NATO ABŞ-ın Hörmüz boğazı ilə bağlı planına qoşulmayacaq

NATO ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında İranın blokada planına qoşulmayacaq. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə bu gün ABŞ-ın NATO-dakı müttəfiqləri bildirib. Məlumata görə, bu qərar alyans daxilində onsuz da kövrək olan gərginliyi daha da artıracaq. (“Reuters“)

ABŞ-ın Hörmüzdə İrana qarşı blokadası qüvvəyə mindi

ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Vurğulanıb ki, bundan sonra İran limanlarına gedən və ya limanlardan çıxan bütün gəmilər ABŞ-ın hərbi blokadası ilə üzləşəcək. Bildirilib ki, İrana məxsus olmayan gəmilərin keçidinə icazə veriləcək. Qeyd edək ki, aprelin 11-də ABŞ və İran nümayəndələri arasında İslamabadda danışıqlar keçirilib və nəticəsiz başa çatıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp Hörmüzün blokadasına başlandığını açıqlayıb.

Bu İran gəmiləri məhv ediləcək - Trampdan xəbərdarlıq

İran gəmiləri Hörmüz boğazında blokadanı yarmağa çalışsalar, dərhal məhv ediləcəklər. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından keçidlə bağlı tətbiq edilən blokadadan danışarkən deyib. İranın 158 gəmidən ibarət hərbi donanmasının məhv edildiyini bildirən Tramp, sürətli qayıqlarla bağı da xəbərdarlıq edib: “Bu gəmilərdən hər hansı biri blokadamızı yarmağa çalışsa, dərhal məhv ediləcək”. Qeyd edək ki, ABŞ-ın bir az əvvəl ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib.

Macarıstan qayıdır!

Peter Magyarın partiyası konstitusion çoxluq qazanıb və bu, konstitusiya islahatlarını həyata keçirməyə imkan verəcək. Bu seçkilərdə Orbanı Trump, Putin, Robert Fitso, Vuçiç, Navrotski, Netanyahu və Çin açıq şəkildə dəstəkləyirdi və yaşanan məğlubiyyət həm də onların məğlubiyyətidir. Trampın dəstəyi yenə də əks effekt verdi. Orbanın Rusiyanın tövsiyəsi ilə seçki kampaniyasının mərkəzinə Ukrayna və Zelenski mövzusunu qoyması uğursuz oldu. Orban və xarici işlər naziri üçün cinayət işlərinin başlanması gözlənilir. Magyar iki əsas bəyanat verib: Macarıstan yenidən Aİ və NATO daxilində güclü müttəfiq olacaq. Ölkə öz maraqlarını müdafiə edən güclü tərəfdaş kimi çıxış edəcək, çünki Macarıstanın yeri Avropadadır. O bildirib ki, baş nazir kimi ilk səfəri Varşavaya, sonra Vyanaya, daha sonra isə Brüsselə olacaq. Həmçinin Macarıstanın Avropa Prokurorluğuna(European Public Prosecutor's Office) qoşulacağını və bunun Aİ fondlarından 17 milyard avrodan çox vəsaitin açılması üçün mühüm addım olacağını vəd edib. Kamran Cəfərov, politoloq

Bazar günü keçirilən imtahan: DİM nəticələrin açıqlanma tarixini dedi

2026-cı il aprelin 12-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları elan edilib. Sozcu.az xəbər verir ki, yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 6 həftədən sonra elan olunması nəzərdə tutulur.

Hava dəyişir: Bakıya yağış, bölgələrə qar yağacaq

Azərbaycanda aprelin 14-də havanın bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı ehtimalı var. Axşama doğru tədircən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-19° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Peter Macar Viktor Orban hökumətindən istefa tələb etdi: “Özünüz gedin!”

