Xaçmaz rayonunda ağır qətl hadisəsi baş verib. Sozcu.az Bizim.Media-ya istinadən xəbər verir ki, rayon sakini, 42 yaşlı Həqiqət Tərlan qızı Məmmədova kəsici alətlə qətlə yetirilib. Hadisə ilə bağlı Xaçmaz polisi tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən mərhumun 17 yaşlı oğlu saxlanılıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Elm və Təhsil Nazirliyində yoxlama aparılır

Hesablama Palatası Elm və Təhsil Nazirliyində audit keçirir. Sozcu.az xəbər verir ki, bu barədə APA-ya qurumdan bildirilib. Qeyd edilib ki, Hesablama Palatası 2025-ci ilin İş Planına əsasən Elm və Təhsil Nazirliyində audit həyata keçirir. Audit Nazirliyin fəaliyyətində təhsil sisteminin informasiyalaşdırılması proseslərinin səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsini əhatə edir. Bununla yanaşı, qurum Nazirliyin tabeliyində fəaliyyət göstərən “Təhsil Respublika İdman Mərkəzi” publik hüquqi şəxsdə də nəzarət tədbiri həyata keçirir. Palatadan əlavə edilib ki, hər iki istiqamət üzrə audit prosesi hazırda davam edir.

Narkoloji Mərkəzin keçmiş baş direktoruna hökm oxundu

Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin sabiq baş direktoru Elşən Mustafayev və qurumun keçmiş direktor müavini Zamin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasasən, Elşən Mustafayev 8 il, Zamin Əliyev 8 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Mustafayev Elşən Hümbət oğlu və həmin qurumun direktor müavini işləmiş Əliyev Zamin Sabir oğlunun qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Monteneqroda saxlanılan azərbaycanlı sərbəst buraxıldı

Monteneqronun paytaxtı Podqoritsada türk vətəndaşlarının da iştirak etdiyi iddia edilən bıçaqlı insident nəticəsində saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxılıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı dünən axşam saatlarında azad olunub. Polisin müşahidə kameralarına baxdığı və nəticədə, Azərbaycan vətəndaşının hadisə baş verərkən evdə olduğu məlum olub.

Suraxanı rayonunda dələduzluq edən şəxs saxlandı

Bakının Suraxanı rayonunda iki nəfər dələduzluqla üzləşdikləri barədə polisə müraciət ediblər. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.  Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş 27 yaşlı S.Hüseynov saxlanılıb.  Araşdırmalarla o, iki nəfəri maşın satacağı vədi ilə aldadaraq ümumilikdə 12300 manatlarını dələduzluq yolu ilə ələ keçirib.  Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Makron Paşinyanı təbrik etdi: Bakı ilə sülh...

16:37 Ermənistanın Baş naziri Nikol Paşinyan Yelisey Sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Sozcu.az xəbər verir ki, görüş N.Paşinyan 29–30 oktyabr tarixlərində Fransaya işgüzar səfəri çərçivəsində baş tutub. Qeyd edək ki, Paşinyan səfər çərçivəsində 8-ci Paris Sülh Konfransında iştirak edib. *** Makron Paşinyanı Azərbaycanla sülhün qurulması münasibətilə təbrik edib. Bu barədə Ermənistan mediası məlumat yayıb. E.Makron və N.Paşinyan TRIPP layihəsinin (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi - red.) həyata keçirilməsinin təfərrüatlarını və Cənubi Qafqazda kommunikasiyaların açılması üçün görülən addımları müzakirə ediblər. Onlar həmçinin iqtisadiyyat, infrastruktur və humanitar layihələr sahəsində Ermənistan və Fransa arasında ikitərəfli münasibətləri, regional əhəmiyyət kəsb edən məsələləri, eləcə də Ermənistan-Avropa İttifaqı əməkdaşlığının gələcək inkişafını müzakirə ediblər.

