Urmu gölündə son 3 ilin ən pis göstəriciləri qeydə alınıb

Qurumaqda olan Urmu gölü ilə bağlı son məlumat açıqlanıb.

Bu barədə sentyabrın 18-də İranın Energtika Nazirliyi məlumat yayıb.

Məlumata görə göl son 3 ildə ən acınacaqlı durumunu yaşayır. Suyun səviyyəsi və gölün sahəsi azalıb.

Göldə suyun səviyyəsi 1270.66 metrdir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 66 sm azdır.

Gölün sahəsi isə ötən ilin eyni dövrü ilə müqayisədə 1546 kvadrat kilometr daha zalaraq 1992 kvadrat kilometrə çatıb.

Urmu gölündə hazırda mövcud olan su həcmi 2.76 milyard kubmetrdir. Bu ötən illə müqayisədə 2.2 milyard kubmetr azalma deməkdir.

Qeyd edək ki, bir neçə gün bundan öncə İslami Şura Məclisinin Milli Təhlükəsizlik Komissiyasının başçısı Vəhid Cəlalzadə Urmu gölü ilə bağlı İran prezidenti İbrahim Rəisiyə məktub ünvanlayıb.

Urmuli millət vəkili məktubunda bildirib ki, gölün quruması nəticəsində meydana gələn milyonlarla ton duzdan ibarət fırtına geniş səviyyədə əkin torpaqlarının məhv olmasına və milyonlarla yerli əhalinin məcburi köç etməsinə səbəb olacaq.

“Sizdən azərbaycanlıların ən vacib istəyi olan, seçki öncəsi gölün bərpası ilə bağlı verdiyiniz vədləri yerinə yetirməyinizi, Urmu Gölünün Bərpa Mərkəzinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, bərpa işləri üçün ayrılan vəsaitin necə və hara xərclənməsinin ciddi şəkildə izlənməsi barədə göstəriş verməyinizi istəyirik”-deyə, Vəhid Cəlalzadə bildirib.

Facebook Comments