“İranın özündən 8 dəfə az əhaliyə malik İsraildən bu qədər çəkinməsi tam biabırçılıqdır”

Nüvə triadasının sahibi əsas güc strukturunun mətbuat xidmətində bir nəfər xəritədən anlayan zabit yerləşdirə bilmirsə, bu fəlakətdir…

İranın rus sülhməramlılarının nəzarətində olan və cəmi 25 min erməninin yaşadığı Qarabağ ərazilərinə Azərbaycanın razılığı olmadan keçməsi, həm məntiqə, həm də beynəlxalq qanunlara ziddir. Bu ərazi bütövlüyünü 1 il əvvəl təmin edən qalib Azərbaycana qarşı açkar hörmətsizlikdir.

İran rəhbərliyi böyük bir kəndi qədər əhaliyə malik Qarabağın erməni icması ilə iqtisadi əlaqələr qurmaqla 80 milyonluq ölkəni böhrandan çıxarmağa çalışması absurd versiyadır. Deməli əsas məsələ sadəcə erməni təəssübkeşliyindədir, cünki nə İran, nə də Ermənistan ətrafında inkişaf edən qalib Azərbaycan və qalib Ordusunu görməkdən məmnun deyil. Ermənistan bu məsələdə müqavimət potensialını tam itirib, İran iç üzünü açmaqda davam edir, digərləri də “bulanıq suda balıq tutmaq”la məşğuldur. Məsələn Rusiya məsuliyyət zonasına gəldiyi ilk gündən İran TIR-larını həmi əraziyə buraxmasaydı, bu günkü mənzərə tam fərqli olardı.

Rusiya, Azərbaycan və Ermənistan dini liderlərinin görüşündə səslənən fikirləri Kremlin nəzarətində olan mətbuat orqanları ermənilərin xeyrinə sxtalaşdırması fakti da “suyun bulandırılması” deməkdir. Eyni yalnış fəaliyyətlərə, məsələn məsuliyyət zonasını xəritə uzərində genişləndirilməsinə, Rusiya Müdafiə Nazirliyinin topoqrafiyadan anlayışı olmayan mətbuat xidmətinin bəzi “kəndirbazları” da dəfələrlə yol verib. Dünyada özünü qlobal güc, nüvə triadasının sahibi və BMT TŞ-nın üzvü kimi təqdim edən Rusiyanın əsas güc strukturunun mətbuat xidmətində bir nəfər xəritədən anlayan zabit yerləşdirə bilmirsə, bu fəlakətdir.

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbədən məmnun olmayanların siyahısı bununla bitmir. Hamısını sadalasaq, İran məsələsi kənarda qalacaq.
Müharibə zamanı 7 cəbhədə 7 tərəflə savaşdıq, indi də savaşırıq.

30 il Azərbaycan ərazilərinin talan edilmsində iştirak edən vətəndaşlarını görmək istəməyən, işğal nəticəsində Ermənistanın Araz sahilinə yaxınlaşmasından narahat olmayan, bir dəfə də olsun buna qarşı hərbi təlim keçirməyən, işğalçıya qarşı quru bəyanat səsləndirməyən rəsmi İran, Azərbaycanla sərhəddlərinin möhkəmlənməsindən niyə bu qədər narahatdır? İran niyə görə İsrailin Araz sahilində yerləşməsi kimi heç bir əsası və sübutu olmayan iddialarla çıxış edir? Araz kənarında İran və erməni talanı nəticəsində İsrailin yerləşməsi üçün bir dənə sağlam tikili qalıbmı?

2-3 geridə qalmış və dünyadan təcrid olunmuş dövlətdən başqa kimsənin salam vermədiyi İranın, özündən 8 dəfə az əhaliyə malik İsraildən bu qədər çəkinməsi tam biabırçılıqdır. Son 40 ildə elə həftə yoxdur ki, İran rəsmiləri və ya din xadimləri İsrail və ABŞ-ı yer üzündən siləcəkləri barədə bəyanat verməsinlər. Artıq Tehranın pafoslu və mənasız bəyanatlarından hamı bezib. Ən çox da elə iranlılar. Əgər İranın İsrailə qarşı hansısa fəaliyyət həyata keçirmək istəyirsə, bunu Suriya ərazisində çox rahatlıqla edə bilər. Nədən bunu etməyə cürəti çatmır? Həmin ərazilərdə İsrail mütəmadi olaraq İranın əsgərlərini və ya obyektlərini hədəf alır. Bu isə İranın aktiv fəaliyyətlərə başlaması üçün gözəl bəhanədir. Nədənsə orada İran rəsmiləri və ya mollaları səsini çıxarmır. Deməli İsrailin Araz sahilində İran ərazisinə yaxınlaşması sadəcə bəhanədir.

