“Şuşaya gedəndə Cəbrayılı yuxuda gördüm dedi ki, bura soyuqdur, üşüyürük…”

“Cəbrayıl anası ölmüş heç Şuşanı gördü ki, o, Kəlbəcərdə şəhid oldu. Biz şəhid anaları üçün çox ağırdır. O yerlərdə gəzdiyimiz torpaqlarda şəhidlərimizin, qazilərimizin qanı var”

Bunu Moderator.az-a açıqlamasında Vətən müharibəsində şəhid olan əsgər Cəbrayıl Dövlətzadənin anası Məleykə xanım deyib. Şəhid əsgərimizin anası Şuşa səfəri haqda öz təəssüratlarını bizimlə bölüşüb:

“Biz şəhid anaları orda yolların düzəlməsindən danışmırdıq. Deyirdik ki, bu yollarda soyuqda, yağışda yayın istisində balalarımız piyada gəziblər. Yəni bizim düşüncələrimiz ancaq şəhid övladlarımız olub”.

Şəhid anası bu gün ömründə bir dəfə də olsun Fəxri Xiyabana ayaq basmayan bəzi məmurlarımıza da səslənib:

“Yuxarıda oturanların çoxu qədir-qiymət bilmirlər, Şuşada öz evlərini tikirlər. Amma indiyə kimi bir dəfə Fəxri Xiyabana ayaq basmayıblar. Çoxlarına sözümü demişəm və yenə deyəcəm. Polad Bülbüloğlundan tutmuş hamısıyla Allah bilsin. Polad Bülbüloğlu ata yurdunu təmir etdirirdi, amma get sən birinci o Fəxri Xiyabanı ziyarət elə, çünki Şuşanı o şəhid oğlanlarımız alıb. Qazilərdən biriylə görüş və sonra evini tik. Elə bil göydən zəmbillə düşüb, sanki şəhidlərimiz Şuşanı bunlar üçün almışdılar. Onsuz da Allaha tapşırmışıq, kim ki, balalarımızın haqqından yeyir onlara haram olsun”.

Məleykə xanım Şuşaya getməmişdən bir gün öncə Cəbrayılı yuxuda gördüyünü bildirib:

“Şuşaya getməmişdən bir gün öncə Cəbrayılı yuxuda gördüm. Gördüm ki, Xüsusi Təyinatlı uşaqlarla durmuşdular. O uşaqlarla görüşüb ağlayanda Cəbrayıl gəldi və əlimdə 120 manat pul var idi, onun 100 manatını məndən alıb dedi ki, “bura soyuqdur, üşüyürük, qalın geyinmək lazımdır”. Yəqin ki, nəsə alacaqdı. Bu yuxunu necə görmüşdümsə, Şuşada uşaqları elə görüb ağladım. Onların bir barmağı kəsilsə, canım yanar, çünki övlad acısı nədir onu bilirəm. Allah əsgərlərimizi, qazilərimiz, yaxşı qeyrətli oğullarımızı qorusun. Allah erməniyə lənət eləsin”.

Facebook Comments