Tramp: Davosa səfər necə də gözəl idi

ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumuna səfərinin nəticələri haqqında paylaşım dərc edib. Sozcu.az xəbər verir ki, o, paylaşımı "Truth Social"da yerləşdirib. "Davosa səfər necə də gözəl idi! Qrenlandiya üzrə NATO ilə çərçivə sazişinin hazırlanması da daxil olmaqla bir çox işlər görüldü. Həmçinin - Sülh Şurası. Amerikanı yenidən əzəmətli edək!", - o yazıb.

Antibiotikdən ev şəraitində istifadə ölümcül ola bilər – Həkimdən xəbərdarlıq

Son dövrlərdə antibiotiklərin həkim nəzarəti olmadan istifadəsinin artması müxtəlif sağlamlıq risklərinin yaranmasına səbəb olur. Sozcu.az xəbər verir ki, qış mövsümündə havaların soyuması ilə yanaşı, yoluxucu xəstəliklərin sayı da artır. Qızdırma, boğaz ağrısı, öskürək kimi əlamətlərlə üzləşən bir çox insan həkimə müraciət etmək əvəzinə, problemi tez həll etmək üçün antibiotiklərə üz tutur. Bəs antibiotiklərin həkim nəzarəti olmadan, xüsusilə ev şəraitində istifadəsi insan sağlamlığı üçün hansı risklər yarada bilər? Mövzu ilə bağlı Yeniavaz.com-a danışan həkim-allerqoloq Şahvələd Məmmədov bildirib ki, dünyanın heç bir ölkəsində antibiotiklərin həkim təyinatı olmadan vurulmasına icazə verilmir: “Dünyanın heç bir yerində ev şəraitində infuziya terapiyası aparılmır. Yəni sistemlərin qoşulması, dərmanların köçürülməsi evdə həyata keçirilmir. Azərbaycan insanlarının psixologiyasında belə bir düşüncə formalaşıb ki, guya sistem qoşulduqda və ya antibiotik vurulduqda hər şey dərhal düzəlir. Tez bir zamanda sağalmaq istəyirlər. Halbuki bu, düzgün yanaşma deyil”. Həkimin sözlərinə görə, antibiotiklər ciddi allergik reaksiyalara, hətta ölümə səbəb ola bilər: “Bu yaxınlarda bir xəstəmiz seftriakson preparatının cəmi 0,2 ml-lik dəridaxili sınağından sonra anafilaktik şok keçirdi. Xəstəni 6 saat ərzində böyük çətinliklə bu vəziyyətdən çıxara bildik. Əgər həmin inyeksiya ev şəraitində edilsəydi və vaxtında tibbi müdaxilə olmasaydı, xəstə həyatını itirə bilərdi”. Şahvələd Məmmədov vurğulayıb ki, antibiotiklərin nəzarətsiz istifadəsi müxtəlif fəsadlara yol açır: “Birinci növbədə immuniteti zəiflədir, ikinci növbədə isə göbələk infeksiyalarının və bağırsaq mikroflorasının pozulmasına şərait yaradır. Ona görə də həkim nəzarəti olmadan heç bir antibiotikdən – nə inyeksiya, nə də tablet formasında istifadə etmək tövsiyə olunmur. İnsanlar bu zaman çox böyük risklər altında qalırlar”.

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

İnternet resurslarının real vaxt rejimində monitorinqi də davam etdirilərək dini radikalizmi və kriminal həyat tərzini təbliğ edən 954 sayt, sosial şəbəkə hesabı və səhifə bloklanıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirilib. Hesabata görə, narkotik vasitələrin onlayn satışı ilə məşğul olan 769, pornoqrafik materiallar yayan 272, kompüter sistemlərinə zərər vuran viruslar yayan 189, qanunsuz idman mərc oyunları təşkil edən 1.131, ümumilikdə 3.315 sayt, sosial şəbəkə hesabı və səhifə aşkarlanaraq bloklanması təmin edilib.

