Bu ölkə Azərbaycana görə Rusiyaya nota verdi

Litva Moskvaya yeni etiraz notası göndərərək, Rusiyanın noyabrın 14-də Kiyevdəki Azərbaycan səfirliyinin binasına ciddi ziyan vurmasına xüsusi diqqət yetirib. Sozcu.az Musavat-a istinadən xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyindən bildiriblər. Vilnüs hadisəni Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulması adlandırıb. Litva həmçinin Rusiyanın Ukraynaya qarşı son hücumlarını qətiyyətlə pisləyib: “Kiyevdə və paytaxt bölgəsində, eləcə də Xarkov, Odessa, Sum və digər şəhərlərdə on nəfərdən çox mülki şəxs həlak olub, onlarla insan yaralanıb. Yaşayış binalarına, çoxmənzilli binalara, xəstəxanaya, enerji obyektlərinə və digər infrastruktur obyektlərinə ziyan dəyib”.

Putinə mesajım budur: sizi görürük... - Hili

Rusiyaya və Prezident Vladimir Putinə mesajım budur: sizi görürük. Sozcu.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili deyib. “Rusiyata məxsus “Yantar” gəmisi Britaniya sularının kənarında dənizaltı kabellərin xəritəsini çəkir və Britaniya qüvvələrinə lazer şüaları yönəldir ki, bu da son dərəcə təhlükəlidir. “Nə etdiyinizi bilirik. “Yantar” bu həftə cənuba yola düşsə, biz hazır olacağıq”, - Hili bildirib.

ABŞ Ukrayna “Patriot”larını modernləşdirir

ABŞ Dövlət Departamenti Ukraynaya 105 milyon dollarlıq “Patriot” hava hücumundan müdafiə sistemləri üçün avadanlıq və xidmət satışını təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqonun yazılı açıqlamasında bildirilib. Paket Ukrayna “Patriot”larının M901-dən M903 səviyyəsinə yüksəldilməsini, həmçinin təlim və logistika dəstəyini əhatə edir. Qərar 15 günlük etiraz müddətinin bitməsindən sonra rəsmiləşəcək.

Ərdoğanla Zelenskinin görüşü keçirildi

18:25 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş keçirilib. Sozcu.az xəbər verir ki, liderlər arasında görüş Ankarada baş tutub. Görüşdə xarici işlər naziri Hakan Fidan, Milli İstehbarat Təşkilatının rəhbəri İbrahim Kalın, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak edib. Görüşdən sonra liderlər birgə mətbuat konfransı keçirəcək.

Sumqayıtda ev yandı, zəhərlənənlər var

Sumqayıtda yaşayış evində yanğın baş verib, tüstüdən zəhərlənənlər var. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 16-cı mikrorayonunda yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. Yanğın nəticəsində 2002-ci il təvəllüdlü Məhyəddin Mahmud oğlu Mahmudzadə və həyat yoldaşı, 2003-cü il təvəllüdlü Xumar Elçin qızı Mahmudzadə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər. Yanğının baş vermə səbəbi araşdırılır.

Adnana məxsus “Rahat Market”in yerləşdiyi obyekt müsadirə olundu

Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadəyə məxsus “Rahat Market”in Xırdalan filialının yerləşdiyi qeyri-yaşayış sahəsi müsadirə olunub. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, 411 kv2 ərazisi olan obyekt Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 266 ünvanında yerləşir. Müsadirə olunaraq dövlət hərracında satılacaq obyektin hazırkı bazar qiyməti 1 milyon manat civarında dəyərləndirilir. Qeyd edək ki, bir müddət öncə Adnan Əhmədzadəyə məxsus “Bolmart”ın Bakının Səməd Vurğun 60 ünvanında yerləşən filialından da çıxarılması gündəmə gəlmişdi.

Payızda yaz havası - Sabah 22 dərəcə isti olacaq

Azərbaycanda noyabrın 20-də havanın 22 dərəcə isti olacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 17-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu,nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 17-21, dağlarda gecə 1-5, gündüz 7-12 dərəcə isti olacaq.

