Sabah Bakıya yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, 29-dan 30-na keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, güclü şimal qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 12-14, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 16-20, dağlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq.

Təhsildə boşluq - Məntiq fənninə ehtiyac varmı? - VİDEO

Hamımıza məlumdur ki, əmək bazarına daxil olmaq üçün verilən imtahanlarda " məntiq" testləri salınır ki, bu da məktəb və universitetlərdə tədris olunmur. Məktəblərdə “Məntiq” fənni niyə tədris olunmur və bu boşluq şagirdlərin gələcəkdə əmək bazarına hazırlaşmasına necə təsir edir? Suallarımızı təhsil eksperti Vüsət Əzizov cavablandırıb.

Şəmkirdə DƏHŞƏT: azyaşlı qız qaynar suda yandı

Şəmkirdə azyaşlı yanıq xəsarətləri alıb. Sozcu.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Seyfəli kəndində qeydə alınıb. Kənd sakini 8 yaşlı Aynur Ramin qızı Həsənovanın üzərinə qaynar su tökülüb. Nəticədə o, yanıq xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. Araşdırma aparılır.

Direktorların vatsap qrupunda qalmaqal

Bakı 13 saylı mediasiya təşkilatının direktoru İlham Mehtiyev Yevlax 1 saylı mediasiya təşkilatının direktoru Nigar Hüseynzadəni xüsusi ittiham qaydasında məhkəməyə verib. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, İ.Mehdiyev həmkarını onun şərəf və ləyaqətini alçatmaqda, işgüzar nüfuzunu ləkələməkdə ittiham edib. Tərəflərin mübahisəsi isə mediasiya təşkilatının rəhbərlərinin daxil olduğu vatsap qrupunda başlayıb. Məhkəmədə ifadə verən N.Hüseynzadə bildirib ki, 2025-ci ilin yanvar ayında Y.Abdullazadə adlı şəxs ona müraciət edərək ərinin və özünün Yevlax rayon qeydiyyatı olmasına baxmayaraq, Bakı mediasiya təşkilatından ona sənəd gəldiyini bildirib. Vətəndaşın bununla bağlı şikayət edib və İlham Mehtiyevin rəhbəri olduğu Bakı 13 saylı Mediasiya Təşkilatının mediatoruna Yevlax rayonuna aid işi icraatına götürdüyü üçün töhmət verilib. Bundan sonra N.Hüseynzadə qrupda İlham Mehdiyevi “sənəd oğrusu”, “saxta arayış verən” adlandırıb. Ağdam Rayon Məhkəməsində hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Yevlax 1 saylı mediasiya təşkilatının direktoru Nigar Hüseynzadə 1000 manat məbləğində cərimə edilib.

Astarada 17 yaşlı qız toy gecəsi öldü - Hamilə imiş + FOTO

Astarada dünən toyu olan 17 yaşlı qız ölüb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İ. dünən Deqədi kəndində şadlıq saraylarından birində toyu olub. Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Ə.İ.nin hamilə olduğu bildirilir. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Vüqar Qurbanovdan yeni təyinat

Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktor əvəzi təyin edilib.  Sozcu.az-ın məlumatına görə, TƏBİB-in İcraçı direktor Vüqar Qurbanov müvafiq əmri ilə sözügedən vəzifəyə Quliyev Pərviz Ağababa oğlu gətirilib.  Qeyd edək ki, Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Gülnarə Muxtarova Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən, oktyabrın 21-dən tutduğu vəzifəsindən azad edilib. Pərviz Quliyev 1963-cü ilin may ayının 24-də Ağsu rayonunun Gəgəli kəndində anadan olub. Orta təhsilini Gəgəli kənd orta məktəbində alıb.  Azərbaycan Tibb İnstitutunun (indiki universitet-red.) məzunu olub. İxtisasca həkim-terapevtdir. 1991-ci ildən Ağsu Rayon Mərkəzi Xəstəxanasında işləyir. Qaynarinfo)