Dövlət Vergi Xidmətinin Baş İdarə rəisi işdən çıxarıldı

Dövlət Vergi Xidmətinin (DVX) Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Süleymanov vəzifəsindən azad olunub. Sozcu.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı DVX rəisi Orxan Nəzərli müvafiq əmr imzalayıb. Məlumata görə, Baş idarənin rəisi vəzifəsinin müvəqqəti icrası baş idarə rəisinin müavini Müzəffər Mikayılova tapşırılıb. Eyni zamanda Baş İdarənin Təhlil şöbəsinin rəisi Fərid Hacıyev də vəzifəsindən azad edilib və bu vəzifənin müvəqqəti icrası isə Xəlil Mayılova həvalə olunub.

Kamran Əsədov məhkəmə zalında həbs olundu

İmtahanlara qanunsuz texniki vasitə keçirməklə ittiham edilən təhsil eksperti Kamran Əsədov həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə cinayət işinə baxış üzrə keçirilən prosesdə qərar qəbul olunub. Kamran Əsədov məhkəmə zalında həbs olunub. Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib. İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub. Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib. Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib. Qeyd edilib ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib.

Qonşusunun evinin damından yıxılıb öldü

Lənkəranda 52 yaşlı kişi evin damından yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, Liman şəhər sakini, 1971-ci il təvəllüdlü Çingiz Ağamalı oğlu Əliyev qonşusuna məxsu evin damından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Ç.Əliyev orada ölüb. Araşdırma aparılır.

Ailə üzvünün vurduğu iynədən şoka düşərək öldü

Bakıda 60 yaşlı kişi iynədən şoka düşərək ölüb. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, 1966-cı il təvəllüdlü Vüqar Qulamhəsən oğlu Məmmədov yaşadığı evdə səhhətində problem yarandığından ailə üzvlərindən biri tərəfindən ona antibiotik iynəsi vurulması nəticəsində ölüb. Faktla bağlı araşdırmalar aparılır.

Məktəblilərin qış tətili başlayır

Məktəblilərin qış tətili başlayır. Sozcu.az xəbər verir ki, Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında" qərarına əsasən, məktəblilərin qış tətili ənənəvi olaraq yanvar ayının son həftəsinə təsadüf edir. 2025-2026-cı tədris ilində də qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək. Tətil müddəti başa çatdıqdan sonra fevralın 1-i Bazar gününə düşdüyü üçün şagirdlər ikinci yarımilə fevralın 2-dən etibarən başlayacaqlar.

Binadan başına yük düşdü, öldü

Abşeron rayonunda 65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, tikinti sahəsində fəhlə işləyən Asif Məmmədovun başına binanın yuxarı hissəsindən yük düşüb və nəticədə aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2027-ci il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur. Sozcu.az xəbər verir ki, bu, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub. Qeyd edilib ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən yoxlamalar (qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) dayandırılıb. Təklif olunan qanun layihəsi həmin müddətin daha bir il uzadılmasını nəzərdə tutur.