“Lukoil”in Azərbaycanı tərk etməsi nə ilə nəticələnəcək? - AÇIQLAMA

“LUKOİL”in Azərbaycanı tərk etməsi xəbəri yayılıb. “LUKOİL” dünyanın 22 ölkəsində işləyir. Bu məsələ təkcə Azərbaycanda deyil, Qazaxıstanda, Özbəkistanda və bir çox ölkələrdə gündəmdədir. Bu, oktyabrın 22-də ABŞ-nin Maliyyə Nazirliyinin “Rosneft” və “LUKOİL” şirkətlərinə qarşı yeni sanksiyalarının tətbiqi ilə əlaqədardır. LUKOİL”in 34 törəmə şirkəti var. Sanksiyada hamısının adı qeyd edilməyib, amma onlara da şamil edilir. Dollarla əməliyyat aparmaq qadağan olunur. Amerika vətəndaşlarına, Amerikada işləyən şirkətlərə “LUKOİL”lə hər hansı ticari və hüquqi təmasda əlaqələrin qurulması qadağan edilir. Bu baxımdan, “LUKOİL”in Azərbaycandakı bəzi layihələri də gedə bilər”. Bu sözləri Pravda.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. “ABŞ Maliyyə Nazirliyi sanksiyada göstərib ki, harada “LUKOİL” 50%+1 səhmə, nəzarət paketinə malikdirsə, o layihələrə birinci sanksiya tətbiq edilir. “Şahdəniz” layihəsini götürsək, “LUKOİL” bu layihədə 19,99% paya malikdir. İkinci tərəfdən, “LUKOİL”in Azərbaycanın pərakəndə neft məhsulları bazarında kifayət qədər rolu var. “LUKOİL-Azərbaycan” QSC-nin 1 neft-bazası, 87 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bütün bunlar tamamilə “LUKOİL”ə məxsusdur. Beləliklə, şirkətin Azərbaycanın yanacaq bazarından getməsi mümkündür. Eyni zamanda “Şahdəniz” layihəsinə bu vəsait necə köçürülücək, şirkət öz vəzifələrini necə həyata keçirəcək, hələ bu açıq sualdır. Düşünürəm, dekabrın ilk on günlüyündə tamamilə bu məsələlərə aydınlıq gətiriləcək. Çünki baxmayaraq ki, noyabrın 21-dən sanksiyalar tətbiq edilir, ABŞ Maliyyə Nazirliyi ikinci bir imkan verib, dekabrın 13-nə qədər “LUKOİL” məsələləri yekunlaşdırsın”, - İ.Şaban bildirib.

Paşinyanın partiyadaşı Türkiyə ilə sərhədin tezliklə açılacağı anonsunu verdi: “Sülh artıq bərqərar olub”

Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri, hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü Sarkis Xandanyan Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində qaçılmaz irəliləyişin olduğunu açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə o, ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən iclasında danışıb. “Bu gün Türkiyədə olarkən Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinin tezliklə müsbət nəticələr verəcəyinə dair nikbinliyi ifadə etməyə bilmərəm”, - Xandanyan bildirib. Onun sözlərinə görə, hazırda aparılan konstruktiv və fəal siyasi dialoq ümid verir ki, bu dialoq tezliklə əlaqələrimizin institusionallaşmasına, sərhədlərin açılmasına və daha geniş əməkdaşlığa çevriləcək”. Xandanyan bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sülh artıq bərqərar olub. Xatırladaq ki, bu yaxınlarda Türkiyə parlamentinin keçmiş üzvü Karo Palyan gələn il yanvar-fevral aylarında Ermənistan-Türkiyə sərhədinin açılacağını bildirib.

Pensiya və müavinətlərə nə qədər xərclənəcək?

“2026-cı ildə dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi və yaxud 17,1 milyard manat sosialyönlü xərclərə yönəldiləcəkdir. Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur. Beləliklə, 2026-cı ildə də sosialyönlü xərclər əsas prioritetlər sırasında olacaqdır”. Sozcu.az  xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir bildirib ki, örtamüddətli büdcə dövrü ilə, yəni 2022-ci illə müqayisədə sosialyönlü xərclər 5,6 milyard manat və ya 48 faiz çox olacaqdır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən xərclər üçün gələn ilin dövlət büdcəsində 4,9 milyard manat vəsait nəzərdə tutulur. Bu, 2025-ci ilə nisbətən 121 milyon manat, 2024-ci ilin icra göstəricisinə nisbətən isə 722 milyon manat çoxdur. Ortamüddətli büdcə dövrü ilə müqayisədə, yəni cəmi 4 illik dövrdə bu xərclər 41 faiz artmışdır. Cari illə müqayisədə 151 milyon manat artımla proqnozlaşdırılan sosial müavinətlər, təqaüdlər və digər sosial ödənişlərə 2,8 milyard manat vəsait sərf ediləcəkdir.  Sosial siyasətin digər vacib istiqaməti kimi keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər növbəti ildə 285 milyon manat proqnozlaşdırılır.