Müxalifətdə olan “Tisa” partiyasının lideri Peter Macar 12 aprel tarixində Macarıstanda keçirilən parlament seçkilərində konstitusiya çoxluğu ilə qalib gəldikdən sonra geniş çıxış edib və yeni hakimiyyətin ilk addımlarını açıqlayıb. Sozcu.az xəbər verir ki, Peter Macar baş nazir Viktor Orbanın dərhal könüllü şəkildə istefa verməsini və onun səlahiyyətlərini icra edən baş nazir statusuna keçməsini tələb edib, həmçinin qaliblərin əl-qolunu “bağlayacaq” qərarlar verməkdən çəkinməyə çağırıb. O, həmçinin prezident Tamaş Şuyokdan “Tisa”ya hökuməti formalaşdırmaq tapşırığını verməsini və daha sonra vəzifədən getməsini istəyib. Bundan əlavə, Macar Orbanın dövlət strukturlarındakı bütün təyin etdiyi şəxslərin – Ali Məhkəmə sədrinin, baş prokurorun, media tənzimləyici qurumun və antiinhisar orqanının rəhbərlərinin də istefa verməsini tələb edib. “Özünüz gedin. Bizi sizi vəzifədən uzaqlaşdırmağa məcbur etməyin!”, – deyə o bildirib. Yeni parlamentin işə başlamasından sonra Peter Macar səlahiyyətlər və balans sistemini bərpa edəcəyini, institutların müstəqilliyini qaytaracağını və Avropa Prokurorluğuna qoşulacağını vəd edib. Onun sözlərinə görə, Macarıstan yenidən Avropa İttifaqı və NATO-da etibarlı tərəfdaşa çevriləcək. O, ilk xarici səfərlərini Varşava, Vyana və Brüsselə etməyi planlaşdırır - bu səfərlər Orban dövründə dondurulan Avropa maliyyələşməsinin bərpasına da yönələcək. Polşa baş naziri Donald Tusk artıq Peter Macarı  qələbə münasibətilə təbrik edib. “Tisa”nın qələbəsi fonunda macar jurnalistlər xarici işlər naziri Peter Siyartonun ictimai görünüşdən itməsinə diqqət çəkiblər - o, Orbanın məğlubiyyəti etiraf etdiyi anda yanında görünməyib və 16 saatdan çox sosial şəbəkələrdə susqunluq saxlayıb. Siyarto Rusiya xarici işlər naziri Sergey Lavrovla mümkün əlaqələri və Aİ sammitlərindən Moskvaya məxfi məlumat ötürməsi iddiaları ilə bağlı yayılan xəbərlərdən sonra qalmaqalın mərkəzində olub.

Hesablama Palatası: Qurumlarda daxili nəzarət zəifdir, boşluqlar var

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat müzakirə olunub. Sozcu.az-ın məlumatına görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, dövlət qurumlarında daxili nəzarət zəifdir, tikinti və satınalmalarda boşluqlar var.    Onun sözlərinə görə, aparılan nəzarət tədbirlərinin nəticələri dövlət qurumlarında bir sıra sistemli problemlərin və əsas risklərin mövcudluğunu göstərir. Palata sədri bildirib ki, əsas problemlərdən biri qurumlarda daxili nəzarət mühitinin və daxili audit mexanizmlərinin ya zəif olması, ya da ümumiyyətlə işləməməsidir. Onun sözlərinə görə, bəzi hallarda isə nəzarət sisteminin ayrı-ayrı elementləri kifayət qədər effektiv fəaliyyət göstərmir. Vüqar Gülməmmədov vurğulayıb ki, daxili nəzarət kənar dövlət maliyyə nəzarəti üçün ilkin və əsas element hesab olunur. O qeyd edib ki, tikinti sahəsində görülən işlərin dəyərinin hesablanması metodologiyasında boşluqlar qalmaqdadır və bu məsələ uzunmüddətli problemlərdən biri kimi aktuallığını saxlayır. Bununla yanaşı, tikintisi başa çatmış və istifadəyə hazır olan obyektlərin istismara qəbulunda gecikmələr müşahidə olunur. Palata sədrinin sözlərinə görə, dövlət sektorunda əməyin ödənişi sahəsində qurumlararası disproporsiyalar da mövcuddur. Eyni zamanda, bəzi sahələr üzrə xərc normalarının olmaması və ya yenilənməməsi büdcə vəsaitlərinin səmərəsiz istifadəsinə və təyinatının dəyişdirilməsinə şərait yaradır. Vüqar Gülməmmədov bildirib ki, bir mənbədən satınalma üsulu bəzi hallarda vaxta qənaət etsə də, ehtimal olunan qiymətin hesablanmaması son nəticədə vəsaitlərin artıq xərclənməsi riskini artırır. O əlavə edib ki, nəticə əsaslı dövlət sifarişi münasibətlərinin tam formalaşmaması da problemlər sırasındadır. Bu isə dövlət vəsaitlərinin nəticəyə yönəlmədən xərclənməsinə gətirib çıxarır. Palata sədri həmçinin qeyd edib ki, bəzi hallarda hüquqi aktların tələblərinə əməl olunmur, aktiv və öhdəliklərin inventarizasiyası ya ümumiyyətlə aparılmır, ya da müəyyən edilmiş müddətlərə riayət edilmir. Bundan başqa, konsolidə edilmiş maliyyə hesabatlarının tərtibi zamanı müxtəlif qurumlar tərəfindən fərqli beynəlxalq standartların tətbiq edildiyi, bəzi qurumların isə yeni mühasibat uçotu standartlarına tam keçmədiyi diqqətə çatdırılıb. Vüqar Gülməmmədov sonda bildirib ki, mövcud hüquqi tənzimləmələrə baxmayaraq, fəaliyyətin qiymətləndirilməsi metodologiyası, gəlir və xərc nəticələrinin təhlili kimi mexanizmlər praktikada yetərincə tətbiq olunmur.