Bakının altında “gizli dəniz”: təhlükə var - Gerçəklər bir-bir ÜZƏ ÇIXIR

Son illər paytaxt Bakıda və ətraf ərazilərdə müşahidə olunan subasma hallarının təkcə mövsümi yağışlarla əlaqəli olmadığı deyilir. Xüsusilə Abşeron yarımadasında təbii tarazlığın pozulması, vaxtilə su hövzəsi olan ərazilərin yaşayış massivlərinə çevrilməsi bu problemləri daha da dərinləşdirib. Ekoloqların da vurğuladığı kimi, göllərin qurudulması torpağın suyu qəbuletmə qabiliyyətini azaldır və nəticədə yağış suları çıxış yolu tapmayaraq evlərə, küçələrə dolur. Bu isə insanları düşündürən daha böyük təhlükələrin xəbərçisidir. Bəs göllərin qurudulduğu ərazilərdə tikilən evlərdə yaşamaq gələcəkdə hansı ekoloji və sağlamlıq problemlərinə səbəb ola bilər? Sozcu.az Globalinfo.az-a danışan ekspert, tibb üzrə elmlər doktoru Adil Qeybulla deyib ki, Bakıdakı tikinti bumu, eləcə də ümumilikdə drenaj sistemlərinin kobud şəkildə məhv edilməsi öz təsirini göstərir: “Çünki ərazidə əvvəllər mövcud olan təbii drenaj sistemləri yağış sularının torpaq vasitəsilə süzülərək yeraltı su hövzələrinə və çaylara yönəlməsini təmin edir, bununla da torpağın özünü təmizləməsinə şərait yaradırdı. Lakin hazırda bu sistem ciddi şəkildə pozulub. Bir çox ərazilərdə torpağın suyu hopdurma qabiliyyəti azalıb, geniş sahələr asfaltlanıb, sıx tikinti aparılıb. Nəticədə yağış sularının sorulması üçün nəzərdə tutulan torpaq sahələri xeyli dərəcədə məhdudlaşıb, eyni zamanda bir sıra təbii drenaj yolları dağıdılıb və ya bağlanıb. Digər tərəfdən, yeni salınan küçə və prospektlərdə yağış sularının kanalizasiya vasitəsilə axıdılması üçün qurulan aktiv drenaj sistemləri də yetərincə keyfiyyətli deyil”. A.Qeybulla bildirib ki, mövcud kanalizasiya infrastrukturu yerüstü su axınının real həcminə uyğun layihələndirilmədiyindən, azacıq intensiv yağıntı zamanı belə yaranan yükü qarşılaya bilmir: “Bu baxımdan hesab edirəm ki, Bakının kanalizasiya və drenaj infrastrukturu köklü şəkildə yenidən nəzərdən keçirilməli və müasir tələblərə uyğun qurulmalıdır. Dünyanın əksər ölkələrində yeni yaşayış massivi salınarkən, təkcə binalar deyil, eyni zamanda aktiv drenaj və kanalizasiya sistemləri, məktəblər, uşaq bağçaları, poliklinikalar və digər sosial-texniki infrastrukturlar kompleks şəkildə planlaşdırılır. Bakıda isə tez-tez köhnə tikililər sökülür və onların yerində dərhal yeni binalar inşa edilir. Lakin bu binaların infrastrukturu necə təmin olunacaq, tullantılarının və yağış sularının hara yönləndiriləcəyi nəzərə alınmır. Təəssüf ki, Bakı şəhəri bu gün ciddi ekoloji problemlərlə üz-üzədir və mövcud yanaşma dəyişmədiyi təqdirdə bu problemlər gələcəkdə də vaxtaşırı özünü göstərəcək”. Sağlamlıq məsələsinə gəlincə, A.Qeybulla deyib ki, binaların alt mərtəbələrində, xüsusilə ventilyasiya şaxtası adlandırılan sahələrdə havalandırmanın təmin edilməsi və düzgün qurulması son dərəcə vacib şərtdir: “Çünki binada daimi nəmişlik olduqda beton konstruksiyalar rütubəti özünə çəkir və bu da müxtəlif sağlamlıq problemlərinə səbəb olur. Sovet dövründə bu hallar əsasən revmatik xəstəliklərlə – oynaq ağrıları ilə müşayiət olunan narahatlıqlar kimi qeyd edilirdi. Hərçənd bu termin hazırda beynəlxalq tibdə geniş istifadə olunmasa da, problemin özü mövcuddur və ciddi narahatlıq doğurur. Xroniki xəstəliklər baxımından rütubətli mühitlər xüsusilə təhlükəlidir. Belə yerlərdə ağcaqanadların çoxalması, müxtəlif mikroorqanizmlərin və göbələklərin inkişafı insan sağlamlığı üçün ciddi risk yaradır. Divarlarda göbələk və kifin əmələ gəlməsi, hətta az miqdarda olsa belə, orqanizmə mənfi təsir göstərir. Bundan əlavə, ventilyasiya şaxtaları olmayan binalarda boru xətlərinin zamanla çürüməsi baş verir ki, bu da öz növbəsində müxtəlif mikroorqanizmlərin yayılmasına şərait yaradır. Hesab edirəm ki, drenaj sistemi adekvat olmayan ərazilərdə bina tikintisi və insanların yaşayışı son dərəcə zərərlidir və belə hallara yol verilməməlidir. Bu, mövcud sanitar normalara tamamilə ziddir”.

