Validən qəribə açıqlama: Şəhriyarın anım günü “fars şeiri və ədəbiyyatı günü” kimi keçiriləcək

“Milli fars şeiri və ədəbiyyatı”nın qeyd edilməsi ilə bağlı qurulan komitənin toplantısında çıxış edən Şərqi Azərbaycan əyalətinin valisi Məhəmmədrza Purməhəmmədi dahi Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyardan danışıb.

“Neçə ildir ki, Şəhriyarın anım gününün milli fars şeiri və ədəbiyyatı günü kimi qeyd edilir. Lakin ötən illər ərzində bu mərasimin layiqincə keçirilməyib”- deyə, Məhəmmədrza Purməhəmmədi bildirib.

Vali bildirib ki, bu il Şəhriyarın anım günü laqyiqincə keçirilməlidir:

“Bu il koronavirus pandemiyası ilə əlaqədar karantin məhdudiyyətlərinə baxmayaraq Şəhriyarın anım günü və milli fars şeiri və ədəbiyyatı günü daha təntənəli keçirilməlidir.

Təbriz Universitetinin Şəhriyar adına mükafat təsis etməsi Azərbaycan, Gürcüstan və Türkiyə cümhuriyyətlərindən olan şəhriyarşünasların cəlb olunmasına yardım edib”- Purməhəmmədi belə deyib.

Vali deyib ki, 18 sentyabrın həm Şəhriyarın anım günü, həm də “milli fars şeiri və ədəbiyyatı günü” kimi qeyd edilməsinin əsas məqsədin Qafqazda İranın təsir imkanlarını artırmaqdan ibarətdir.

“Şəhriyarın anım günü və “Milli fars şeiri və ədəbiyyatı günü”nü qeyd etməkdə əsas məqsədlərdən biri bu vasitə ilə Qafqaz coğrafiyasında özümüzü tanıtmaq, potensialımızdan istifadə etməkdir”-deyə, vali təmsil etdiyi rejimin əsas hədəflərinə aydınlıq gətirib.

“Milli fars şeiri və dili günü”nün təşəbbüskarının Əliəsgər Şeirdust olduğunu vurğulayan vali ona təşəkkür edib.

Qeyd edək ki, 1962-ci ildə Təbrizdə dünyaya gələn və çoxsaylı vəzifələrdə çalışan Əliəsgər Şeirdust islam inqilabı ideyalarının, fars dili və ədəbiyyatının Orta Asiya və Qafqazda yayılması sahəsindəki fəaliyyətlərinə görə dəfələrlə hökumət tərəfindən mükafatlandırılıb.

Məhəmməd Füzulinin Bakıda keçirilən 500 illik yübleyində Ə.Şeirdust keçmiş prezident Heydər Əliyevə şairin farsca şeirlərindən ibarət neçə cildlik divanını təqdim edib.

“Məhəmməd Füzuli Azərbaycan şairidi və Azərbaycan dilində əsərlər yaradıb. Bəs onun öz ana dilində yazdığı şeirləri niyə nəşr etmirsiniz”-deyə, mərhum prezident Heydər Əliyev də ona iradını bildirmişdi.

Facebook Comments