Satınalmaların 30%-i icra olunmur, daxili nəzarət zəifdir - İRAD

Satınalmaların 30%-i icra olunmur, daxili nəzarət zəifdir. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatında Palatanın sədri Vüqar Gülməmmədov deyib.    Onun sözlərinə görə, 2025-ci ildə dövlət satınalmalarının vaxtında keçirilməsində ciddi problemlər müşahidə olunub. Satınalmalar rüblər üzrə qeyri-bərabər paylanıb və əsas cəmləşmə ilin sonuna təsadüf edib. “Satınalmaların 60%-i ilin birinci yarısında, 31,2%-i isə dördüncü rübdə həyata keçirilib”, – deyə Palata sədri bildirib. O qeyd edib ki, müsabiqə əsaslı satınalma aparmış 1430 təşkilatın 913-də (64%) bu proses yalnız ikinci rübdən başlayıb. Təxminən 130 təşkilat ilk satınalmanı iyun ayında, 70-dən çox təşkilat isə sentyabrda həyata keçirib. Vüqar Gülməmmədov əlavə edib ki, qurumların təqdim etdiyi ilkin məlumatların təhlili göstərir ki, hesabat ilində bağlanmış müqavilələrin təxminən 30%-i tam icra olunmayıb. Palata sədri satınalmaların nəticələrinin qiymətləndirilməsi sahəsində də ciddi çatışmazlıqların olduğunu vurğulayıb. Onun sözlərinə görə, demək olar ki, heç bir təşkilat bu istiqamətdə sistemli fəaliyyət göstərmir. Bundan başqa, nəzarət tədbirləri göstərib ki, qurumların cəmi təxminən 10%-ində daxili nəzarət sistemi etibarlı və səmərəli hesab oluna bilər. Bununla yanaşı, Vüqar Gülməmmədov son illərdə dövlət satınalmaları sahəsində şəffaflığın artırılması və izlənəbilirliliyin gücləndirilməsi istiqamətində müəyyən islahatların həyata keçirildiyini də qeyd edib.

Satınalmalarda şübhəli məqamlar aşkarlanıb - HESABAT

Satınalmaların yarıdan çoxu bir mənbədən həyata keçirilib. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatında Palatanın sədri Vüqar Gülməmmədov deyib.    Vüqar Gülməmmədov bildirib ki, 2025-ci ildə keçirilmiş nəzarət tədbirləri çərçivəsində 3560 satınalma (3,8 milyard manatlıq) araşdırılıb və 32 auditdə qanunvericiliyin pozulması halları aşkarlanıb. Onun sözlərinə görə, satınalmaların yarıdan çoxu – 2119-u (təxminən 2 milyard manatlıq hissə) müsabiqəsiz, yəni bir mənbədən satınalma üsulu ilə həyata keçirilib. Palata sədri əlavə edib ki, 13 qurumda 30 halda müqavilələrdən artıq xərclərə yol verilib. O vurğulayıb ki, satınalma müqavilələrində qiymət dəyişiklikləri ilə bağlı pozuntular ümumi halların təxminən üçdə birini təşkil edir və bu, risklərin mövcudluğunu göstərir.