Cənubi Qafqaz Rusiyadan uzaqlaşır

Rusiya iqtisadiyyatı faktiki olaraq iflas həddinə yaxınlaşıb və ölkədə inflyasiya səviyyəsi 30 faizə çatıb. Sozcu.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stabb Davos çərçivəsində “Avropa özünü qoruya bilərmi?” mövzusunda panel müzakirəsində çıxışı zamanı bildirib. Prezidentin sözlərinə görə, Ukraynaya qarşı başladılan müharibə Vladimir Putin üçün strateji uğursuzluqla nəticələnib. O qeyd edib ki, Rusiya hərbi əməliyyatlar nəticəsində Ukrayna ərazisinin təxminən 20 faizinə nəzarət etsə də, bu prosesdə Rusiya Silahlı Qüvvələrinin sıralarında təxminən bir milyon nəfər ya həlak olub, ya da yaralanıb. Onun fikrincə, bu itkilər uzunmüddətli perspektivdə Rusiyanın həm hərbi, həm də sosial-iqtisadi dayanıqlığını ciddi şəkildə zəiflədir. Finlandiya prezidenti çıxışında Rusiyanın beynəlxalq mövqelərinin də zəiflədiyini vurğulayıb. Stabb bildirib ki, “imperiya Rusiyası” öz təsir dairəsinin mühüm hissəsini itirib və Mərkəzi Asiya ölkələri ilə yanaşı, Cənubi Qafqaz dövlətləri də getdikcə Moskvadan uzaqlaşır. Onun sözlərinə görə, bu proses təkcə hərbi münaqişələrin nəticəsi deyil, eyni zamanda Rusiyanın daxili iqtisadi problemləri və beynəlxalq aləmdə etimad itkisi ilə birbaşa bağlıdır.

Yalnız Tramp Rusiya diktatorunu dayandıra bilər - Zelenski

Amerika prezidenti Donald Tramp Ukraynadakı müharibəyə son qoya bilər, çünki o, Rusiya diktatoru Vladimir Putinlə bərabər şərtlərlə danışır və ABŞ Rusiyadan daha güclüdür. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Davosda jurnalistlərə açıqlamasında deyib. "Müharibəni davam etdirib-etdirməmək onların qərarıdır. Amma biz bu müharibəni dayandırmaq istəyirik. Və buna görə də düşünürəm ki, Prezident Tramp bunu edə bilər, həqiqətən də edə bilər, çünki o, Putinlə dialoq aparır”, - deyə Zelenski bildirib.

MEDİA “Meta”ya çağırış etdi

“Facebook” sosial şəbəkə platformasındakı bir sıra hesablarda Azərbaycan Respublikasının Prezidentinin adından “deepfake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlama yayılıb. Bu barədə Sozcu.az-a Medianın İnkişafı Agentliyindən məlumat verilib. Bildirilib ki, süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi vətəndaşların fərdi məlumatlarını ələ keçirərək onlara maddi ziyan vurmaq məqsədi daşıyır. Qeyd edək ki, son zamanlar oxşar məzmunlu kiberdələduzluq hallarına “Facebook” platformasında tez-tez rast gəlinir. "Bununla əlaqədər olaraq “Facebook” platformasının sahibi “Meta” şirkətini zərərli məzmunu aradan qaldırmaq üçün operativ tədbirlər görməyə çağırırıq. Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların, “deepfake” texnologiyaları ilə məzmunyaratma tendensiyasının vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik", - məlumatda bildirilib.

Kaliforniya qubernatorundan Avropaya çağırış: Trampı şillələləyin!

Kaliforniya ştatının qubernatoru, demokrat Qevin Nyusom Avropanı ABŞ Prezidenti Donald Trampa qarşı daha qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb. O, ABŞ liderini “zəif” adlandıraraq bildirib ki, Avropa İttifaqı Trampa qarşı “son dərəcə sərt” davranmalı, sözün əsl mənasında ona “şillə vurmalıdır”. Sozcu.az xəbər verir ki, bu barədə Euronews məlumat yayıb. “Tramp zəif cəhətləri ustalıqla istismar edir, amma üzünə vurulduqda geri çəkilir. Trampın Qrenlandiyanı nəzarət altına almaq cəhdi “dəlilik”dir, lakin o, bunu hərbi yolla etməyəcək. Avropalılar daha cəsarətli olmalı, Trampa xoş gəlməyə çalışmaqdan əl çəkməli və “oda odla cavab verməlidirlər”, - o deyib. Nyusom əlavə edib ki, avropalılar özləri nə edəcəklərinə qərar verməlidirlər: "Amma bir şeyi - indiyə qədər etdiklərini etməməlidirlər. Onları aldadıblar. Bu adam (Tramp) insanları axmaq yerinə qoyur və bu, rüsvayçılıqdır. Artıq buna ciddi yanaşmağın və əlbir olmaqdan imtina etməyin vaxtıdır. Ayağa qalxmaq, mövqeyini açıq və qəti şəkildə ortaya qoymaq lazımdır”.