Bütün dünya İranın narkotik ixracaatı, dini radikalizmi, qeyri qanuni silahlı birləşmələrə silah ötürməsi və s. kimi fitnə-fəsadları ilə mübarizə apardığı bir vaxtda, İranın da talan edilməsində iştirak etdiyi əraziləri bərpa edən qalib Azərbaycanı hədəf alması tamamilə yalnış addımdır. Bu ərazilər Azərbaycana aiddir, burada kimin nə iş görəcəyinə qərarı Azərbaycan rəhbərliyi verəcək. Bu məsələyə İran qarışmağa nə mənəvi, nə əxlaqi, nə də hüquqi haqqı olmayıb, yoxdur və olmayacaq. Niyəsi isə sadədir, çünki, 30 illik işğal dövrünün ilk günlərindən bəzi İran vətəndaşları, erməni işğalı nəticəində qarabağlıların məcburən tərk etdikləri və ocaqlarının közü sönməyən evlərinin talan edilməsində aktiv iştirak edirdi. Bu barədə çoxsaylı sübutlar və şahid ifadələri mövcuddur. Ermənistan ordusunun təminatında və təchizatında İranın rolunun şahidlərindən biri də bu sətirlərin müəllifidir. İran TIR-larının davamlı şəkildə Qarabağa gedib gəlməsi barədə rəsmi Bakı Tehran xəbərdarlıq edirdi, lakin reaksiya və ya nəticə müşahidə edilmirdi. Müharibə başa çatdıqdan sonra artıq Laçın dəhlizindən Xankəndiyə gedən yol tam müşahidəmiz altına düşdü. Həm Laçın dəhlizi boyunca, həm də Şuşa ətrafında və digər ərazilərdə mövcud olan müşahidə məntəqələri həm vuzual, həm də texniki vasitələr, o cümlədən kameralar vasitəsilə İran TIR-larının müharibədən sonra da Xankəndinə səfər etdiklərini qeydə alırdı. İyul ayında İrana təkrar xəbərdarlıq edildi. Bundan sonra üzərində fars dilində yazıları olan İran TIR-larına Ermənistan nömrələri bağlamaqla Laçın dəhlizindən Qarabağa daşınmaları davam etdirdilər. Bəzən eyni nömrə bir neçə fərqli maşının üzərində qeydə alınırdı. Dünyada rast gəlinməyən və çox axmaqcasına təşkil olunmuş fars-erməni fəaliyətinə təəssüf ki, rus sülhməramlıları da şərik olmaqla Qarabağ məsələsində tam bitərəf ola bilmədiklərini nümayiş etdirdilər. Bundan sonra isə, avqustun ortasında İrana rəsmi formada diplomatik nota verildi. Lakin Tehran nə notaya cavab verdi, nə də bu qanunsuz fəaliyyətlərə son qoydu. Notanın verilməsindən sonrakı 1 ay ərzində hər gün orta hesabla İranın 2 yük maşını Qarabağa daxil olurdu. Şifahi xəbərdarlıq və rəsmi notalar nəticə vermədiyinə görə rəsmi Bakı bu hörmətsizliyin qarşısını almaq üçün Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində polis, sərhəd və gömrük məntəqələrini yerləşdirdi. Hazırda İrandan Qarabağa İran TIR-ları gedə bilmir. Ermənistana gedən yük maşınları Azərbaycana, Azərbaycanın İrandan keçən yük maşınları kimi gömrük rusumu ödəyirlər. Burda isə qeyri təbii heç nə yoxdur. Əgər “İslam dinin daşıyıcısı” tutuluna iddia edən İran Azərbaycanın ərazi bütövlüyünə hörmət etsəydi, Azərbaycanın notasına adekvat reaksiya versəydi, bir ovuc ermənininin maraqlarını ətrafındakı 120 milyon türkün maraqlarından üstün tutmasaydı, yuxarıda sadalananların heç birisi baş verməzdi və İran hakimiyyəti hazırkı rəzil duruma düşməzdi.

Azərbaycan 21-ci əsrin qalib ölkəsidir, öz sərhədləri çərçivəsində kiminlə, harda və nə zaman əməkdaşlıq etməsinə də özü qərar verir. Buna nə İran, nə də digərləri qarışa bilməz, çünki rəsmi Bakı İranın işğalçı ölkə ilə əməkdaşlığına etiraz etmir. İran bir şeyi anlamalıdır ki, İsrail İran ərazisini 30 il işğalda saxlamayıb. BMT-nin 4 qətnaməsinin subyekti isə İranın əməkdaşlıq etdiyi Ermənistandır. Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlı kontingent isə öz fəaliyyətində əvvəlki kimi saxtakarlıq faktlarına dəstək verməməli, məsuliyyət zonasında olan ərazilərə qanunsuz daxilolmaların qarşısının tamamilə alınması üçün əməli tədbirlər görməlidir. Onlar unutmalı deyil ki, 4 ildən sonra Qarabağdan evinə gedən sülhməramlılarının fəaliyyətinə də ev sahibi kimi Azərbaycan qiymət verəcək. Bu isə Rusiyanın gələcəkdə digər ölkələrdə sülhməramlı fəailiyyətlərinin taleyinə ciddi təsir edə bilər.

Ədalət Verdiyev, hərbi ekspert

Facebook Comments