TürkPA-nın növbəti iclası sentyabrın 27-28-də Qazaxıstanda keçiriəcək

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) onuncu plenar iclası sentyabrın 27-28-də Qazaxıstanın Türküstan şəhərində keçiriləcək.

Sozcu.az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Məclisinin (aşağı palata) mətbuat xidmətinin Məclisin sədri Nurlan Niqmatulinin TürkPA-nın baş katibi Altınbek Mamayusupovla görüşünün yekunlarına dair yaydığı məlumatda bildirilir.

“Görüşdə TürkPA-nın 10-cu – yubiley plenar iclasına hazırlıq müzakirə olunub. Türkdilli ölkələrin parlamentlərinin forumu sentyabrın 27-28-də türk dünyasının paytaxtı Türküstan şəhərində keçiriləcək. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament sədrləri iştirak edəcək”, – deyə məlumatda qeyd olunur.

Özbəkistan parlamentinin rəhbərliyi və üzvləri də iclasa dəvət olunub.

TürkPA-nın onuncu iclasının ötən il Qazaxıstanda keçirilməsi nəzərdə tutulsa da, pandemiya səbəbindən 2021-ci ilə təxirə salınmışdı.

Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılmış TürkPA-ya Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxildir. Macarıstan 2014-cü ildə təşkilatda müşahidəçi statusu alıb.

Parlament Assambleyası Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) himayəsi altında fəaliyyət göstərir.

TDƏŞ-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə təmsil olunur.

Facebook Comments