Dünya bazarlarında kənd təsərrüfatı məhsulları neçəyə satılır? – Siyahı

Dünya bazarlarında oktyabrın 28-ə olan qiymətlərə əsasən, kənd təsərrüfatı məhsullarında müxtəlif səviyyəli dəyişikliklər müşahidə olunub. Sozcu.az xəbər verir ki, bəzi məhsulların qiymətində bahalaşma, digərlərində isə ucuzlaşma qeydə alınıb. Qiymətlərə mövsümi faktorlar, ticarət axınları və regional tələb-təklif balansı təsir göstərib. Dünya bazarlarında kənd təsərrüfatı məhsullarının bir kiloqramı üçün orta satış qiymətini belə olub: Qarğıdalı – 0,17 dollar (0,29 manat); Soya – 0,40 dollar (0,68 manat); Düyü – 0,23 dollar (0,39 manat); Yulaf – 0,31 dollar (0,53 manat); Arpa – 0,28 dollar (0,48 manat); Kanola – 0,52 dollar (0,88 manat); Rapıs – 0,52 dollar (0,88 manat); Kartof – 0,14 dollar (0,24 manat); Günəbaxan yağı – 1,31 dollar (2,23 manat); Palma yağı – 0,82 dollar (1,39 manat); Qəhvə – 8,45 dollar (14,37 manat); Kakao – 10,95 dollar (18,62 manat); Çay – 2,38 dollar (4,05 manat); Şəkər – 0,32 dollar (0,54 manat); Süd – 0,37 dollar (0,63 manat); Pendirlər – 3,83 dollar (6,51 manat); Kərə yağı – 7,37 dollar (12,53 manat); Portağal şirəsi – 5,53 dollar (9,40 manat); Pambıq – 1,43 dollar (2,43 manat); Yun – 1,19 dollar (2,02 manat).yeniavaz)

Güclü külək əsəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə oktyabrın 29-u gündüzdən 30-u gündüzədək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında, Balakən, Qax, Zaqatala, Şəki, Neftçala, Bərdə, Tərtər, Mingəçevir, Ağdam, Yevlax, Gəncə, Samux, Goranboy, Naftalan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Qusar, Xızıda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu da narıncı xəbərdarlığa uyğundur. Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda bu hospitalın 26 milyon manata yaxın vergi borcu var

Paytaxtın Badamdar qəsəbəsində fəaliyyət göstərən Caspian International Hospital MMC-nin külli miqdarda vergi borcu yaranıb. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, hospitalın hazırda dövlətə qarşı 25 milyon 898 min 21.66 manat vergi borcu var. Son iki ayda qurumun borcu 1 milyon manata yaxın artıb. Qeyd edək ki, MMC 2013-cü ildən bəri fəaliyyət göstərir. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Abbasov Cəbrayıl Neymət oğludur. Əlavə olaraq, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından aydın olur ki, hospitala qarşı 2010, 2012, 2016, 2019, 2020, 2022, 2023-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməsi səbəbindən toplam 15 hal üzrə ümumilikdə 600 manat maliyyə sanksiyası tətbiq edilib.

Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar...

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri barəsində qərar verilib. Sozcu.az xəbər verir ki, bu barədə APA-ya vəkil Elçin Sadıqov məlumat verib. Məlumata görə, Səbail Rayon Məhkəməsində onlar barəsində olan həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Adnanın daha bir şirkəti üzə çıxdı

Azərbaycana qarşı iqtisadi təxribatlarda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadəyə aid daha bir şirkət məlum olub. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, söhbət AZCHEMCO MMC-dən gedir. 2020-ci ilin 28 oktyabrında dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Ruslan Akçurindir. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ev 15-də qeydiyyatda olan şirkətin işi kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri və preparatlarının istehsalı, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasınıdan ibarətdir. Şirkətin alt brendləri isə “Azveco”, “Azfruco” və “Black Terra”dır. “Azveco” Azərbaycan, Gürcüstan və Mərkəzi Asiyada yetişdirilən tərəvəzləri Körfəz ölkələrinə çatdırır. “Azfruco” isə yuxarıda qeyd edilən ölkələrin meyvələrini Körfəz ölkələrinə daşımaqla fəaliyyət göstərir. “Black Terra”nın fəaliyyəti isə mikrobioloji həllər vasitəsilə yararsız torpaqları münbit torpağa çevirir. Bundan başqa, “AgriBazar” şirkəti də “AZCHEMCO”nun tərkibindədir ki, bu da kənd təsərrüfatı, texnologiya və insanları bir araya gətirən mərkəzdir. “AZCHEMCO”nun partnyorları arasında “SOCAR LOGİSTİCS DMCC”, “SOCAR CARBAMİDE PLANT”, “AZERBAZALT” Elmi İstehsalat Birliyi, “Caspian Railroad Company”, “Azbrand”, “Azferco”, “Caspian Logistics Solutions”, “İntertek”, “Dreymoor”, “Azersulfate” kimi şirkətlər daxildir. Maraqlı məqamlardan biri də “AZCHEMCO”nun 2023-cü ildə “Azərxalça” ilə əməkdaşlıq anlaşmasıdır. Anlaşmaya əsasən, “Azərxalça” “AZCHEMCO” şirkətinin loqosu olan məhdud sayda xalçalar istehsal etməyə başlayıb. Gələcəkdə şirkət bu xalçaları öz tərəfdaşlarına, o cümlədən çoxlu sayda iri beynəlxalq şirkət və assosiasiyalara təqdim etməyi planlaşdırıb. Bu məqamda vurğulamaq yerinə düşər ki, Adnan Əhmədzadə ulduz futbolçu Lionel Messi ilə görüşərkən ona da xalça hədiyyə etmişdi. İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta “Azərxalça”da xüsusi sifarişlə istehsal olunan xalça hədiyyə olunmuşdu. Adnan Əhmədzadə tərəfindən Azərbaycana gətirilən dünya futbolunun əfsanəvi simalarından biri, Braziliya millisi, “Barselona”nın sabiq futbolçusu Ronaldinyo da COP29 məkanında “AZCHEMCO” pavilyonunu ziyarət edib. Onu povilyonla şirkətin hazırkı direktoru Ruslan Akçurin tanış edib. Eyni tədbirdə İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laportaya da “Azərxalça”da xüsusi sifarişlə istehsal olunan xalça hədiyyə olunmuşdu. Tədbirdə Laportanı şəxsən Əhmədzadə müşayiət edirdi. Qeyd edək ki, daha öncəki məlumatlarda “AZCHEMCO”nun təsisçisi kimi Levent Özdemirin adı çəkilib.