Ukrayna Rusiyada bu neft terminalını vurdu

Ukrayna ordusu Rusiyanın Krasnodar bölgəsindəki “Tamannefteqaz” neft terminalına zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, Krımdakı hava hücumundan müdafiə qurğuları, o cümlədən Evpatoriya bölgəsindəki və digər yaşayış məntəqələrindəki radar stansiyaları da zərbələrə məruz qalıb. Xerson bölgəsindəki PUA anbarı, komanda məntəqəsi, sursat anbarı və Donetskdəki canlı qüvvələrə də zərbələr endirilib.

Davosda Zelenski və Tramp arasında görüş keçirildi

16:25 Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezident Donald Tramp arasında görüş başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib. Görüş Davosda keçirilir. *** Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Donald Tramp arasında danışıqlar başa çatıb. Bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib. ABŞ Prezidenti Donald Tramp görüşün yaxşı keçdiyini bildirib.

Bu virusun yayılmasında artım müşahidə olunur

Azərbaycanda hazırda qrip virusunun yayılmasında artım müşahidə olunur. Sozcu.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, qrip virusu ştammı daim dəyişir: "Qripdən ən gözəl müdafiə üsulu peyvənd olunmaqdır. Hazırda TƏBİB tabeli tibb müəssisələrində qriplə əlaqəli müraciətlər çoxdur. Amma onu da xüsusi vurğulamaq lazımdır ki, xəstəxanalarımızda bu günə qədər qrip səbəbindən səhhəti ağırlaşan pasiyent olmayıb".

Kənd və şəhərdə kommunalın qiymətləri fərqli olsun - Təklif

Azərbaycanda şəhərlərdə və kəndlərdə yaşayan şəxslərin kommunal xidmətlərə görə ödədiyi vəsaitin məbləğində fərq olmalıdır. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Eldar İbrahimov bildirib. "Camaat kənddən şəhərə niyə gəlir? Çünki kənddə yaşayan adamla şəhərdə yaşayan adamın işığa, qaza, suya görə ödədiyi pul eynidir. Halbuki, kənddə az olmalıdır, çünki orada yaşayanlar şəhər sakinlərindən fərqli olaraq zavodda işləyib maaş almırlar", - deyə o qeyd edib.

Zelenski Davosa getdi

Ukrayna Prezidenti Volodimir Zelenski Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə yollanıb. Sozcu.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Onun forum çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşü planlaşdırılır. Qeyd edək ki, Ukrayna Prezidenti bundan əvvəl özünün Davosa səfər ehtimalının az olduğunu bildirmiş və buna Rusiyanın hava zərbələrinə cavab verilməsi ilə bağlı prosesdə iştirakını səbəb gətirmişdi.

Bakıda 19 yaşlı gənc faciəvi şəkildə öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. 1994-cü il təvəllüdlü Tural Cəmşid oğlu Şəfizadə idarə etdiyi "Renault Megane" markalı avtomobil ilə paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli Xan Xoyski küçələrinin kəsişməsində əks istiqamətində hərəkətdə olan, 2007-ci il təvəllüdlü Ramal Elnur oğlu Səfərlinin idarə etdiyi "Ihonzda FX32" markalı motosiklet toqquşub. Hadisə nəticəsində R.Səfərli hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Bakıda 10 yaşlı uşaq və yeniyetmə faciəvi şəkildə öldü

Bakının Binəqədi rayonunda 10 yaşlı uşaq dəm qazından boğulub. Sozcu.az APA-ya istiandən xəbər verir ki, hadisə yanvarın 22-də baş verib. 2016-cı il təvəllüdlü U.V. yaşadığı E.Babayev küçəsində evin hamamında dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilən U.V. orada ölüb. Araşdırma aparılır. Dəm qazından növbəti ölüm hadisəsi isə Bakının Xəzər rayonunda qeydə alınıb. Buzovna qəsəbə sakini, 2012-ci il təvəllüdlü Ə.N. yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.

Tramp geri çəkildi: Qrenlandiya ilə bağlı razılaşma...