Büdcə idarəetməsində nöqsanlar aşkarlanıb

2025-ci ildə 36 auditdə büdcə idarəetməsində nöqsanlar aşkarlanıb. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatında Palatanın sədri Vüqar Gülməmmədov deyib.    Onun sözlərinə görə, 2025-ci ilin iş planına uyğun keçirilmiş 36 audit və analitik fəaliyyət zamanı büdcə vəsaitlərinin idarə edilməsində müxtəlif nöqsanlar müəyyən edilib. Bu nöqsanlar əsasən gəlir və xərc planlarının proqnozlaşdırılması, vəsaitlərin icrası, əməyin ödənişi və xərclər üzrə normativ və prosedurlara əməl olunmaması ilə bağlı olub. Palata sədri bildirib ki, dövlət vəsaitlərinin planlaşdırılması və icrası prosesinin müxtəlif mərhələlərində problemlər qalmaqdadır. O qeyd edib ki, bəzi təşkilatların proqnozlaşdırma prosesinə lazımi diqqət ayırmaması icra faizinin aşağı olmasına, vəsaitlərin təyinatının dəyişdirilməsinə və bəzi hallarda kassa icrası göstəricilərinin təhrifinə səbəb olur. Bununla yanaşı, əvvəlki illərlə müqayisədə xəzinədənkənar qalıqların azalması müsbət hal kimi qiymətləndirilib.

Yoxlamalar zamanı 299,1 milyon manat pozuntu üzə çıxarılıb - Palata

Hesablama Palatası 2025-ci ildə Azərbaycanda büdcə icrası və layihəsi üzrə 299,1 milyon manatlıq uyğunsuzluq aşkarlayıb. Sozcu.az xəbər verir ki, bu barədə "Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat"da bildirilir. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir. Hesabat əsasən, 2024-cü ilin dövlət büdcəsinin icrasına rəy üzrə uyğunsuzluqlar arasında dövlət büdcəsi gəlirlərinin iki uçotu üzrə fərq 6,8 milyon manat təşkil edib. Xərclərin funksional təsnifatında uyğunsuzluqlar 290 milyon manat, tanınmayan gəlirlər isə 2,4 milyon manat olub. Eyni zamanda, ləğv edilmiş hüquqi aktlara görə tutulmuş dövlət rüsumlarının məbləği 5,3 milyon manat göstərilib, bölgüsü aparılmamış xərclərin təyinatı üzrə istifadə edilməməsi və ya uyğun olmayan istiqamətlərə yönəldilməsi isə 45 milyon manat təşkil edib. 2026-cı ilin dövlət büdcəsinin layihəsinə rəy üzrə hesablamalarda da uyğunsuzluqlar müəyyən edilib. Belə ki, xərclərin VBT-yə uyğun nəzərdə tutulmaması ilə bağlı uyğunsuzluqlar 236,3 milyon manat olub. Bundan əlavə, layihəyə təsir edən uyğunsuzluq məbləği 160,4 milyon manat təşkil edib. İqtisadi təsnifat üzrə icmal büdcə xərclərində uçota alınan ümumi uyğunsuzluq məbləği isə 299,1 milyon manat göstərilib. Hesabata əsasən, büdcə prosesi üzrə ümumilikdə 136 tövsiyə verilib. Onlardan 60-ı 2024-cü ilin dövlət büdcəsinin icrasına rəy, 7-si Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrasına rəy, 38-i 2026-cı ilin dövlət büdcəsinin layihəsinə rəy, 11-i İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsinin layihəsinə rəy, 12-si DSMF-nin 2026-cı il büdcəsinin layihəsinə rəy, 8-i isə Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin layihəsinə rəy üzrə təqdim edilib.

Pezeşkian ABŞ ilə razılqda ŞƏRTLƏRİNİ AÇIQLADI

"Əgər Vaşinqton beynəlxalq normalara riayət edərsə və Tehranın qırmızı xətlərini nəzərə alsa, İran ABŞ ilə ədalətli bir razılığa gələ biləcək". Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Məsud Pezeşkian deyib. O, bildirib ki, bizim qırmızı xəttimiz İran xalqının milli maraqları və hüquqlarıdır: "İran regionda sülhü və davamlı təhlükəsizliyi təmin edəcək balanslı və ədalətli bir razılığa gəlməyə tam hazırdır".

Nigeriyada bazara zərbə endirildi: 200 nəfər öldü

Nigeriya hərbçilərinin ölkənin şimal-şərqindəki Yobe ştatında bazara endirdiyi aviazərbə nəticəsində ən azı 200 nəfər həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb. Qeyd olunur ki, zərbə "Boko Haram" terror qruplaşmasının yaraqlılarının yerləşdiyi Cilli kəndindəki bazara endirilib.