Bakı bazarlarında balıq da BAHALAŞDI

Bakıda mal ətinin bahalaşmasının ardınca digər bir sıra məhsulların da qiymətində ciddi artım müşahidə olunur. Sozcu.az xəbər verir ki, bazarlarda balığın da satış qiyməti artıb. Qiymətlərlə tanış olan əməkdaşımız balığın son günlər 2-3 manat bahalaşdığını müşahidə edib. Məsələn, bir-iki həftə öncə 10-11 manata satılan “Forel” balığı indi 12-13 manata təklif olunur. “Çəki” (“Sazan”), “Kütüm”, “Xəşəm”, “Kefal”, Ağ amur” (“Belamur”), "Xanı" və digər daha çox alınan balıqların da qiymətində ən azı 1-2 manat artım baş verib. Satıcılar bildiriblər ki, balığın qiymətindəki artım tələbatdan irəli gəlir. Mal əti 20-22 manata satılmağa başlayandan sonra nisbətən ucuz olan balığa tələbat artıb. Yaranmış vəziyyətdən istifadə edən topdansatış balıq bazarına nəzarət edənlər qiymətləri qaldırıblar.

Paşinyan erkən seçkiyə hazırlaşır

Ermənistan Baş naziri Nikol Paşinyanın komandasının üzvləri onun növbədənkənar parlament seçkilərinə hazırlaşdığını bildirirlər. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. “Paşinyanın yaxın çevrəsini təəccübləndirən məqam seçkilərə hələ 8 ay qalmış artıq seçki qərargahının rəhbərinin və təşviqat üzrə müavinin təyin edilməsi olub. Bu tələskənlik hökumət komandasını baş nazirin növbədənkənar seçkilərə hazırlaşdığı qənaətinə gətirib”, - nəşr bildirib. Qəzet yazır ki, bu dəfə seçki qərargahına baş nazirin aparat rəhbəri Araik Arutyunyan təyin olunub. 2021-ci ildə bu vəzifəni müdafiə naziri Suren Papikyan icra edirdi. Qeyd edək ki, Ermənistan parlamentinə növbəti seçkilər 2026-cı ilin iyununda keçirilməlidir.

Azərbaycanda güclü zəlzələ gözlənilir? - Qurban Yetirmişli açıqladı

“Azərbaycan ərazisində təkcə bu gün 17 yeraltı təkan qeydə alınıb”. Bunu “Yeni Sabah”a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O xatırladıb ki, Azərbaycan seysmik zonada yerləşmir: “Ümumiyyətlə ölkəmizdə yeraltı təkanlar gündəlik olaraq baş verir. Bu aydın məsələdir. Yer daxilində hər zaman termodinamik proseslər gedir. Bunun nəticəsində də müxtəlif təkanlar yaranır. Təkcə bu gün Azərbaycan ərazisində 17 təkan qeydə alınıb. Heç biri də hiss olunmayıb. Türkiyədə olan zəlzələnin də Azərbaycana heç bir aidiyyatı yoxdur. Eyni zamanda bizdə elə bir texnogen bölgə yoxdur ki, orada maqnitudası 6 və 6-dan çox olan zəlzələlər baş versin. Hiss olunanı da ola bilər, amma elə bir qorxulu proses yoxdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan seysmik zonada yerləşmir. Bizdə yalnız yüngül tərpənişlər baş verə bilər”. Qeyd edək ki, oktyabrın 27-də Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib. Balıkesirin Sındırqı rayonunda qeydə alınan zəlzələdə yeraltı təkanların ocağı 5,99 kilometr dərinlikdə yerləşib və İstanbul da daxil olmaqla, bir neçə şəhərdə hiss olunub.