Sabiq hərbi hissə komandirinə hökm oxundu

Rüşvət almada təqsirləndirilən sabiq hərbi hissə komandiri Vüsal Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Tərtər Hərbi Məhkəməsində hakim Əhməd Sarıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Vüsal Hüseynov 5 il müddətə şərti azadlıqdan məhrum edilib. Qeyd edək ki, təqsirləndirilən Vüsal Hüseynov Tərtərdə yerləşən N saylı hərbi hissəsinin komandiri olub. Ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Musayevin bıçaqlanması: federasiya prezidenti həbsdən buraxıldı

Azərbaycan Muay Tay Federasiyasının prezidenti Azər Həsənsoy, Kikboksinq Federasiyasının vitse-prezidenti Elşən Abdulrəhmanov və muaytay üzrə yığma komandanın baş məşqçisi Vüqar Əsədov təcridxanadan buraxılıblar. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, dünən Türkiyənin Antalya şəhərində keçirilən altı saatlıq məhkəmə sonrası hər üç şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və ev dustaqlığı qətimkan tədbiri seçilib. Xatırladaq ki, onlar doqquzqat dünya çempionu Araz Musayevin mayın 28-də Türkiyədə bıçaqlanması ilə bağlı aparılan təhqiqat çərçivəsində "qəsdən adam öldürməyə cəhd" maddəsi üzrə ittiham edilərək həbs edilmişdilər.

Xıdırlı kəndinə növbəti köç karvanı yola salındı

Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb. Sozcu.az xəbər verir ki, bu mərhələdə kəndə 15 ailə (73 nəfər) köçürülür Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir. Qeyd edək ki, bu köçlə Xıdırlı kəndinə qayıdan ailələrin sayı 555-ə (2195 nəfər) çatacaq.

Azərbaycan təbii qazı Gürcüstana 107, əhaliyə isə 126 dollara satıb

Bu ilin ilk 9 ayı ərzində Azərbaycan xarici ölkələrə ümumi dəyəri 6 milyard 698,6 milyon dollar olan 18 milyard 527,8 milyon kubmetr təbii qaz satıb. Sozcu.az xəbər verir ki, xarici ölkələrə satılan təbii qazın 1000 kubmetrinin orta gömrük dəyəri 361 dollar olub. Qeyd edək ki, Azərbaycan təbii qazı 6 ölkəyə satıb. Təbii qazın satıldığı ölkələr, satılan təbii qazın miqdarı və 1000 kubmetrinin gömrük dəyəri belə olub: İtaliya – 7,06 milyard kubmetr (496 dollar); Türkiyə – 7,46 milyard kubmetr (272 dollar); Gürcüstan – 1,73 milyard kubmetr (107 dollar); Bolqarıstan – 1,42 milyard kubmetr (367 dollar); Yunanıstan – 679,6 milyon kubmetr (527 dollar); Serbiya – 186,4 milyon kubmetr (557 dollar). Məlumat üçün bildirək ki, Azərbaycan daxilində əhaliyə satılan təbii qazın illik istehlak həcminin 1200 kubmetrədək olan hissəsi üçün tarif 125 manat, 1200 - 2500 kub metrədək olan hissəsi üçün 220 manat, 2 500 kub metrdən çox olan hissəsi üçün isə 300 manat müəyyənləşdirilib. Göründüyü kimi, Azərbaycanda əhaliyə satılan təbii qazın orta satış qiyməti 215 manat (126 dollar) təşkil edir. Onu da bildirək ki, Azərbaycan qaz ixrac etməklə bərabər Türkmənistandan və Rusiyadan təbii qaz idxal edib. Bu ilin ilk 9 ayı ərzində Azərbaycan Türkmənistandan 231 milyon, Rusiyadan isə 21,2 milyon kubmetr qaz alıb. Bu ölkədən alınan qazın 1000 kubmetrinin gömrük dəyəri müvafiq olaraq 152 və 185 dollar olub.yeniavaz)

İtkin şəhid İlham Dadaşovun anası vəfat etdi

Neftçaladan olan itkin şəhid İlham Adil oğlu Dadaşovun anası Elmira Dadaşova vəfat edib. Sozcu.az xəbər verir ki, o bu gün dünyasını dəyişib. Qeyd edək ki, İlham Dadaşov 1973-cü ildə Neftçala rayonu Kürkənd kəndində anadan olub. 1992-ci ildə Milli Ordu sıralarına qoşulub. O, bir neçə yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Son döyüşü Fərrux yüksəkliyi uğrunda olub və 1992-ci ildə itkin düşüb./Oxu.az