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

ABŞ İranla danışıqlardan sonra Hörmüz boğazında blokada tətbiq etməyə hazırlaşır, lakin Böyük Britaniya bu əməliyyata qoşulmayacaq. Bu barədə "Sky News" məlumat yayıb.

KİV: İran uranın zənginləşdirilməsini dayandırmaqdan imtina edib

İran ABŞ-la danışıqlarda uranın zənginləşdirilməsini dayandırmaq tələbini qəbul etməyib. Bu barədə "Reuters" məlumat yayıb. Məlumata görə, Tehran həmçinin Hörmüz boğazını tam açmaqdan və regiondakı müttəfiq qüvvələrə dəstəyi dayandırmaqdan imtina edib.

ABŞ Prezidenti: İranı bir günə məhv edə bilərdim

ABŞ İranı bir gün ərzində tam məhv edə bilər. Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”-a müsahibəsində bildirib. “İranı bir günə məhv edə bilərdim. Bir saat ərzində onların bütün enerji sistemini - hər şeyi, bütün elektrik stansiyalarını sıradan çıxara bilərdim. Ancaq bu, çox ciddi məsələdir”, — deyə Donald Tramp vurğulayıb.

ABŞ Hörmüz boğazının minalardan təmizlənməsinə başlayır

ABŞ hərbi qüvvələri Hörmüz boğazının minalardan təmizlənməsinə hazırlıq işlərinə başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Bildirilib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Frank E. Peterson" və "USS Michael Murphy" esminesləri Hörmüz boğazından keçərək Fars körfəzində əməliyyata başlayıb. Qeyd olunub ki, bu addım boğazın minalardan tam təmizlənməsinə yönəlmiş genişmiqyaslı missiyanın tərkib hissəsidir.

Vətən müharibəsi qazisi gənc yaşda vəfat etdi - FOTO

44 günlük Vətən müharibəsinin qazisi Ülvi Xasayzadə gənc yaşında vəfat edib. Bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.  Qazinin ölüm səbəbi açıqlanmayıb.  Aprelin 16-da onun 27 yaşı tamam olacaqdı. Qeyd edək ki, 1999-cu il təvəllüdlü Xasayzadə Ülvi Əlisəfa oğlu əslən Qubadlının Dəmirçilər kəndindəndir. O, Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib, qəhrəmanlıq, igidlik və şücaət göstərib.  Prezident İlham Əliyevin sərəncamları ilə "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. Ü Xasayzadə evin tək övladı və subay idi. Allah rəhmət eləsin!