“Mehdiyevin siyahısı istintaqda varsa, açıqlanacaq" - İqbal Ağazadə

Xəbər verdiyimiz kimi, dünən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istəyi ilə bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə göndərdiyi məktub yayıldı. O, məktubda Azərbaycanda dərin siyasi-iqtisadi böhran yarandığını, dövlət idarəetməsində islahatlar aparılmasının vacibliyini vurğulayır, hakimiyyətin 50 nəfərdən ibarət olacaq Dövlət Şurasına verilməsi təklifi ilə çıxış edir. Yayılan məktibla bağlı Bakupost.az -a açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, hər kəs qanun qarşısında bərabər şəkildə cavab verməlidir: “İstəyir keçmişdə xidməti olsun, yaxud olmasın, hamı qanun qarşısında cavab verməlidr. Nəyin və necə olmağından asılı olmayaraq, əməl varsa, mütləq onun nəticəsi Cinayət Məcəlləsindəki maddələr üzrə cəzalandırılmalıdır”. Məktubda R.Mehdiyevin "dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrindən ibarət 50 nəfərlik Dövlət Şurası yaradılması" təklifinə toxunun partiya sədri “istintaqın əlində siyahı varsa, yəqin ki, nə zamansa açıqlanacaq” deyib.

Məktəblini öldürən şəxs: Dava qız söhbətinə görə idi

Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan sinif yoldaşının ölümündə təqsirləndirilən Adil Həşimovun (adı və soyadı şərti) cinayət işinin bəzi detalları məlum olub. Sozcu.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, hadisə 26 iyul 2025-ci il tarixdə, saat 17 radələrində paytaxt ərazisində yerləşən futbol meydançasında qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü Adil Həşimov qonşuluqda yaşayan zərərçəkmiş Hilal Abışovla (adı və soyadı şərtidir) arasında əvvəldən mövcud olmuş narazılıqlara və qarşılıqlı incikliklərə aydınlıq gətirmək, aralarındakı mübahisəli məqamları izah etmək və ziddiyyətli münasibətlərə son qoymaq istəyib. O bu məqsədlə zərərçəkmişi futbol meydançasından təxminən 30 metr aralıda, məişət tullantıları qablarının yerləşdiyi ağaclıq əraziyə çağırıb. Həmin yerdə baş vermiş münaqişə zamanı təqsirləndirilən şəxs Hilalın sol gicgah nahiyəsinə ardıcıl iki dəfə sağ yumruğu ilə qəsdən zərbə endirib. Bu zərbələr nəticəsində zərərçəkmiş şəxsə sol gicgah sümüyünün sınığı ilə müşayiət olunan, baş beyin maddəsinə, mədəciklərinə və qişalarına qansızma, baş beyinin əzilməsi və ödemi kimi xəsarətlər yetirilib. Hadisədən dərhal sonra zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, o, aldığı ağır kəllə-beyin travması nəticəsində ölüb. Məhkəmə iclasında Adil Həşimov ona elan olunmuş Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində göstərib ki, hadisə baş verən gün o, yaşadığı ünvanda yerləşən həyətə çıxaraq uşaqlarla birlikdə futbol oynayırmış. Onun sözlərinə görə, bir qədər sonra Hilal da ora gəlib. Təqsirləndirilən şəxs söyləyib ki, onlar Hilalla hələ 8-ci sinifdə oxuyarkən tanış olub, təxminən bir ildən artıq dostluq münasibətləri saxlayıblar. Lakin sonradan aralarında qız söhbətinə görə fikir ayrılığı yaranıb. Belə ki, Hilal ona əvvəlcədən münasibətdə olduğu qızla danışmaq və onunla münasibət qurmaq istədiyini deyib, təqsirləndirilən şəxs isə buna etiraz edib. Bu hadisədən sonra onların arasında narazılıq yaranıb və müəyyən müddət bir-biri ilə əlaqə saxlamayıblar. Adil Həşimov dindirilərkən qeyd edib ki, hadisədən təxminən 1-2 ay sonra onlar yenidən həyətdə futbol oynayarkən aralarında mübahisə düşüb və bu zaman Hilal onun ünvanına nalayiq ifadələr işlədib: "Baş verən gərginlik nəticəsində Hilalı futbol meydançasından təxminən 30 metr kənarda yerləşən əraziyə çağırdım və orada mübahisə zamanı əsəblərimə hakim ola bilməyərək onun sol gicgah nahiyəsinə ardıcıl iki dəfə yumruqla zərbə endirdim". Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, zərbələrdən sonra Hilal yerə yıxılıb, o isə dərhal onun yanına gələrək ayağa qaldırıb və halını soruşub: "Hilal özünü yaxşı hiss etdiyini bildirdikdən sonra əl sıxaraq ayrıldıq". Eyni zamanda o, məhkəmədə vurğulayıb ki, Hilala vurduğu zərbələrin onun səhhətinə bu dərəcədə ağır nəticə verəcəyini düşünməyib, ölümün baş verməsini istəməyib, hadisədən sarsıldığını və peşman olduğunu bildirib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il müddətə azadlıqdan məhrum olunub.

