AMB-nin valyuta ehtiyatları beşillik maksimuma çatıb

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları avqustda 8,4% artaraq 2021-ci ilin avqustun 31-nə 7,043 mlrd. ABŞ dollar təşkil edib.

Sozcu.az-ın AMB-nin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, 2015-ci ilin avqust ayından bəri qeydə alınan ən yüksək göstəricidir. Belə ki, bankın valyuta ehtiyatlarının həcmi bundan çox sonuncu dəfə 2015-ci ilin avqustun 31-də olmuşdu – 7,315 mlrd. manat.

2015-ci ilin əvvəlindən bəri AMB-nin valyuta ehtiyatlarının ən aşağı səviyyəsi isə 2016-cı ilin yekununda (31.12.2016) qeydə alınmışdı – 3,974 mlrd. dollar. Sözügedən tarixdən ölkənin maliyyə tənzimləyicisinin rəsmi valyuta ehtiyatları 77,2% artıb.

Qeyd edək ki, avqust ayında bankın valyuta ehtiyatlarının gözəçarpan artımı (2017-ci ilin yanvar ayından bəri qeydə alınmış ən kəskin aylıq artım) Beynəlxalq Valyuta Fondunun (BVF) tarixdə ən böyük sayılan və avqustun 23-də qüvvəyə minən maliyyə bölgüsü çərçivəsində Azərbaycanın xüsusi borcalma hüquqları (SDR) limitinin artırılması ilə bağlıdır.

Xatırladaq ki, BVF avqustun 23-də qüvvəyə minən üzv ölkələrə 650 mlrd. ABŞ dollar ekvivalentində olan maliyyə bölgüsü çərçivəsində Azərbaycana 375,4 mln. SDR (530 mln. dollara yaxın) ayırmışdı.

Bundan əvvəl apreldə AMB-nin valyuta ehtiyatlarının 2021-ci ildə 6,3 mlrd. dollar, 2022-ci ildə isə 6,5 mlrd. dollar təşkil edəcəyini güman edən BVF, sözügedən növbədən kənar maliyyə bölgüsündən sonra çox güman, öz proqnozlarına düzəliş etməli olacaq.

Facebook Comments