İcra başçısı ilə yanaşı onlar da HƏBS EDİLDİ

DTX-nin Balakəndə keçirdiyi əməliyyat zamanı icra başçısı ilə yanaşı onun 3 müavini və şəhərin baş memarı da həbs olunub. Bu barədə “Yeni Sabah”a Balakən rayonunun sabiq icra başçısı və Milli Məclisin deputatı Nəsib Məhəməliyev məlumat verib “Məlumata görə, icra başçısı ilə bərabər onun 3 müavini və rayonun baş memarı da həbs olunub”.  Qeyd edək ki, icra başçısının üç müavini var: Dibirov Turan Eldar oğlu, Rüstəmova Nəzakət Carullah qızı və Nuriyeva Mehparə Zahid qızı. Şəhərin baş memarı Rəcəbov Tahir Əlipaşa oğludur.

Xidmətdən buraxılan hərbi qulluqçular üçün işdən çıxarma pulu dəyişdi

Nazirlər Kabineti “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” qərarda dəyişiklik edib. Sozcu.az-ın xəbərinə görə, qaydanın adı dəyişdirilib, “Hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə ödənilən işdənçıxarma müavinətinin miqdarı və ödənilməsi şərtləri haqqında” olacaq. Hazırda məhkəmənin qərarı ilə xidmətdən buraxılanlar istisna olmaqla, hərbi xidmətdən başqa əsaslara görə buraxılmış zabitlərə daxili işlər və ədliyyə orqanlarının orta, böyük və yüksək rəis heyətinə mənsub şəxslərə iki aylıq maaş həcmində işdən çıxarma pulu verilir. Dəyişikliyə əsasən, gələn il yanvarın 1-dən bu halda hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə iki aylıq vəzifə və rütbə maaşı həcmində işdən çıxarma pulu veriləcək. İndi pensiya almaq hüququ olmadan tərxis edilən, uzun müddət xidməti dörd ildən az olan gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə — maaşın yarısı, uzun müddət xidməti dörd il və daha çox olanlara aylıq maaş və dörd ildən əlavə hər il üçün maaşın beşdə biri həcmində işdən çıxarma pulu verilir. Gələn ildən “pensiya hüququ olmadan xidmətdən buraxılan, təqvimi xidmət müddəti dörd ildən az olan gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına və ədliyyə orqanlarının kiçik rəis və sıravi heyətinə mənsub şəxslərə bir aylıq vəzifə və rütbə maaşının 50 faizi həcmində, təqvimi dörd il və daha artıq xidmət edənlərə dörd il xidmətə görə bir aylıq vəzifə və rütbə maaşı və dörd ildən artıq xidmətin hər tam təqvim ili üçün əlavə olaraq bir aylıq vəzifə və rütbə maaşının 20 faizi həcmində, lakin ümumi məbləği iki aylıq vəzifə və rütbə maaşından çox olmamaqla işdən çıxarma pulu veriləcək.

Gəncədə təcili yardım avtomobili qəzaya düşdü

Gəncədə qəza olub. Sozcu.az-ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes" markalı təcili yardım avtomobili ilə minik maşını toqquşub. Xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Fakt araşdırma aparılır.

Bağçada azyaşlıya edilən zorakılıqla bağlı RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə yayılan Tovuz rayonu Qovlar şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasında uşağa qarşı yolverilməz davranışı əks etdirən video ilə bağlı araşdırma aparılıb. Sozcu.az xəbər verir ki, bu barədə Oxu.Az-a Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, araşdırma nəticəsində görüntülərdəki hadisənin təxminən iki il əvvəl baş verdiyi məlum olub: "Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq videoda yer alan sanitar-dayə 30 oktyabr 2025-ci il tarixində müvafiq əmrlə işdən azad edilib. Məktəbəqədər təhsil müəssisələrində təlim-tədrisə cəlb edilən uşaqların fiziki və psixoloji təhlükəsizliyi bizim üçün prioritet istiqamətlərdəndir. Uşaqlara qarşı uyğunsuz davranışlar qəbuledilməzdir və belə hallara qarşı barışmaz mövqedəyik. Məktəbəqədər təhsil müəssisələrində müvafiq məsələlərin tənzimlənməsi zamanı uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür".