Bərdədə ağır qəza: ata və oğul daxil olmaqla 3 nəfər öldü

09:32 Bərdədə iki avtomobil toqquşub. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bərdə rayonunun Mehdili kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobillərdə sıxılı vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. *** Bərdə rayonunun Mehdili kəndində VAZ markalı iki minik avtomobilinin toqquşması nəticəsində ölənlərin sayı üçə çatıb. Teleqraf-ın məlumatına görə, avtomobildə ata və oğul olmaqla 1968-ci il təvəllüdlü Ələddin Əliyev, onun oğlu Alı Əliyev həyatını itirib. Digər oğul 2005-ci il təvəllüdlü oğul Röyal Əliyev ağır vəziyyətdə Bərdə rayon xəstəxanaya çatdırılıb. Hadisə zamanı VAZ markalı digər minik avtomobilində olan polis əməkdaşı 2003-cü il təvəllüdlü Səyyad Əliyev də ölüb. Faktla bağlı araşdırma aparılır.

Balıkesirdə zəlzələ: Məktəblər bağlandı

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda baş verən yeraltı təkanlardan sonra məktəblərdə bir günlük tətil elan olunub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, 28 oktyabr 2025-ci il tarixində Balıkesir vilayəti üzrə bütün məktəblərdə tədris dayandırılıb. Eyni zamanda, dövlət idarə və müəssisələrində çalışan hamilə və fiziki məhdudiyyətli işçilərə isə inzibati məzuniyyət verilib. Qeyd edək ki, oktyabrın 27-də Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 6,1 bal gücündə zəlzələ baş verib.

Nazir “Səhiyyə əlaçısı” medalını vermədi - Qalmaqal

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyində “Səhiyyə əlaçısı” döş nişanının verilməsi ilə bağlı qalmaqal yaşanmışdı. Məlum olub ki, yaranmış narazılıqlardan sonra bu il “Səhiyyə əlaçısı” döş nişanı heç kimə təqdim edilməyib. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, bir qrup səhiyyə işçisi mükafatın paylanmasında hər il haqsızlıqlara yol verildiyini iddia edərək təltiflərdən narazı qalmışdı. Ənənəyə görə, hər il iyunun 17-də – tibb işçilərinin peşə bayramı günü bir neçə səhiyyə əməkdaşı “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilirdi. Lakin ötən il bu proses zamanı əsasnamə tələblərinin pozulduğu bildirilmişdi. Belə ki, sonuncu dəfə – 2024-cü ildə Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Elxan oğlu Babayev və Nazirliyin Mətbuat xidmətinin rəhbəri Pərviz Bəşir oğlu Əbubəkirov bu döş nişanına layiq görülmüşdülər. Əsasnamənin birinci bəndinə əsasən, “Səhiyyə əlaçısı” döş nişanı səhiyyə sahəsində ən azı 10 il səmərəli fəaliyyət göstərmiş şəxslərə təqdim olunur. Həmçinin, bu mükafatla təltif edilənlərə maaşlarının üç misli qədər pul mükafatı verilir. Məlum olub ki, Tural Babayev 2022-ci ildən, Pərviz Əbubəkirov isə 2018-ci ildən səhiyyə sistemində çalışır. Onların fəaliyyət müddəti 10 ilə çatmadığından, bu təltif əsasnamənin tələblərinə zidd olub. Məhz bu narazılıqdan sonra səhiyyə naziri Teymur Musayev bu il fərqli qərar qəbul edib. Belə ki, “Səhiyyə əlaçısı” döş nişanının kimlərə veriləcəyi ilə bağlı müzakirələr zamanı nazir qərara alıb ki, heç kim təltif edilməsin. Bununla da ilk dəfədir ki, tibb işçilərinin peşə bayramı ərəfəsində “Səhiyyə əlaçısı” döş nişanı təqdim olunmayıb.

