“Heç birimiz bahalı maşınların təkərləri altında xurd-xəşil olmaqdan sığortalanmamışıq“

Əlilliyi olan insanlara qarşı xüsusi diqqət, qayğı hər bir kəsin borcu, vəzifəsidir. Onların cəmiyyətə inteqrasiyasını təmin etmək, mövcud komplekslərindən qurtulmalarına nail olmaq, eləcə də problemlərini həll etmək sağlam insanların qarşısında duran ən vacib məsələlərdən olmalıdır. Unutmaq olmaz ki, onların cəmiyyətdə digər insanlarla bərabər hüquqlu yaşamaq haqqı var və bu, onlar üçün çox vacibdir. Lakin çox təəssüflər olsun ki, bu günləri paytaxt ərazisində yaradılmış mövcud infrastrukturda sağlamlıq imkanları məhdud olan şəxslərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə nəzərdə tutulan qaydalara əməl etməyən sürücülər və hərəkətin digər iştirakçıları var.

Çox təəssüflər olsun ki, paytaxt küçələrində pandusların qarşısında dayanma-durma tələblərinin pozulması, görmə imkanları məhdud şəxslər üçün nəzərdə tutulan məlumatverici nişanların tələblərinə əməl edilməməsi, eləcə də parklama zamanı əlillər üçün xüsusi nişanla fərqləndirilən yerlərdən təyinatı üzrə düzgün istifadə olunmaması kimi yol hərəkəti haqqında qanunvericiliyin tələblərinin pozulması faktları aşkar olunmaqdadır. Ötən gün bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi əlillərin yolunu kəsən sürücülərə xəbərdarlıq edib. Qeyd olunub ki, baş verən qayda pozuntuları inzibati tənbeh tədbirlərinin seçilməsinə əsas yaradır. Bu məqamda qeyd edək ki, əlillər cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrindən biri olduğundan onlara qarşı diqqət mühüm əhəmiyyət kəsb edir.

Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə “Şərq”ə deyib ki, o, Azərbaycanda sürücü mədəniyyətinin aşağı olduğu qənaətindədir. Jurnalist diqqətə çatdırıb ki, sükan arxasında olan şəxslərin çoxu qaydalara əməl etmir:

“Hətta deyərdim ki, çoxu yol hərəkəti qaydalarını bilmir. Bu şəxslərin necə, hansı yolla sürücülük vəsiqəsi aldığı mənə məlum deyil. Sürücülərin əlilliyi olan şəxslərin yolunu kəsməsi geniş yayılmış problemdir. Məncə, xəbərdarlıq etməklə nəticəyə nail olmaq mümkün deyil. Hesab edirəm ki, həmin sürücülərə qarşı sərt tədbirlər görülməlidir. Sürücülər arasında maarifləndirmə işiləri aparmağa ehtiyac var. Qanunlar şəxslərə münasibətdə dəyişməməlidi. Sürücünün səhvi insan həyatına son qoya bilər. Hər bir sürücü məsuliyyətli olmalıdır. Təəssüf ki, bizim heç birimiz böyük və bahalı maşınların təkərləri altında xurd-xəşil olmaqdan sığortalanmamışıq. Bu kimi hallar cəzasızlıq mühti yaradır. Qanunların aliliyini təmin etməklə biz həm də həyatımızı sığortalamış olarıq”.

Facebook Comments