Azərbaycanın əksər rayonlarında həkim çatışmazlığı var - Vüqar Qurbanov

Azərbaycanın əksər rayonlarında həkim çatışmazlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex 2025"in açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu vəziyyət təkcə Azərbaycanda deyil, demək olar ki, bütün dünyada mövcud olan problemdir. "Həkimlərin yetişdirilməsi uzunmüddətli bir prosesdir və bu səbəbdən ölkədə, xüsusən də regionlarda bu çətinlik hiss olunur. Bu problemi aradan qaldırmaq məqsədilə "Mental Klinika" layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilin sonuna qədər elə bir sahə qalmayacaq ki, orada hər hansı ixtisas üzrə həkim çatışmazlığı mövcud olsun", - V.Qurbanov əlavə edib.

Saxlanılan icra başçısının qızı bu məhkəmədə hakimdir

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanıldığı barədə xəbər yayılıb. Xəbərdə onun korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində saxlanıldığı bildirilir. Sozcu.az-ın məlumatına görə, saxlanılan icra başçısının qızı Fəridə Rzayeva 2023-cü ildə Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilib.  O 2023-cü ilədək vəkil kimi fəaliyyət göstərib.

Bakı və İrəvan yeni imkan əldə edəcək - Paşinyan

Regional kommunikasiya o deməkdir ki, həm Ermənistan, həm də Azərbaycan daxili, ikitərəfli və beynəlxalq əlaqələr üçün bir-birinin ərazisindən istifadə etmək imkanı əldə edəcək və bu, ərazimizdən beynəlxalq tranzit üçün yeni bir marşrutun açılmasıdır. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Tramp yolu” layihəsi barədə deyib. “Dünyanın hazırda təchizat zənciri böhranı yaşadığını nəzərə alsaq, bu, həm beynəlxalq ticarət, həm də regionumuz üçün həqiqətən də fərq yarada bilər. Fars körfəzindən, Oman körfəzindən Qara dənizə qədər kommunikasiya kanalları açılacaq, Xəzər dənizi ilə Aralıq dənizi arasında yeni bir əlaqə yaranacaq, Ermənistan üçün yeni imkanlar yaradılacaq”, - o bildirib.

Saxlanılan icra başçısı Rzayev kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir. Sozcu.az xəbər verir ki, saxlanıldığı bildirilən 60 yaşlı İslam Rzayev 2011-ci ildən rayonun icra başçısıdır. O, əmək fəaliyyətinə 1988-ci ildə Göyçay rayon Maliyyə İdarəsində böyük iqtisadçı kimi başlayıb. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Göyçay rayonu və Bakı şəhərinin Nizami və Əzizbəyov rayonları üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin müavini işləyib. Azəriqaz QSC-nin baş mütəxəssis vəzifəsində çalışıb, 2007-ci ildən 18 may 2011-ci ilədək Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini işləyib.

Mehdiyev, Əlizadə və Həbibbəyli prokurorluqda dindirildi

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yol verilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işləri üzrə dindirilən əsas fiqurların adları məlum olub. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, AMEA-nın hazırkı və sabiq prezidentləri - İsa Həbibbəyli, Ramiz Mehdiyev və Akif Əlizadə müxtəlif vaxtlarda istintaq orqanı tərəfindən dindirilib. Xatırladaq ki, həmin cinayət işlərinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən aparılır. Qeyd edək ki, ötən gün Baş Prokurorluq da AMEA-da baş verən qanunsuzluqlar barədə açıqlama yaymışdı. Həmin açıqlamada bildirilir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə 3 milyon manat büdcə vəsaitinin əsassız olaraq xərclənməsinə şübhələr müəyyən edilib. İstintaq tədbirləri nəticəsində əsassız olaraq xərclənmiş 3 milyon manat büdcə vəsaitinin Elton Məmmədov tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilməsi təmin edilib. Hazırda isə sözügedən qurumdakı qanun pozuntuları ilə bağlı başqa cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

DTX Balakəndə əməliyyat keçirir: başçı saxlanıldı

DTX Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirir. Sozcu.az xəbər verir ki, korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.