ƏDV limiti artırılmalıdır – iqtisadçıdan hökumətə sərt mesaj

İqtisadçı Natiq Cəfərli: Kiçik sahibkarlar üçün ƏDV-dən azad dövriyyə limiti 1 milyon manata qaldırılmalıdır İqtisadçı Natiq Cəfərli kiçik sahibkarlar və sadələşdirilmiş vergi ödəyiciləri üçün ƏDV-dən azad dövriyyə həddinin artırılmasının vacibliyini gündəmə gətirib. Onun sözlərinə görə, artıq 10 ildir ki, bu məsələ ilə bağlı həm rəsmi, həm də qeyri-rəsmi görüşlərdə, eləcə də publik çıxışlarında problemə toxunur.  “2006-cı ildə, 1 dollar 78 qəpik olan zamanlarda sadələşdirilmiş vergi ödəyiciləri üçün ƏDV-yə cəlb olunmayan limit 200 min manat təsdiq edildi. 2015-ci ildə hökumət 3 pilləli devalvasiyaya getdi, manat 2 dəfədən çox dəyər itirdi, amma bu limit yenə 200 min manat olaraq qaldı,” – deyə iqtisadçı qeyd edib. Natiq Cəfərlinin fikrincə, bu məsələnin “buzu” artıq əriməyə başlayıb və böyük ehtimalla 2026-cı ilin əvvəlindən ƏDV-yə cəlb olunmayan dövriyyə limiti 400 min manata qaldırılacaq. Lakin iqtisadçı hesab edir ki, bu artım da kifayət deyil:  “Hörmətli hökumət, sizə problemləri görmək üçün azı 10 il lazım olur, bunu anladıq. Amma yenə də eşidin – 400 min manat da azdır. Bir neçə ildən sonra yenidən artırmaq məcburiyyəti yaranacaq. Ona görə də, kiçik sahibkarlar üçün ƏDV-yə cəlb olunmayan dövriyyəni 1 milyon manat etmək lazımdır.” Cəfərli əlavə edib ki, ölkə iqtisadiyyatında dərin böhran izləri hiss olunur, ÜDM artmır, iqtisadi aktivlik zəifdir. Buna görə də əsas diqqətin kiçik sahibkarlığın inkişafına yönəldilməsinin vacibliyini vurğulayıb:  “Dövriyyədən cəmi 5% vergi olsun, amma ƏDV-yə düşməyən dövriyyə həddini 1 milyon manata qaldırın. Ölkə, biznes, sahibkarlar, hətta büdcə də bu addımdan ancaq udacaq.”