İş günü qısaldılacaq - Bu tarixdə

Azərbaycanda 30 dekabr qısaldılmış iş günüdür. Sozcu.az Mətbuat.az-a istinadla xəbər verir ki, 31 Dekabr – Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar olaraq, 30 dekabr (çərşənbə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən dövlət və özəl müəssisələrdə 30 dekabrda iş vaxtı adi günlərlə müqayisədə bir saat daha qısa olacaq. Qeyd edək ki, 1–2 yanvar tarixləri də qeyri-iş günləridir.

Moskvanın iki hava limanında məhdudiyyət tətbiq edildi

Rusiyanın Vnukovo və Şeremetyevo hava limanında təyyarələrin eniş və qalxışına müvəqqəti məhdudiyyət tətbiq edilib. Sozcu.az xəbər verir ki, bu barədə “Rosaviasiya”nın məlumatında deyilir. Bildirilib ki, məhdudiyyət “Xalça” planının tətbiqi ilə əlaqədardır. Hər iki aeroportun uçuş cədvələrində dəyişikliyin olacağı istisna edilmir.

Tramp hərbi əməliyyatlara hazırlaşır

ABŞ-ın sabiq milli təhlükəsizlik müşaviri Con Bolton prezident Donald Tramp administrasiyasının Venesuelaya qarşı mümkün hərbi əməliyyata hazırlaşdığını bildirib. Sozcu.az xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb. Boltonun sözlərinə görə, ABŞ Avropadan dünyanın ən böyük aviadaşıyıcısı olan "USS Gerald R. Ford" gəmisini və onu müşayiət edən aviadaşıyıcı zərbə qrupunu Karib hövzəsinə yönləndirməklə, Venesuela prezidenti Nikolas Maduroya qarşı əməliyyat ehtimalını nəzərdən keçirir. “Əgər söhbət təkcə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədən getsəydi, bu başqa məsələ olardı. Amma görünən odur ki, hədəf Maduro hakimiyyətinin devrilməsidir. Əks halda niyə "Gerald R. Ford" Karib dənizinə göndərilsin?” – deyə Bolton vurğulayıb.

Əhməd Oruc xəstəxanaya aparılan gün evi qarət edildi

İnsult keçirərək xəstəxanaya yerləşdirilən Azadlıq Partiyasının sabiq sədri Əhməd Orucun evi qarət edilib. Sozcu.az xəbər verir ki, bu barədə Lent.az-a Əhməd Orucun oğlu Abdul Oruc məlumat verib. Onun sözlərinə görə, hadisə atasını xəstəxanaya yerləşdirən gün baş verib: “Evimiz “Şamaxinka” adlanan ərazidə yerləşir. Biz xəstəxanada olanda pəncərəni qıraraq evə giriblər. Evdən 6 min manatlıq qızıl olmaqla ümumən 10 min manat dəyərində oğurluq edilib” . Abdul Oruc qeyd edib ki, hadisə ilə bağlı polisə məlumat verilib: “Xəstəxanadan qayıdanda gördük ki, evimiz qarət edilib. Dərhal polisə məlumat verdik. Binəqədi Rayon Polis İdarəsindən gəlib əl izlərini götürdülər. Bildiyimizə görə, hadisəni törədənin kimliyi artıq müəyyən olunub. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir” . Qeyd edək ki, Əhməd Oruc iki gün əvvəl ürəyindəki ağrılarla bağlı Elmi-Tədqiqat Kardiologiya İnstitutuna həkim qəbuluna gedib. İnstitutda olarkən o, insult keçirib. Hazırda reanimasiyadadır.

Yararsız avtobuslar külə döndü - GÖRÜNTÜ

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ərazidə park edilmiş istismara yararsız avtobuslarda baş vermiş yanğın yayılmasına, o cümlədən digər avtobuslara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 35 ədəd istismara yararsız avtobusun 4 ədədi yanıb. Digər avtobuslar yanğından mühafizə olunub.

Qaxda məktəbli güllələndi

Qaxda məktəbli güllələnib. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, hadisə Əmbərçay kəndində qeydə alınıb. Kənd sakini olan 14 yaşlı Səfər Orucov (ad və soyad şərtidir) naməlum şəraitdə güllə yarası alaraq, xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır. Yaralının orta məktəbin 8-ci sinfində təhsil aldığı bildirilir.