Ukraynadan daha 12 uşaq Azərbaycana gətirildi

Ukraynanın Sumı vilayətindən yeni 12 uşaqdan ibarət qrup reabilitasiya proqramı çərçivəsində Azərbaycana gətirilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Qusyev "X" sosial media hesabında paylaşım edib. "Bu il 215 nəfər olmaqla, ümumilikdə 459 ukraynalı uşaq Azərbaycanda sülh və qayğı tapıb. Dəstəyinə görə Azərbaycana minnətdarıq", - səfir qeyd edib. 

Küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

Oktyabrın 29-u saat 19:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 19, Goranboyda 27, Naftalanda 24, Tovuz, Gəncədə 20, Mingəçevirdə 19, Şəkim/s Bərdədə 18, Zəngilan və Kəlbəcərdə 17, Şəmkirdə 16 m/s-dək güclənir. pizza mizza Zaqatala, Balakən, Gədəbəy, Xaçmaz, Qubada arabir yağış yağır.

Məzahir Pənahov yola salınır - Yeni sədr kim olacaq?

Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşacaq. Sozcu.az xəbər verir ki, bu barədə Metbuat.az-a MSK-dakı mənbə məlumat verib. Onun sözlərinə görə, MSK-nın buraxılması ilə bağlı qərar yaxın 3 ay ərzində elan olunacaq. Məlumatlı şəxs bildirib ki, MSK-nin yeni tərkibi gələn ilin martında seçiləcək. Onun qənaətinə görə, oğlunun adı ətrafında yaranan qalmaqaldan sonra Məzahir Pənahovun yenidən sədr seçilməsi mümkün deyil. Mənbə çemodan əhval-ruhiyyəsində olan 74 yaşlı Pənahovun taleyi ilə barışdığını vurğulayıb. Siyasi kluarlarda MSK-nin yeni sədrinin Rövzət Qasımov olacağı iddia edilir. Rövzət Qasımov 23 oktyabr 2019-cu ildən MSK sədrinin müavini vəzifəsində çalışır.

TRİPP xətti üzrə bağlantıların yaradılması üçün... - Əliyev

Azərbaycan bundan sonra da regionda davamlı sülhün təmin olunması, nəqliyyat layihəsinin, xüsusilə TRİPP xətti üzrə nəqliyyat bağlantılarının yaradılması istiqamətində səylərini davam etdirəcək. Sozcu.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 29-da Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaşın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Söhbət zamanı Azərbaycanla BƏƏ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi qeyd olunub. Bu xüsusda "Masdar" şirkətinin Azərbaycana bərpaolunan enerji sektoruna sərmayələrinə, SOCAR-ADNOC əməkdaşlığına, qarşılıqlı investisiyalara da toxunulub.

İsrail yenidən Qəzzanı vurdu: Hücumun qarşısı alındı

İsrail ordusu Qəzza zolağının şimalındakı Beyt Lahiya bölgəsinə zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, zərbə İsrailə dərhal hücum üçün nəzərdə tutulmuş silah və hava hücumu avadanlıqlarının saxlanıldığı obyektə endirilib.

Sabah Bakıya yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, 29-dan 30-na keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, güclü şimal qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 12-14, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 16-20, dağlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq.

Təhsildə boşluq - Məntiq fənninə ehtiyac varmı? - VİDEO

Hamımıza məlumdur ki, əmək bazarına daxil olmaq üçün verilən imtahanlarda " məntiq" testləri salınır ki, bu da məktəb və universitetlərdə tədris olunmur. Məktəblərdə “Məntiq” fənni niyə tədris olunmur və bu boşluq şagirdlərin gələcəkdə əmək bazarına hazırlaşmasına necə təsir edir? Suallarımızı təhsil eksperti Vüsət Əzizov cavablandırıb.