Palata dövlət qurumunda yoxlamalar apardı - milyonluq nöqsanlar üzə çıxdı

Hesablama Palatasının 2025-ci il üzrə İş Planına müvafiq olaraq "Azəristiliktəchizat" ASC üzrə dövlət vəsaitlərinin və digər əmlakının idarə olunmasına dair uyğunluq auditi aparılıb. Sozcu.az xəbər verir ki, bu barədə palata məlumat yayıb. Bildirilib ki, kənar dövlət maliyyə nəzarəti tədbiri ilə 1 yanvar 2023-cü ildən 1 aprel 2025-ci il tarixinə qədər olan müddət əhatə olunub, audit predmetinin pul vəsaitlərinin hərəkəti üzərindən faktiki maliyyə tutumu ümumilikdə daxilolmalar üzrə 149.3 milyon manat, xaricolmalar üzrə 146.7 milyon manat olub. Auditlə əsasən aşağıdakılar müəyyən edilib: - İstehsal edilmiş istilik enerjisinə çəkilən xərclərin tərkibində qaz (müvafiq olaraq, 27 milyon 140.1 min manat və 27 milyon 140.1 min manat) və enerji (müvafiq olaraq, 5 milyon 794.1 min manat və 5 milyon 834.4 min manat) xərclərinin xüsusi çəkisi 2023-cü ildə 57.5%, 2024-cü ildə isə 57.1% təşkil edib ki, bu da auditlə əhatə olunan dövrdə (əsasən hesabat illərinin I və IV rüblərində) dövlət büdcəsindən subsidiyalaşdırma tələbatının yaranmasını şərtləndirən və nəticə etibarı ilə istilik təchizatı xidmətlərinin tariflərinin həcmini formalaşdıran əsas amillərdən olub. İstilik təchizatı xidmətləri haqlarının əhali istehlakçı və qeyri-əhali istehlakçı qrupları üzrə son illər ardıcıl olaraq yüksəldilməsi kimi əməliyyat fəaliyyətindən gəlirlərin artırılmasına səbəb olan tənzimləmələrin tətbiqi şəraitində dövlət büdcəsindən ayrılan subsidiya məbləğinin tədricən optimallaşdırılmasına 2025-ci ildə başlanılmayıb. İki il ərzində dövlət büdcəsindən 89.6 milyon manat subsidiya məbləğinin və 5.5 milyon manat əsaslı xərclərin maliyyələşdirilməsi şəraitində hesabat illərinin yekunlarının müqayisəsi istilik enerjisi istehsalının 3.7 min Gkal (0.3%), istilik enerjisi alışının 8 min Gkal (6.1%), satışın (norma üzrə itkilər çıxıldıqdan sonra) həcminin 10.1 min Gkal (0.8%), abonent bazasının əhali istehlakçı qrupu üzrə 0.2% və qeyri-əhali istehlakçı qrupu üzrə 6%, gəlirlərin 3.9 milyon manat məbləğində (7.5%) artmasını, gəlirin əldə edilməsi ilə bağlı xərclərin təxminən eyni səviyyədə qalmasını və zərərin 3.5 milyon manat (75.3%) məbləğində azalmasını göstərib. Təqdim edilmiş məlumatlara əsasən, 2024-cü ildə bir Gkal istilik enerjisinin maya dəyəri bütün istehlakçı qrupları üzrə ümumilikdə 37 manata, o cümlədən əhali istehlakçı qrupu üzrə 43 manata, qeyri-əhali istehlakçı qrupu üzrə 37 manata yaxın təşkil etməklə əhali istehlakçı qrupu üzrə sonuncu artırılmış tarifi 2 dəfədən də çox üstələyib, qeyri-əhali istehlakçı qrupu üzrə müqavilə qiymətindən isə aşağı olub. Təqdim edilmiş məlumatlara əsasən, müxtəlif ünvanlarda yerləşməklə ümumi mənzil sayı 6 746 olan 213 binada istilik təchizatı xidmətləri alan mənzillərin sayının hər bina üzrə 10 mənzil və ya 10 mənzildən az, o cümlədən binalardakı ümumi sayı 4 670-ə bərabər mənzillər üzrə istilik təchizatı xidmətləri alan mənzillərin xüsusi çəkisinin 20 və daha aşağı faiz intervallarında olması və s. bu kimi hallar mövcuddur ki, bu da uzun illər ərzində əhali istehlakçı qrupuna istilik xidmətlərinin mərkəzləşdirilmiş qaydada təchizatı sahəsində zəruri işlərin (sistemin modernləşdirilməsi ilə abonent bazasının və isidilən sahələrin genişləndirilməsi) lazımi səviyyədə həyata keçirilməməsi deməkdir. Nəticə etibarı ilə qeyd etmək olar ki, əməliyyat fəaliyyəti çərçivəsində əhali istehlakçı qrupuna aid çoxmənzilli binalara tam həcmdə istilik təchizatı xidmətlərinin göstərilməsi üçün əsas infrastruktur (borular, paylayıcılar, işçi heyəti, qaz, elektrik enerjisi və s. məsrəflər) təminatı və müvafiq elementlər üzrə xərclərin qarşılanması müqabilində satış potensialı faktiki olaraq tam həcmdə reallaşdırılmır. Mövcud vəziyyət bir tərəfdən əhali istehlakçı qrupu üzrə tarifin (satış qiymətinin) maya dəyərindən dəfələrlə aşağı səviyyədə tənzimlənməsi şəraitində abonent bazasının genişləndirilməsinin perspektivli (iqtisadi cəhətdən rentabelli) olmamasını (zərərin daha da yüksəlməsinə səbəb olmasını) şərtləndirib, digər tərəfdən dövlət əmlakının idarə edilməsinin səmərəlilik meyarları ilə uyğunsuzluqlar yaradıb. Ümumilikdə, 244 ədəd qazanxananın faktiki yerləşdiyi obyektlərin (daşınmaz əmlakların) "Azəristiliktəchizat"a aid olmaması, o cümlədən bir qisminin konservasiya statusunda olması və yaxud bitməmiş formasında tikili qalması "Azəristiliktəchizat"ın fəaliyyətində dayanıqlılığın təmin olunması baxımından balans mənsubiyyətinin optimallaşdırılması məsələlərini aktuallaşdırıb. İlkin uçot məlumatları ümumi debitor borcların məbləğinin 1 yanvar 2023-cü il tarixinə 20 milyon 758.9 min manat, 1 yanvar 2025-ci il tarixinə 24 milyon 749.4 min manat, 1 aprel 2025-ci il tarixinə isə 34 milyon 532.6 min manat təşkil etdiyini göstərib, eyni zamanda auditlə əhatə olunan dövrdə satışdan gəlirlərin yığım səviyyəsinin hesabat illərinin əvvəlinə olan borclar nəzərə alınmadan ümumilikdə 86-90% (o cümlədən, əhali istehlakçı qrupu üzrə 71-78%) intervalında olsa da hesabat illərinin əvvəlinə olan bütün borclar nəzərə alınmaqla ümumilikdə 40-45% (o cümlədən, əhali istehlakçı qrupu üzrə 20-25%) intervalında dəyişdiyini deməyə əsas verib. Dövlət büdcəsindən maliyyələşdirilən investisiya qoyuluşları hesabına Bakı şəhərində tikilmiş, yenidən qurulmuş və ya modernləşdirilmiş qazanxanaların müvafiq tərkib hissələrinin timsalında 1 milyon 618 min 067 manat dəyərində aktivlərin maliyyə (mühasibat) uçotunda müvafiq qaydada əks etdirilməsi təmin edilməyib. Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək yol verilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması çərçivəsində 3 milyon 654.3 min manat məbləğində olan hissəsinin müvafiq qaydada (əsasən, uçota) bərpa olunmasını nəzərə alıb, digər nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair irəli sürülmüş təkliflərin yerinə yetirilməsi, eləcə də aşkar edilmiş müvafiq məsələlərlə əlaqədar qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərə uyğun tədbirlərin həyata keçirilməsi üçün zəruri sənəd və məlumatların aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edib.

