İran, götür erməniləri də apar, onlar üçün “Stepanakert” tik!

İran bizim Türkiyə ilə bu qədər sıx, mehriban münasibətlərimizi, qardaşlığımızı qısqanır, bu, faktdır. Görəsən, Tehrandakı başbilənlər öz-özünə sual verirlərmi ki, necə olur, onunla 765 km-lik sərhəddi, aralarında neçə-neçə keçid məntəqəsi olan Azərbaycan onunla deyil, arasında cəmi 11 km-lik quru əlaqəsi və bir “Həsrət körpüsü” olan Türkiyə ilə bu qədər yaxındır, can bir qəlbdir?

Yəqin cavabını yaxşı bilirlər, axı, deyirlər min illərin dövlətçilik ənənələrinə sahibdirlər. Bizim də bildiklərimiz az deyil, amma sıralamağa o qədər də hacət yoxdur. Çünki biz qaşınmayan yerdən qan çıxartmaq istəmədik bu illərdə.

Təkcə bir nümunə gətirək: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə tviterdə paylaşım edib. “Dost və qardaş Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü ürəkdən təbrik edir, Qafqaz İslam Ordusu komandanı Nuru Paşanı və onun qəhrəman əsgərlərini rəhmətlə anıram. Bütün Azərbaycan xalqına salamlarımı və sevgimi çatdırıram”.

Qardaş ölkə, onun lideri belə olar! Biz məhz buna görə Türkiyəni sevdik, ayağına daş dəyməsini heç zaman istəmədik, uğrunda ölümə belə hazırıq.

Türkiyə türkləri Azərbaycan uğrunda döyüşdülər, şəhid oldular, biz də Türkiyə uğrunda! Qardaş Türkiyə hər zaman dəyər verdi, unutmadı. Amma İran unutdu. İran uğrunda şəhid olan azərbaycanlıların sayı-hesabı nə qədərdir, bilinmir. Amma Tehran adicə ana dilində təhsil almaq haqqından məhrum etdiyi azərbaycanlılara dəyər vermədi. Dəyər versəydi, Azərbaycana qarşı bu qədər sayğısız yanaşmazdı.

R.T.Ərdoğan Bakının daşnakalardan azad olunmasının ildönümü şərəfinə tvit yazdığı gün İrandan növbəti xəyanət gördük! Bəli, məhz xəyanət!Azərbaycanın kürəyinə xəncər saplamaqdır bu! Xankəndi şəhərinə qanunsuz olaraq yük daşıyan iranlı sürücülərlə bağlı faktları etiraf etmək istəmirdi Tehran. Neçə gün idi bu barədə foto-video faktlardan, əsaslı dəlillərdən, sübutlardan yayınırdılar. Nəhayət, bu qanunsuzluğu durdurmaq əvəzinə…

Bu gün məlum oldu ki, Azərbaycan polisi iki iranlı sürücünü saxlayıb və onların üzərində ölkəmizin sərhəd bütövlüyünə qəsdi təsdiqləyən sənəd var. İrana məxsus qurumlar sement dolu TIR-ların sürücülərinə arientir veriblər: “Stepanakert. Armeniya”-ya getmək üçün! Təsəvvür edin, bir müsəlman, qonşu ölkə digər müsəlman qonşusunun ərazisini Ermənistan ərazisi olaraq tanıyır və sənəd verir! Bəli, məhz tanlıyır, buna ayrı ad vermək olmaz! Çox da ki, İran rəsmiləri vaxtaşırı şablon fikirlər işlədirlər: ərazi bütövlüyü elə gəldi, belə getdi.

İran XİN-in başçısı R.T.Ərdoğanın “Arazı ayırdılar…” bayatısına görə əsib-coşmuşdu keçən il. Amma Azərbaycan dövləti təmkinli davrandı, 30 il ərzində Araz üzərindən keçib Qarabağa gələn və burdakı şəhər və kəndlərimizi daşına qədər söküb aparan İran vətəndaşlarına görə Tehrandan hesab istəmədi.