Bakıda bəzi evlər çökə bilər - QORXULU XƏBƏRDARLIQ

Son illər Bakının müxtəlif ərazilərində təbii su hövzələrinin doldurulması və həmin sahələrin tikinti məqsədilə satılması faktları tez-tez gündəmə gəlir. Bu proses təkcə ekoloji mühit üçün deyil, həm də gələcəkdə həmin ərazilərdə yaşayan insanlar üçün ciddi risklər yaradır. Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verən son hadisə bu problemin nə qədər aktual və təhlükəli olduğunu bir daha göstərir. Məlumata görə, Maştağa qəsəbəsinin "Sovxoz Ramana" adlanan ərazisində yerləşən su hövzəsinin bir hissəsinin qanunsuz şəkildə doldurulması faktı aşkar edilib. Araşdırmalar zamanı müəyyən olunub ki, əsasən gecə saatlarında daşınan bərk və qarışıq süxur tullantıları vasitəsilə su hövzəsinin 0,34 hektarlıq hissəsi doldurulub və bununla da akvatoriya süni şəkildə kiçildilib. Məsələ ilə bağlı araşdırma aparılıb və fakt hüquqi qiymət verilməsi üçün aidiyyəti qurumlara təqdim olunub. Lakin məsələ təkcə bir gölün doldurulması ilə məhdudlaşmır. Şəhərin müxtəlif yerlərində analoji halların baş verdiyi barədə məlumatlar var. Bir sıra ərazilərdə göllərin və bataqlıqların doldurulması nəticəsində torpaq sahələri formalaşdırılır və sonradan həmin sahələr fərdi yaşayış evlərinin tikintisi üçün satılır. Qısa müddətdə əldə edilən bu qazanc uzunmüddətli ekoloji və sosial problemlərin yaranmasına səbəb olur. Sozcu.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir: Eyni ərazidə iki icraedici qurum problemi Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Azadov bildirir ki, ölkədə su hövzələri ilə bağlı torpaq istifadəsi məsələlərində ciddi problemlər mövcuddur. Onun sözlərinə görə, bəzi ərazilər təbii xüsusiyyətlərinə görə qorunma zonasına daxildir və bu yerlərdə torpaqdan istifadə xüsusi qaydalarla tənzimlənməlidir. Lakin praktiki vəziyyət göstərir ki, müəyyən ərazilərdə vaxtaşırı qrunt sularının toplanması nəticəsində kiçik bataqlıqlar formalaşır, sonradan isə həmin sahələr qurudularaq torpaq kimi satışa çıxarılır. Ekspert qeyd edir ki, bu cür hallara xüsusilə bələdiyyə torpaqlarında tez-tez rast gəlinir. Bununla belə, məsuliyyətin konkret olaraq hansı qurumun üzərinə düşməsi məsələsi çox zaman açıq qalır. Ekspertin fikrincə, torpaq sahəsinin ilkin satışını həyata keçirən qurum bu prosesdə əsas məsuliyyət daşımalıdır: "Azərbaycan Respublikasının hüquqi-normativ sənədlərində qərarların yerli icra hakimiyyəti orqanları tərəfindən verilməsi nəzərdə tutulur. Lakin reallıqda ərazilərdə iki icraedici struktur - həm icra hakimiyyətləri, həm də bələdiyyələr fəaliyyət göstərir. Formal olaraq əsas icraedici qurum kimi yerli icra hakimiyyətləri qəbul edilir. Cəmiyyət isə bələdiyyələri əsasən torpaq satan qurum kimi tanıyır". E.Azadovun fikrincə, mövcud problemlərin əsas səbəblərindən biri eyni ərazidə iki icraedici strukturun fəaliyyət göstərməsidir. Bu, səlahiyyətlərin bölüşdürülməsində qeyri-müəyyənlik yaradır. Bələdiyyə sərhədlərinin müəyyənləşdirilməsi gecikir Ekspert xatırladır ki, hələ 2020-ci ildə bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı tapşırıq verilib. Lakin aradan 5-6 il keçməsinə baxmayaraq, bu istiqamətdə işlərin cəmi 30-40 faizi tamamlanıb və proses hələ 50 faiz həddinə belə çatmayıb. Müsahibimizin fikrincə, sərhədlər tam müəyyən edildikdən sonra həmin torpaqlara rəsmi çıxarış verilməli, onların satışı və icarəsi ilə bağlı aydın və şəffaf strategiyalar hazırlanmalıdır. Əks halda, qanunvericilikdəki boşluqlar və səlahiyyət bölgüsündəki qeyri-müəyyənliklər torpaq idarəçiliyində problemlərin davam etməsinə səbəb olacaq. Dövlət qeydiyyatı olmayan əmlak satıla bilməz Məsələnin hüquqi tərəfini şərh edən hüquqşünas Ruslan Vəliyev deyir ki, bu kimi hallar hüquqi baxımdan dələduzluq kimi qiymətləndirilir. Qanunvericiliyə əsasən, belə əmlakların satışı mümkün deyil. Çünki hər hansı daşınmaz əmlakın alqı-satqısı üçün həmin əmlakın əvvəlcə dövlət qeydiyyatına alınması və rəsmi çıxarışının olması tələb olunur. Hüquqşünas izah edir ki, əgər torpaq sahəsi su mühafizə zonasına düşürsə və ya tikinti üçün yararlı hesab edilmirsə, həmin ərazi üzrə dövlət qeydiyyatından imtina edilir. Bu halda torpaq sahəsi yaşayış və ya tikinti məqsədilə satıla bilməz. Hüquqşünas həmçinin bildirir ki, gölləri və ya su hövzələrini dolduraraq torpaq kimi satan şəxslər qanun qarşısında məsuliyyət daşıyırlar. Hər hansı su hövzəsini torpaqla doldurmaq həmin ərazi üzərində mülkiyyət hüququ yaratmır. Vizual qərarlar çökmə riskini artırır Memar Cahid Həsənov isə hesab edir ki, göllərin və bataqlıq ərazilərin doldurularaq istifadə edilməsi məsələsinə birtərəfli yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, dünya təcrübəsində uzun illər mövcud olmuş gölməçələrin və su hövzələrinin qurudulması, həmin ərazilərdə torpaqlaşma və möhkəmləndirmə işlərinin aparılması müasir texnologiyalar vasitəsilə mümkündür. Mütəxəssis qeyd edir ki, bu gün dünyada dənizin ortasında belə iri tikililərin inşa olunduğu layihələr mövcuddur. Lakin əsas məsələ həmin ərazinin texniki və geoloji baxımdan düzgün qiymətləndirilməsidir. Hər hansı su hövzəsinin doldurulmasından sonra həmin əraziyə yenidən suyun dolub-dolmaması, yeraltı suların vəziyyəti, torpağın dayanıqlığı və digər geoloji xüsusiyyətlər xüsusi analizlər və laboratoriya tədqiqatları əsasında araşdırılmalıdır. C.Həsənov vurğulayır ki, əgər bu proseslər yalnız vizual müşahidələrə əsaslanaraq həyata keçirilirsə, həmin ərazilərdə keyfiyyətli və təhlükəsiz tikintidən danışmaq mümkün deyil. Belə hallarda iqlim şəraiti, yeraltı suların hərəkəti və torpaq qatlarının xüsusiyyətləri nəzərə alınmadıqda, müəyyən müddətdən sonra ərazidə çökmə riski yaranır. Bu isə təkcə tikinti aparılan binalar üçün deyil, ümumilikdə həmin sahənin dayanıqlığı üçün ciddi təhlükə yarada bilər.

Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə

İsrail və Livan hökumətləri uzun illər davam edən gərginlikdən sonra ilk dəfə səfirlər səviyyəsində birbaşa danışıqlara hazırlaşır. Sozcu.az-ın “Al Hadath”a istinadən yaydığı məlumata görə, görüş aprelin 14-də Vaşinqtonda keçiriləcək. Bildirilir ki, danışıqlarda İsraili bu ölkənin ABŞ-dəki səfiri Yexiel Leyter, Livanı isə səfir Nada Hamade Moavad təmsil edəcək. Məlumata əsasən, rəsmi Vaşinqton görüş baş tutana qədər Livanın paytaxtı Beyrutun hərbi hücumlardan qorunması ilə bağlı xüsusi təhlükəsizlik zəmanəti verib. Bu diplomatik təşəbbüsün məqsədi bölgədə atəşkəsi möhkəmləndirmək və davamlı sülhə nail olmaqdır. Danışıqlar zamanı İsrail qoşunlarının Livanın cənubundan çıxarılması, “Hizbullah”ın tərksilah edilməsi, sərhəd mübahisələrinin həlli və məhbusların azad olunması kimi əsas məsələlərin müzakirəsi planlaşdırılır. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 7-də İranla iki həftəlik müvəqqəti atəşkəs elan etsə də, İsrail Livanın cənubunda “Hizbullah”a qarşı əməliyyatlarını davam etdirib. Hazırda Vaşinqton və Beyrut rəsmiləri İsrailin Baş naziri Benyamin Netanyahudan birbaşa danışıqlar başlayana qədər hücumların müvəqqəti dayandırılmasını istəyiblər. Qeyd edək ki, bu gün Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında da birbaşa görüş keçirilib.

