Fuad Nəcəfli istintaqa cəlb edildi

Baş Prokurorluqda "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərova cinayət işi açılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində icraata verilib. Məlumatda qeyd olunur ki, Naxçıvanda adıçəkilən agentliyə 16 il ərzində rəhbərlik etmiş B. Əsgərov 22 fevral 2025-ci ildə vəzifəsindən azad olunub. Ona qarşı irəli sürülən ittihamlar 2018-2023-cü illəri əhatə edir, bu müddətdə dövlətin xüsusilə külli miqdarda - 5 milyon manatdan çox vəsaitini ələ keçirdiyi vurğulanır. Qeyd edək ki, həmin dövrün 1 ili Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin vəzifədə olduğu dövrə düşür. Sozcu.az xəbər verir ki, “AzPolitika”-ya daxil olan məlumata görə, F.Nəcəfli bu iş üzrə istintaqa cəlb edilib. Mənbə iddia edir ki, bundan əlavə Nəcəfli başqa bir cinayət işi üzrə korrupsiya, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərində də ifadə verib. Qeyd olunur ki, iş üzrə epizodlardan biri NMR Taxıl Fondundan 6.5 milyon manat dəyərində taxılın qanunsuz olaraq ARF şirkətinə verilməsi ilə bağlıdır. Bu əməliyyatdan əldə edilən vəsaitin keçmiş səlahiyyətli nümayəndə tərəfindən mənimsənildiyi iddia olunur. Mənbə F. Nəcəflinin vəzifədə olduğu dövrdə davranışı, dövlət rəsmiləri ilə işgüzar münasibəti haqqında da informasiya verib. Qeyd olunur ki, o, tutduğu posta tamamilə uyğunsuz kadr olub, yerli nazirlərə, komitə sədrlərinə, deputatlara qarşı məmur etikasından kənar münasibət sərgiləyib. Onlara qarşı tez-tez alçaldıcı, təhqiramiz hərəkətlərə yol verib. Əldə olunan çoxsaylı məlumatlar F.Nəcəfli kimi tamamilə yararsız kadrın belə yüksək posta təqdimatını verənlərin cəsarətinə həsəd yaradır. “O, qeyri-adekvat, tutduğu vəzifənin məsuliyyətini dərk etməyən, hədsiz tamahkar şəxs idi”, - mənbə vurğulayıb.

Ordumuzun əsgəri vəfat etdi

Azərbaycan Ordusunun əsgəri vəfat edib. Sozcu.az xəbər verir ki, hadisə Yevlax rayonunun ərazisində yerləşən “N” saylı hərbi hissədə baş verib. Belə ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edən əsgər, 2006-cı il təvəllüdlü Xətai Fərahim oğlu Məmmədovun meyiti hərbi hissənin idman meydançasında aşkarlanıb. Qeyd edək ki, mərhum əsgər iki ay sonra tərxis olunacaqdı (Unikal.org).

Külək güclənəcək - XƏBƏRDARLIQ

Fevralın 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Zəngilan, Daşkəsən, Goranboy, Mingəçevir, Qobustan, Siyəzən, Qusar, Neftçala, Biləsuvar, Salyan, Füzuli, Beyləqan, Cəlilabad, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Trampdan Şara ilə bağlı maraqlı etiraf

ABŞ Prezidenti Donald Tramp suriyalı həmkarı Əhməd əş-Şara ilə bağlı danışıb. Sozcu.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında deyib. Ağ Evin rəhbərinin sözlərinə görə, məhz onun dəstəyi nəticəsində Şara hazırkı vəzifəsini tutur. Tramp bildirib ki, Suriya prezidenti möhtəşəm işlər görür. Həmçinin onu “sərt insan, itaətsiz oğlan” kimi də xarakterizə edib: “Məhz bu xüsusiyyətlər ölkənin idarə olunmasında yaxşı nəticələr verir”. Tramp əlavə edib ki, o, yaxın zamanda Şara ilə telefon danışığı aparıb və dünyada ən təhlükəli terrorçuların saxlanıldığı həbsxanalardakı vəziyyəti müzakirə edib.

Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır

Fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin toplantısı keçiriləcək. Sozcu.az “AzPolitika”ya istinadən xəbər verir ki, iclasda baxılacaq məsələlərdən biri də AMEA-nın keçmiş prezidenti, hazırda dövlətə xəyanət və s. ağır cinayətlərdə ittiham olunaraq ev dustağı edilmiş Ramiz Mehdiyevin qurumun həqiqi üzvlüyündən çıxarılması olacaq. Qeyd edək ki, R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Ötən həftə Səbail Rayon Məhkəməsi onun barəsində seçilmiş qərarın daha 4 ay uzadılması barədə qərar verib. Ramiz Mehdiyev 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub.