Bu, Gürcüstan üçün çox pis xəbər olacaq - Saakaşvili

Fransanın keçmiş prezidenti Nikola Sarkozini həbsdən buraxdılar, məni isə tibb müəssisəsindən bura qaytardılar. Sozcu.az xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial media hesabında yazıb. “Rustavi həbsxanasına köçürülməyim mənə dostum Aleksey Navalnını, həbsxanada onunla bağlı baş verənləri xatırlatdı. Navalnını da məhz ikinci dəfə zəhərlədikdən sonra öldürdülər. Ümumi vəziyyətə gəlincə, diktatorun (Bidzina İvanişvili) indi girovlarla bağlı ticarət mərhələsinə keçdiyi fikri ilə razılaşmıram. Əslində, o, indi etiraz alovunu tamamilə söndürməklə məşğuldur. Buna nail olsa, onda anlayacaq ki, həbs əməliyyatları işləyir və daha çox insanı tutacaq. Əgər girov məsələsində amerikalılarla ticarətə getsə, bu, Gürcüstan üçün çox pis xəbər olacaq, çünki girovların azad olunması müqabilində o, legitimlik qazanacaq və diktaturanı möhkəmləndirmək imkanı əldə edəcək”.

Bakıda məşhur əyləncə mərkəzi müsadirə olundu

Bakıda fəaliyyət göstərən məşhur “Residence Cinema Club”un yerləşdiyi qeyri-yaşayış sahəsi müsadirə olunub. Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti 58 ünvanında yerləşən obyekt dövlət hərracında satılacaq. 10 otaqdan və sahəsi 241 kvadrat metrdən ibarət olan ictimai-iaşə obyektinin hazırkı hərrac qiyməti 446 min manatdır. Qeyd edək ki, “Residence Cinema Club”un yerləşdiyi məkanın hansı səbəbdən müsadirə edildiyi hələlik bəlli deyil.

Gələn ay əlilliyi olan şəxslərə birdəfəlik yardım veriləcək

3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar Azərbaycanda əlilliyi olan şəxslərə birdəfəlik yardım veriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi "Instagram" səhifəsində məlumat yayıb. "Əlilliyi olan şəxslərə birdəfəlik maddi yardımın verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sərəncamı əsasında həyata keçirilir. Cari ildə sözügedən maddi yardımın verilməsi ilə bağlı müvafiq qərar olacağı təqdirdə müraciətlər qeydə alınaraq növbəlilik qaydasında baxılacaq. Müvafiq qərar olacağı təqdirdə müraciətlərin qəbulu filiallar vasitəsilə aparılacaq", - deyə məlumatda qeyd olunur. Birdəfəlik yardımın məbləği 30 manat olacaq. Əlilliyi olan vətəndaşlar müraciət üçün Sosial Xidmətlər Agentliyin filiallarına yaxınlaşa və ya şəxsiyyət vəsiqəsinin surəti və əlilliyi təsdiq edən sənədin əlavə olunduğu ərizələrini Agentliyin [email protected] elektron ünvanına göndərə bilərlər.  Xatırladaq ki, 1992-ci ildə BMT Baş Assambleyası qəbul etdiyi Bəyannaməyə görə dekabrın 3-ü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunur. BMT üzvü olan digər ölkələr kimi bu tarix  Azərbaycanda da qeyd olunur. 2025-ci ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda əlilliyi olan şəxslərin sayı 498 min 442 nəfərdir. Bu rəqəm 2023-cü illə müqayisədə 5243 nəfər (1%) azdır. Əlilliyi olan şəxslərin əksəriyyəti (454 min 944 nəfər) 18 yaşdan yuxarıdır, onların arasında 64 min 187 nəfərin orqanizminin funksiyaları 81-100% pozulmuşdur. Əlilliyi olan uşaqların sayı isə 43 min 498 nəfərdir.  Ümumi əlilliyi olan şəxslər: 498,442 18 yaşdan yuxarı əlilliyi olan şəxslər: 454,944 Əlilliyi olan uşaqlar (18 yaşa qədər): 43,498 Orqanizmin funksiyaları 81-100% pozulmuş şəxslər: 64,187 Orqanizmin funksiyaları 61-80% pozulmuş şəxslər: 265,128 Orqanizmin funksiyaları 31-60% pozulmuş şəxslər: 125,629