İranın Ermənistandakı səfiri Zəngəzuradək gəlib, durbinlə Azərbaycan hərbçilərinə baxanda da ermənilərin yanında səf tutduqlarını nümayiş etdirmişdi, Bakı yenə də səbrli davrandı. Hətta Tehrandan “Ermənistanın ərazi bütövlüyü bizimçün qırmızı xətdir”, açıqlaması gələndə də Azərbaycan mehriban qonşuluq münasibətlərinə sadiqlik naminə özünü eşitməzliyə vurdu. Gənc olmağına baxmayın, Azərbaycan elə dövlətdir ki, 30-ca yaşına, “gənclik yaşı”nın tamamına rəğmən, qos-qoca dünya güclərinin İrana qarşı müxtəlif planlarının, həmçinin hərbi əməliyyatlarına qətiyyətlə “yox” dedi illər boyunca, qonşu haqqında girmədi, kişiyana davrandı. Hansı ki, qonşusu vaxtilə gah dənizdən, gah havadan ona təcavüz eşqinə düşmüşdü, “Türk şahinləri” özlərini yetirdilər. Hansı ki, Azərbaycan böyük güclərin İranla bağlı planlarında yer alsa, bəlkə də Qarabağın qaytarılmasında onların da qatqısı olardı, lakin buna getmədi! Bütün bunların qarşılığında İran məscid dağıdanların yanında yer alırsa, çox ayıb və çox təəssüf!

İran da, onunla bərabər Ermənistanın yanında olmağı özlərinə borc bilən digərləri də anlasın, Azərbaycanın ərazi bütövlüyü artıq müzakirə mövzusu ola bilməz! İranın ermənilərə ürəyi yanırsa, buyursun, Xuzistan, ya Xorasanda ərazi ayırsın, Qarabağdakı erməniləri köçürsün, bir dövlət qursun onlara! Onsuz da ermənilər 1813-1828-ci illərdə İrandan köçürülüblər, qayıtsınlar öz yuvalarına! Rus-iran müharibəsindən sonra İrandan 40 min erməni İrəvan, Gəncə, Qarabağ xanlığı ərazisinə köçürülmüşdü, tarixi qaynaqlar ortada. Bu köçürülmələrdən sonra belə, 1832-ci ildə Qarabağda əhalinin 91 faizi azərbaycanlılardan, cəmi 8,4 faizi ermənilərdən ibarət idi. İran indi Xanın kəndinə “Stepanakert” adını qoyub, üstəlik, oranı Ermənistana aid edir! Erməni sevgisi bitmirsə, onda ağaye-İran, götür erməniləri də apar, onlar üçün “Stepanakert” tik!

Budurmu İslam Həmrəyliyi? Tehranın da üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb, Emənistanı lənətləyib, Azərbaycanın ərazi bütövlüyünə dəstək verib, anldıq. Bəs, İranın “Stepanakert siyasəti”nin anlamı nədir?

Bu günlərdə Azərbaycan və Türkiyə Xəzərdə birgə təlim keçirəndə İrandan etiraz gəldi! Azərbaycan ərazisinə qanunsuz yüklər göndərən ölkədən e! Azərbaycanın beynəlxalq hüquqla sərhədləri daxilində olan ərazini kəsib Ermənistana “pay verən” ölkədən! 44 günlük müharibədən sonra Paşinyan belə Azərbaycanın ərazi bütövlüyünə şübhə etmir, amma İran…Deyək ki, prezident Rəisi qələbə münaisbətilə Azərbaycana təbrik yolladı, bəs, onda “Stepanakert” məsələsi nədir? İran bu mövqedə deyilsə, ortada hansısa məkrli planın olduğunu iddia edirsə, niyə araşdırmır, son qoymur bu xəyanətə?

Bu günlərdə Kəlbəcərdə səfərdəydik. Bir dənə salamat ev, dam örtüyü qalmamışdı. Orda söhbət etdiyimiz insanlar dedilər ki, bir ovuc erməninin ömrü və gücü çatmazdı bu qədər sərvədləri daşımağa, İrandan gəlib daşıdılar. Çox pis mənzərədir, çox…Üstəlik, azərbaycanlı sürücüləri irəli verirlər erməni maraqlarının qorunması planında. O taylı-bu taylı qardaşları üz-üzə qoymaq planıdır köhnə imperiyanın. Azərbaycan dövləti erməninin dağıtdığı məscidləri bərpa edir. İşğal dönəmində erməni ilə “məscid bərpası” layihəsində iştirak edənlər isə Azərbaycan dövlətinə nəinki yardım təklif etmir, hətta ermənilərə dəstək verirlər. Belə davam edə bilməz! Etməməlidir, İran, biz “od qonşusuyuq!”

Elşad Paşasoy,
Musavat.com

Facebook Comments