“Gecikmiş yazı və ya Şeyximizin itirdiyi vicdanı haradan və necə tapıb yerinə qoyaq..!?”

İrandan Qarabağa TIR-larnan daşınan “tədarük”ün mənşəyi bilinmir. Dəfələrlə Azərbaycan narahatlığını ifadə etsə də, İran ciddiyə almayıb. İndi yenə də ” müsəlman” qardaşlarımız erməni faşistlərinə yardımlarını davam etdirirlər. Bir ay əvvəl Ermənistana edilən bu “yardımlara” görə Xarici İşlər Nazirliyimiz müsəlman “qardaşımız”ın ölkəmizdəki səlahiyyətli və fövqaladə səfirinə Azərbaycanın etiraz notasını təqdim etdi. Və elə bu an beynimdən bu fikir keçdi: görəsən, şeyx həzrətlərinin bundan xəbəri var, ya yox!? Xankəndinə “tədarük” daşıyan TIR-ların İran nömrəsi dəyişdirələrək Ermənistan nömrəsi ilə əvəzlənmişdir. Beləcə İrandan ermənilərə kömək məqsədilə yola salınan 58 yük maşınına Ermənistan nömrəsinin yapışdırılması müəyyən edilmış və TIR-lar geri qaytarılmışdır. Səs-səmir gəlmir Allahşükür Paşazadədən!!!

Hədər yerə özümüzə əziyyət verməyək. Vicdan hissini itirəndən yaxşıya doğru bir şey ummaq mənasız bir işdir. Allahşükür Paşazadənin timsalında əfsuslar olsun ki, həmişə gördüyümüz və eşitdiyimiz bir davranışın təkrar şahidi oluruq. Şeyx bu dəfə də susur, danışmaq istəmir. Görünür, onu İrana bağlayan daha dərin mətləblər, qatı açılmayan daha mübhəm səbəblər var ki, oradan ayrılması qeyri-mümkündür. Burada təkcə molla məfkurəsi rol oynamır.

Paşazadə barəsində təsəvvürlərim tamamilə başqa cür idi. Nə gizlədim, şeyximizi Azərbaycanın maraqlarını düşünən adam kimi təsəvvür edirdim. İlk dəfə onunla doğulduğum Qərbi Azərbaycanın Zəngibasar rayonunun Zəhmət kəndində klubun qarşısında-çayın qırağında görüşmüşdüm. Bu o zaman idi ki, cənab Paşazadə təzəcə Qafqazın Şeyxülislamı təyin edilmişdi. Bəndəniz də əsgərlikdən təzəcə qayıtmışdı. Yeni dini lider kimi Ermənistandakı azərbaycanlı kəndlərini ziyarətinə çıxan şeyximizlə İkinci dəfə 1988-ci ildə görkəmli qələm sahibimiz İlqar Rəhimov vasitəsilə tanış olmuş, üç dəfə apardığımız telefon söhbətimizdə İrəvan mahalında yaşayan azərbaycanlılara qarşı törədilən cinayət hadisələri barədə ona məlumatlar vermişdim. Həmin vaxt “Sovet Ermənistanı” qəzetində çalışırdım. Bizimkilərdən biri bu haqda Ermənistanın KQB-nə xəbər ötürmüşdü. Məni ölümün pəncəsindən baş redaktorumuz rəhmətlik Zərbəli Qurbanov aldı və gecəylə Arazdəyəndən Naxçıvana keçməyimə kömək etdi…

Lakin üzərindən 30 ildən çox müddət keçməsinə baxmayaraq həmişə müsbət andığım Şeyxülislam haqda fikrim dəyişdi. Niyə? Nə üçün? Günahkar onun özüdür.

Azərbaycan əsgərinin, Ali Baş Komandanın və xalqın birgə mübarizəsinə bu tərzdə biganə yanaşmaq yalnız qarışıq düşüncə daşıyıcışının və bəli, ən vicdansız adamın işi ola bilərdi ki, bunu da A. Paşazadə olduqca mükəmməl bacarır. İkinci Qarabağ savaşında əldə etdiyimiz böyük hərbi qələbəni İrandan gələn bir fətvaya bağlamasına nə ad verəsən?! Əslində bunun bir adı var, onu demək istəmirəm. 30 il erməni işğalı altında olan torpaqlarımız məhz 44 günlük müharibədə Ali Baş Komandanın qətiyyəti, əzmi, keçirdiyi çətin və gərgin günlərin nəticəsi olaraq düşmən işgalından azad edildi. Komandan xalqı və ordunu düşmənə qarşı toparlaya bildi. Zəfər qələbəmizi İran yox, öz dövlətimiz, xalqımız və igid əsgərimiz təmin etdi. Allahşükür Paşazadə isə ordumuzun zəfər mücadiləsini kölgə altına alaraq bu qələbənin fars rejiminin dini liderinin fətfası hesabına başa gəldiyini bildirir. Aşkar görünən budur ki, Azərbaycan Ordusunun və Ali Baş Komandan İlham Əliyevin düşmən üzərində müzəffər yürüşünü arxa plana çəkməklə qələbəni bir fətvanın Azərbaycan xalqına bəxş etdiyi hədiyyəsi kimi xüsusi vurğulayan şeyx həzrətləri bununla təkcə Azərbaycana ilişmir, həm də Türkiyənin dəstəyini və köməyini azaltmağa çalışır. Yaxşı, o deyir, ağlına gələni danışır, bəs səlahiyyət sahibləri niyə ağızlarına su alıb susurlar!? Bu cərgədən bir nəfərincə şeyxin fitnəsinə münasibət bildirməməsi adamda acı təəccüb doğurur…

Eldar Sabiroğlu
Sabiq millət vəkili və ehtiyat olan polkovnik

Facebook Comments