1 ildir ki, Trampın "Qrenlandiya isterikası"nı müşahidə edirik. Tramp dəfələrlə, o cümlədən Davosda bəyan etmişdi ki, yalnız Qrenlandiyanın ABŞ-ın tamamilə nəzarətinə keçəcəyi ilə qane olacaq. Buna cavab olaraq Avropa müttəfiqləri Trampın bu isterikasına vahid və qətiyyətli mövqe sərgilədilər. Sozcu.az xəbər verir ki, bunu politoloq Kamran Cəfərov deyib. “Dünən Tramp və NATO-nun baş katibi Mark Rutte arasında bir neçə saat davam edən görüş keçirildi və görüş nəticəsində Tramp bəyan etdi ki, "bizə lazım olan hər şeyi nəzərdə tutan" razılaşma olacaq. Tramp əlavə etdi ki, Qrenlandiya ilə bağlı iddialarına qarşı çıxdıqlarına görə 8 Avropa müttəfiqinə qarşı fevralın 1-dən rüsum tətbiq etmək hədəsini həyata keçirməyəcək. Jurnalistlərin Qrenlandiyanın ABŞ-ın bir hissəsinə çevrilib-çevrilməyəcəyi sualına Tramp açıq cavab verməkdən yayındı və dedi: "Bu, yekun uzunmüddətli razılaşmadır. Bu, müddətsiz razılaşmadır. Bu, əbədi razılaşmadır". Bu təklif Qrenlandiya üzərində suverenliyin Danimarkadan ABŞ-a verilməsini nəzərdə tutmur. Plan ABŞ və Danimarka arasında 1951-ci il tarixli "Qrenlandiyanın Müdafiəsi üzrə Saziş"in yenilənməsini nəzərdə tutur. Həmin saziş ABŞ-a adada hərbi bazalar tikməyə və NATO bunu zəruri hesab edərsə, "müdafiə zonaları" yaratmağa imkan verirdi. Eyni zamanda, təklif Qrenlandiyada təhlükəsizliyin artırılması, NATO-nun Arktikadakı fəaliyyəti və faydalı qazıntılar sahəsində əlavə işlərə dair bölmələri də əhatə edir. Razılaşmaya Qrenlandiyada "Qızıl Qübbə"nin yerləşdirilməsi və Rusiya ilə Çinin zərərli xarici təsirinə qarşı mübarizə ilə bağlı müddəalar da daxildir. Ruttenin səsləndirdiyi ideyalar Danimarkanın artıq uzun müddətdir nəzərdən keçirdiyi təkliflərlə üst-üstə düşür: Danimarka suverenliyi qoruyur, lakin ABŞ hərbi mövcudluğunu artıra bilər. Yaxın həftələrdə ABŞ potensial razılaşma ilə bağlı Danimarka və Qrenlandiya ilə yüksək səviyyəli danışıqlara başlayacaq. Tramp danışıqlarda özünün sınaqdan çıxmış taktikasından istifadə etdi, maksimum təzyiq göstərmək, əgər alınmazsa, geri çəkilib öz qələbəsini elan etmək (6 ay əvvəl Avropa və Çinlə tariflər üzrə danışıqlarda olduğu kimi). Tramp Avropanın çox sərt və həmrəy mövqeyi ilə üzləşdi və gördü ki, Qrenlandiyanın suverenliyi müzakirə mövzusu deyil. Avropa ABŞ-la ticarət müharibəsinə hazır olduğunu bildirdi və geri çəkilməyəcəyini vurğuladı. Bundan əlavə, Konqresin sərt mövqeyi və fond bazarının çöküşü də rol oynadı. Nəticədə Tramp geri çəkildi və bunu öz qələbəsi kimi təqdim etdi”, - politoloq bildirib.

Rusiya Ukraynada hər gün 1000 nəfər itirir - Rutte

Dekabr ayı ərzində Rusiya Ukraynadakı müharibədə hər gün orta hesabla min nəfər itirib. Sozcu.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib. “Bəli, dekabr ayında rusların hər gün min nəfər itirdiyi doğrudur. Bu, dekabr ayında 30 mindən çox adam edir”, - o bildirib. Rutte əlavə edib ki, ağır itkilərə baxmayaraq, Rusiya Ukraynadakı hücumlarını davam etdirir.