Repressiya və İşgənclər Əleyhinə Komitə bəyanat verdi

Repressiya və İşgənclər Əleyhinə Komitənin

B Ə Y A N A T I

Son zamanlar dinc, günahsız insanların qanunsuz olaraq həbs edilməsi, ağır işgəncələrə məruz qalması və müəmmalı şəkildə qətlə yetirilməsi halları artmaqdadır. Təəssüf doğuran haldır ki, baş verən qanunsuzluqlar və cinayət tərkibli hərəkətlər barədə ölçü götürməli olan DİN, Baş prokurorluq və s. qurumlar bu əməlləri törədənləri deyil, gerçək məlumatları dilə gətirib paylaşanları, haqqını tələb edənləri hədəf seçib.

2018- ci ilin iyul ayında Gəncədə baş vermiş məlum hadisələrlə bağlı keçirilən məhkəmə prosesləri bir daha sübut edir ki, bu hadisələr zamanı çoxlu sayda insanlar əsassız həbs olunub və dəhşətli işgəncələrə məruz qalıb. Amma qanunsuz həbslər və işgəncələrlə bağlı yeni- yeni faktlar üzə çıxsa da çox təəssüf ki, aidiyyatı qurumlar bu istiqamətdə hər hansı ciddi araşdırma aparmır, tədbir görmür. Digər tərəfdən “Gəncə işi” ilə bağlı həbsdə olan Aydın Qurbanov, Şahin Verdiyev, Asif Cavadov, Şahlar Rzayev, Eşqin Quliyev, Vüqar Xudiyev, Elvin Əliyev və digərlərinin sağlamlıq durumu ağır vəziyyətdə olmasına baxmayaraq onların müalicəsi ilə bağlı lazımi addımlar atılmır. Eyni zamanda bu hadisələr zamanı müəmmalı şəkildə qətlə yetirilmiş Müsəlman Birliyi Hərəkatının üzvü Ağa Sərxani cinayətinə nənki aydınlıq gətirilib, əksinə ötən 10 ay ərzində onun nəşi ailəsinə təhvil verilməyib.

Aparılan araşdırmalar göstərir ki, 2017- ci ilin may ayında Tərtər bölgəsində ən azından 200- dən çox hərbiçimiz həbs olunub və ağır işgəncələrə məruz qalıb. Məruz qaldığı işgəncələr nəticəsində ən azından 9 nəfər dünyasını dəyişib. Hazırda 24 nəfər həbsdədir. Təssüflə qeyd edilməlidir ki, hərbçilərə verilən dəhşətli işgəncə halları məhkəmə sənədlərində öz əksini tapsa da aidiyyatı qurumlar bu istiqamətdə yetərli və ədalətli addımlar atmırlar. Hazırda həbsdə və azadlıqda olan xeyli sayda keçmiş hərbçi bu işgəncənin əziyyətlərini hələ də yaşayırlar.

Təəssüflə qeyd olunmalıdır ki, repressiya və işgəncələr, qanunsuz həbslər və müəmmalı ölümlər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Ailəsindən verilən məlumata görə may ayının 11- də evindən zorla Şəki şəhər Polis İdarəsinə aparılan Qalib Məmmədov amansız işgəncələr nəticəsində döyülərək öldürülüb. Təəssüf ki, hadisədən 2 həftədən çox vaxt keçir, amma aidiyyatı qurumlar susur. Cinayətlə bağlı gərəkən addımlar atılmır. Elcə də, Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin mərhum əməkdaşı Emin Hüseynov Türkiyədə müəmmalı şəkildə vəfat etsə də onun ölümünü araşdırılması ilə bağlı prokurorluq tərəfindən lazımi addımlar atılmır. Hərbi xidmətdə olarkən qətlə yetirilmiş Rəzi Mustafayevin, intihar həddinə gətirilmiş və ölmüş Elena Hacıyevanın, döyülərək öldürülmüş Pərviz Həbibovun və s. şəxslərin də ölüm işi qanuna müvafiq səviyyədə araşdırılmır. Yeri gəlmişkən qeyd edək ki, aparılan araşdırmalar göstərir ki, son zamanlar güc strukturları tərəfindən günahı sübuta yetirilməmiş ən azından 30- dan çox soydaşımız müəmmalı şəkildə qətlə yetirilib.

Bu gün ölkədə qanunsuz həbslər də davam edir. Azərbaycan Xalq Hərəkatının üzvləri Bakıda və bölgələrdə təqiblərə və həbslərə məruz qalır. Hazırda təşkilatın 2 üzvü- İlyas Abdullayev, Yavər Mikayılov həbsdədir. Onların hansı şəraitdə saxlanması barədə məlumat yoxdur, vəkilləri ilə görüşə icazə verilmir. Bəzi mənbələr həmin şəxslərin işgəncəyə məruz qaldığını bildirir. Həbsdə olan siyasi məhbuslar Babək Həsənov, Əhsən Nuruzadə, Məhəmmədəli Axundzadə heç bir səbəb olmadan “kars”-a salınıb və onlara qarşı təzyiq, təxribat cəhdləri davam edir. Ruhulla Axundzadə, Şəmil Abduləliyev, Cabbar Cabarov, Abbas Hüseyn, Seyfəddin Şirvanov, Əbülfəz Bünyatov və digərlərinin səhhətində ciddi problemlər yaranıb və onların normal müalicəsi üçün şərait yaradılmır, gərəkən addımlar atılmır.

Repressiya və İşgəncələr Əleyhinə Komitə ölkədə həyata keçirilən qanunsuz həbsləri, işgəncə hallarını, müəmmalı qətlləri pisləyir, bu hadisələrin durdurulmasını və Respublika baş prokurorluğunu bu cinayəti törədən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir.

25 may 2019- cu il, Bakı şəhəri

Facebook Comments