Sərdar Cəlaloğlu: “Avropada yaşayan bu qədər insan ağılsızdır ki, “çip”ləşməyə razıdır?!”

“Dünya əhalisinin yeni növ koronavirus (COVID-19) əleyhinə peyvəndlənərək onlara maye şəklində “çip”lərin yerləşdirilməsi şaiyədir. Onsuz da dünyanın qabaqcıl ölkələrində insanların izlənilməsinin bir sıra üsulları mövcuddur. Hesab edirəm ki, belə şaiyələr yayaraq bəzi xalqların ümumiyyətlə COVID-19 əleyhinə vaksinasiyadan imtina etməsinə nail olmaq istəyirlər. Nəzərə almaq lazımdır ki, elə bu, həmin xalqların kütləvi qırılmasına səbəb ola bilər”.

Sozcu.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri bildirib ki, hazırda qabaqcıl Avropa ölkələrinin demək olar ki, hamısında aktiv vaksinasiya prosesi davam edir: “Belə çıxır ki, Avropada yaşayan bu qədər insan ağılsızdır ki, “çipləşməyə” razıdır?!”

S.Cəlaloğlu, həmçinin qeyd edib ki, COVID-19-un laboratoriya şəraitində bilərəkdən yaradılması real səslənir: “Bu virus növü tibb elminə əsrin əvvəllərindən məlumdur. Koronavirusun öldürücülüyü yüksək deyil. Ölkədə koronavirusa yoluxduğu üçün vəfat edənlərin sayı çoxdur. Mən də virusa yoluxmuşdum, çox ağır xəstəlikdir. Yəni, paylaşılan ölüm statistikası realdır. Azərbaycanda elə təkcə siyasi partiya sədrlərinin, demək olar ki, hamısı COVID-19-a yoluxublar. Şükürlər olsun ki, ölüm baş verməyib, amma bu, koronavirusun təhlükəli xəstəlik olduğunu inkar etmir. İstənilən halda, sərt karantinin tərəfdarı deyiləm. Baxın, dünyada təkcə avtomobil qəzaları nəticəsində hər il 50 milyon insan həyatını itirir. Onda belə çıxır k, heç kimə avtomobil idarə etməyə icazə verilməməlidir?! Koronavirusla yoluxmada cəmi bir neçə milyon insan həyatını itirsə də, sərt tədbirlər həyata keçirilir. Səbəbi odur k, virusun daha mənfi nəticələrə səbəb olacağı proqnozlaşdırılır”.

Facebook Comments