İran-ABŞ danışıqları: Müzakirələr axşam da davam edir

ABŞ, İran və Pakistan nümayəndə heyətlərinin danışıqları bu axşam İslamabadda davam edib. Sozcu.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı Ağ Evin yüksək vəzifəli nümayəndəsinə istinadən xəbər yayıb. Qeyd olunub ki, təmaslar dar tərkibdə davam edib. Daha əvvəl IRIB məlumatlı mənbəyə istinadən ABŞ nümayəndə heyətinin İslamabaddakı danışıqlar zamanı həddən artıq tələblər irəli sürdüyünü bildirmişdi. *** 21:27 ABŞ və İran rəsmiləri Pakistanın paytaxtı İslamabadda atəşkəs danışıqları aparmağa hazırlaşır. Sozcu.az xəbər verir ki, bu barədə “Al-Jazeera” məlumat yayıb. Bildirilib ki, bu görüşlər 1979-cu il İslam inqilabından bəri iki ölkə arasında ən yüksək səviyyəli təmaslardan biridir. Məlumata görə, ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens danışıqlar ərəfəsində Pakistanın Baş naziri Şahbaz Şəriflə görüş keçirib. İran nümayəndə heyətinə isə parlament sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi daxildir. Pakistan rəsmiləri bildirir ki, ölkə Yaxın Şərqdə artıq altı həftədir davam edən müharibənin dayandırılması üçün ABŞ və İran arasında birbaşa danışıqlara vasitəçilik etməyə çalışır. *** 19:30 İslamabadda İran və ABŞ arasında keçirilən danışıqlar bəzi məsələlər üzrə ümumi müzakirə mərhələsini geridə qoyaraq texniki detallara keçib. Sozcu.az “Tasnim” Agentliyinə istinadən xəbər verir ki, eyni zamanda, danışıqların bir gün uzadılması ehtimalı ilə bağlı müzakirələr aparılır, lakin bu hələ təsdiqlənməyib. İlkin görüşlər və məsləhətləşmələrdən sonra İran və ABŞ nümayəndə heyətləri arasında dialoq artıq bəzi ümumi mövzuları keçərək konkret detallara və texniki müzakirələrə daxil olub. Buna uyğun olaraq, hər iki tərəfin ekspertləri müəyyən məsələlərin detallı aspektlərini araşdırır. Danışıqlar ilkin olaraq bir günlük sessiya kimi planlaşdırılsa da, ekspert səviyyəli müzakirələrin davam etdirilməsi üçün onların əlavə bir gün uzadılması ehtimalı mövcuddur. Lakin bu məsələ hələ yekunlaşdırılmayıb. *** 18:14 İran-ABŞ danışıqları İslamabadda başlayıb. Sozcu.az xəbər verir ki, barədə "Tasnim" məlumat yayıb. Qeyd edilib ki, Pakistanın vasitəçiliyi ilə baş tutan danışıqlar zamanı müzakirə edilən mövzular arasında Livanda atəşkəsin təmin edilməsinə İsrailin məcbur edilməsi, ABŞ-ın İranın aktivlərinin azad etməsi kimi məsələlər də daxildir.

Atəşkəs pozuldu: Bu şəhərlərə zərbələr endirilir - KİV

İranın paytaxtı Tehrana hava hücumu həyata keçirilir. Sozcu.az xəbər verir ki, bu barədə “Nournyus” nəşri məlumat yayıb. Məlumata görə, Tehranda hava hücumundan müdafiə sistemləri işə düşüb. Hava hücumundan müdafiə sistemlərinin səsləri Tehranın mərkəzi və qərb rayonlarında eşidilir. Sistemin işə düşməsinin səbəbi açıqlanmayıb. “Mehr” agentliyi də 12 saatlıq atəşkəs rejiminin pozulduğunu, Tehran və Kərəcə hava zərbələri endirildiyini bildirib. Bundan əlavə, İsfahan və Əhvaz üzərində də qırıcı təyyarələrin uçuşlar həyata keçirdiyi qeyd edilib.

Tramp: “Yayılan məlumatlara inanmayın, hər şey nəzarət altındadır”

ABŞ Prezidenti Donald Tramp mediada ABŞ–İran danışıqları ilə bağlı məlumatları tənqid edib və vəziyyətin nəzarət altında olduğunu bildirib. Sozcu.az xəbər verir ki, Tramp bu barədə açıqlamasında qeyd edib ki, guya danışıqlarla bağlı yayılan müxtəlif razılaşma, siyahı və məktublar prosesə heç bir aidiyyəti olmayan şəxslər tərəfindən hazırlanır. Onun sözlərinə görə, bu cür məlumatları yayanlar “fırıldaqçılar, şarlatanlar və daha pisləridir” və aparılan federal araşdırma başa çatdıqdan sonra onların ifşa olunacağı gözlənilir. Tramp vurğulayıb ki, ABŞ üçün qəbul edilə bilən yalnız bir sıra əsas şərtlər mövcuddur və bu məsələlər danışıqlar çərçivəsində bağlı qapılar arxasında müzakirə olunur. O, əlavə edib ki, həmin şərtlər atəşkəs razılaşmasının əsasını təşkil edir və kifayət qədər məntiqli olduğu üçün asanlıqla həll edilə bilər. Prezident, həmçinin CNN telekanalını da tənqid edərək bildirib ki, kanal etibarsız mənbəyə istinadla məlumatlar yayır.