Şeyximiz “şir” dedikləri məxluqatın quyruğunda sürünən cahil mollaların cavabını niyə vermir?..

“Azərbaycan raketlərlə bağlı İrana da müraciət etmişdi, amma rəsmi Tehran “Şahab” raketlərini Bakıya satmaqdan imtina etdi…”

Qafan-Gorus yolunun Azərbaycan ərazisindən keçən hissəsində İran yük maşınlarının Qarabağa yük daşımalarının qarşısının alınmasına, onlardan qanuni gömrük rüsumunun götürülməsinə və s. SEPAH qüvvələri Arazın o tayında nizami təlim keçirməklə cavab verib.
Təlim ilə bağlı SEPAH tərəfindən hərbi silahlar və zirehli texnikanın daşınması davam edir.
Hərbi təchizatlar arasında İran istehsalı olan “Tufan” zirehli hərbi maşını da gözə dəyib. Hal-hazırda İrana məxsus PUA-lar və döyüş helikopterləri Xudafərin körpüsü istiqamətində olan sərhəddə uçuşlar həyata keçirir.
İran hərbi qüvvələri bütün hərbi texnikaların üzərinə ali dini lider Ayətullah Xameneyinin “İsrail növbəti 25 ili görməyəcək” yazılı bannerlərini asıblar. Təlimlər Horadizin paralelində yerləşən Aslandüzdən İran Culfasınadək əraziləri əhatə edir…

Xəbər verdiyimiz kimi, belə bir məqamda Ərdəbil imamcüməsi ayətullah Seyid Həsən Amuli öz cümə xütbəsində Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb…

Amuli xütbəsində Azərbaycana dəstək verən Türkiyə və Pakistanı da hədələyib, Bakıda keçirilən “Üç qardaş-2021” təlimlərini İranı təhdid etmək kimi dəyərləndirib: “Dövlətimizdən xahiş edirəm, əmr versin, SEPAH öz gücünü göstərsin”…

Bunlar Amuli ağanın Azərbaycana, Türk dünyasına qarşı birinci hücumu deyil. O, ilk dəfə deyil ki, Azərbaycan xalqını, 30 milyonluq İran azərbaycanlılarını təhqir edir. Təhlillərimizdən belə nəticəyə gəlirik ki, Azərbaycan xalqına düşmən gözü ilə baxan Amuli səviyyəsiz birisidir. Amuli Mirzə Cəlilin yaradıcılığında qırmızı xətlə keçən nadan, cahil mollaların ümumiləşmiş obrazıdır. Onun dedikləri din adamının davranışına uyğun deyil, din pərdəsi altında maskalanmış şarlatanın fikirləridir… Bunlar da sübut edir ki, Amuli əslində özü “şir” dediyi məxluqatın quyruğunda sürünən cahil bir molladır…

Amili Azərbaycanı İsraildən pul almaqda ittiham edir. Halbuki Azərbaycan özü kimə lazımdırsa, pul verən ölkədir. Məlumdur ki, Azərbaycan raketlərlə bağlı İrana da müraciət etmişdi, amma rəsmi Tehran “Şahab” raketlərini Bakıya satmaqdan imtina etdi. İsrail isə Azərbayacana “Lora” raketlərini satdı. Və biz düşmən hədəflərini – “İsgəndər”ləri, “Toçka-U”ları onlarla da zərərsizləşdirdik…

Görəsən bizim ruhanilər Amuli kimi şarlatanların tərbiyəsizliyinə, ləyaqətsizliyinə niyə cavab vermirlər? Şeyxülislam Allahşükür Paşazadə nə vaxt ayağa qalxıb İrandan gələn bu tərbiyəsizliyə dirəniş göstərməyə başlayacaq?

Amuli həm də təmsil etdiyi ərdəbilliləri, oradakı milyonlarla soydaşımızı təhqir edir. Odur ki, Güney Azərbaycandakı soydaşlarımız da buna dözməməli və bu işğalçı Ermənistanın dəyirmanına su tökən bu mənfur çıxışlara kəskin cavab verməlidir…Moderator.az

Facebook Comments