Prezident səfirləri geri çağırdı - Yeni təyinatlar

Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel Qüdrət oğlu İsmayılzadə vəzifəsindən geri çağırılıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Həmçinin Prezidentin digər Sərəncamlarına əsasən, Məmməd Afiq oğlu Talıbov Azərbaycanın Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Honduras, Kolumbiya, Kosta Rika, Qvatemala, Panama və Peru Respublikalarındakı səfiri, Eldar Nadir oğlu Səlimov Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri, Şahin Şakir oğlu Abdullayev Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığında, eyni zamanda Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Dövlət başçısının digər Sərəncamlarına əsasən, Fərid Yunis oğlu Talıbov Azərbaycanın Yaponiyada, Seymur Həbib oğlu Fətəliyev Azərbaycanın Meksikada, həmçinin Eldar Nadir oğlu Səlimov Azərbaycanın İraqda, Şahin Şakir oğlu Abdullayev isə Azərbaycanın İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Gələn ildən doğuş və keysəriyyə dövlətdə də ödənişli olacaq – AÇIQLAMA

2026-ci il yanvarın 1-dən Azərbaycanda bütün ölkə üzrə İcbari tibbi sığortadan pulsuz istifadə dövrü böyük əhali qrupu üçün bitir və səhiyyədə çətin dövr başlayır. “Medicina” xəbər verir ki, işləməyən, vergi ödəməyən, rəsmi iş yeri olmayan hər kəs əlavə olaraq aylıq tibbi sığorta haqqı ödənişi etməsə, 90% tibbi xidmətdən pulsuz istifadə edə bilməyəcək. Əsas məsələlərdən biri təcili təxirəsalınmaz yardım və doğuşdur. Doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı, stasionar yatış zamanı dərman, tibbi sərf və qidalanma, laborator və instrumental müayinə, diaqnostika və müalicə tədbirləri ödənişsiz olaraq göstərilir. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir. Habelə, vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması da icbari tibbi sığorta ilə qarşılanır. Bəs yeni ildən hamilə qadınların doğuş məsələsi necə olacaq. Bu xidmət qadının işləməsindən və ödənişindən asılı olmayaraq, yenə də İTS-lə qarşılanacaqmı? Əgər yeni qaydalar qanunla qüvvəyə minərsə, o zaman rayonlar da daxil olmaqla doğuş və keysəriyyədə ciddi riskli vəziyyətlər yarana bilər. Mövzu ilə bağlı sualları İcbari Tibb Sığorta üzrə Agentliyə yönləndirdik. Rəsmi məlumatda bildirildi ki, “bu məsələlər “Tibbi Sığorta haqqında Qanunla tənzimlənir. Bu qərarlar qanunverici orqan Milli Məclis tərəfindən qəbul olunur. Hələ ki, 2026-cı il üçün qeyd olunan məsələlər və işləməyən əhali kateqoriyası üçün ödənişli tibbi xidmət belə qanunla qəbul olunmayıb. Bu sadəcə gündəndə olan məsələdir. Belə bir qanun qüvvəyə minərsə, ona uyğun şərtlər açıqlanacaq”.

"Bolmart"da təcili YOXLAMA - Adnan Əhmədzadə ilə əlaqəsi var

"Bolmart" marketlər şəbəkəsində yoxlama aparılır. Sozcu.az bakuplus.az-a istinadla xəbər verir ki, yoxlama hazırda "Bolmart"ın Səməd Vurğun küçəsi yerləşən filialında keçirilir. Mühafizə orqanları tərəfindən yoxlama aparıldığı üçün supermarketin fəaliyyəti dayandırılıb və bütün işçilər çölə çıxarılıb. Mənbədən verilən xəbərə görə, "Bolmart" marketlər şəbəkəsinin bir müddət əvvəl həbs edilən məşhur iş adamı, SOCAR-ın keçmiş departament rəhbəri Adnan Əhmədzadə ilə əlaqəsi var.