Xamenei öldürülə bilər - Tramp planı nəzərdən keçirir

Tramp administrasiyası İrana uranı "simvolik" şəkildə zənginləşdirməyə icazə verən təklifi nəzərdən keçirməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ-ın yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb. Məlumatda o da bildirlib ki, Tramp administrasiyası eyni zamanda, İranın ali lideri Ayətullah Seyid Əli Xameneinin zərərsizləşdirilməsi variantını da nəzərdən keçirir. Qeyd edək ki, birinci variant İranın nüvə potensialını məhdudlaşdırmaq və müharibənin qarşısını almaq üçün razılaşmaya yol aça bilər. ABŞ rəsmiləri bildiriblər ki, İranın qarşıdan gələn nüvə təklifi üçün çox yüksək məhdudiyyətlər var, çünki plan ABŞ administrasiyasında və regionda çoxsaylı skeptikləri inandırmalıdır.

Azərbaycanda FACİƏ: FHN əməkdaşı HƏLAK OLDU - YENİLƏNDİ

Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi zamanı avtoqəza nəticəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşılarından biri yaralanıb, digəri ölüb. Sozcu.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq FHN-dən məlumat verilib. Bildirilib ki, xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu həyatını itirib, Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Tağıyev Elşən İnsanağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. E.Tağıyevin həyati təhlükəsi yoxdur. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. *** 10:10 Salyanda yanan avtomobili söndürən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını maşın vurub, biri ölüb. Səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən hissəsində yanan “Mercedes” markalı yük avtomobilini söndürən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Yanğından Mühafizə Hissəsinin əməkdaşlarını avtomobil vurub. Nəticədə 42 yaşlı Neftçala rayonunun Şorkənd kənd sakini Hakim Piriyev hadisə yerində ölüb. Digər əməkdaş xəstəxanaya yerləşdirlib. Faktla bağlı araşdırma aparılır.

Faciəli şəkildə həyatını itirən FHN əməkdaşının FOTOSU

Xəbər verdiyimiz kimi, 21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu həyatını itirib. Sozcu.az xəbər verir ki, faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Ukrayna “İsgəndər” raketləri istehsal edən zavodu vurdu

Rusiyada “İsgəndər” və “Oreşnik” kompleksləri üçün raketlər istehsal edən müəssisəyə zərbə endirilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilib ki, gecə saatlarında həyata keçirilən hücum zamanı Udmurtiyanın Votkinsk şəhərində yerləşən “Votkinsk zavodu” hədəfə alınıb. Müəssisə “İsgəndər-M”, “Topol-M” və “Oreşnik” raketlərinin istehsalı ilə məşğuldur. Zərbənin PUA ilə deyil, “Flaminqo” raketləri ilə endirildiyi iddia olunur. Vurğulanıb ki, Votkinsk şəhəri ilə Ukrayna sərhədi arasındakı məsafə təxminən 1400 kilometrdir. *** Regional Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 11 nəfər yaralanıb. Üç nəfər xəstəxanaya yerləşdirilib, ikisinin vəziyyəti orta, birinin isə vəziyyəti isə ağırdır. Yerli sakinlər isə zavodun 22 və 36 nömrəli sexlərinin zədələndiyini bildirirlər.

Tramp sarsıdıcı zərbə aldı: manevr imkanı məhdudlaşdı

ABŞ Prezidenti Donald Tramp bu günə qədər digər dövlətlə qarşı tariflər (gömrük rüsumları) tətbiq edərkən 1977-ci ilin Beynəlxalq fövqəladə iqtisadi səlahiyyətlər qanununa (İEEPA - International Emergency Economic Powers Act) əsaslanırdı, Ali Məhkəmə 6-3 səs nisbətilə bütün bu tariflərin qanunsuz olduğu barədə qərar verdi və Trampa İEEPA-ya əsaslanmağı qadağan etdi. Sozcu.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov bildirib. “Tariflərin tətbiqi prezidentin yox, Konqresin səlahiyyətindədir. Ali Məhkəmənin qərarı Trampın manevr imkanlarını çox ciddi şəkildə məhdudlaşdırır”, - o vurğulayıb. Qeyd edək ki, Ali Məhkəmənin bu qərarından sonra Tramp 1974-cü ildə qəbul edilmiş ticarət qanununun 122-ci maddəsini rəhbər tutaraq bütün idxala 10%-lik rüsum tətbiq edib.

Türkiyədə əməliyyat: 346 nəfər saxlanıldı

Türkiyədə Jandarma Baş Komandanlığı tərəfindən 5 vilayətdə aparılan narkotik əməliyyatları çərçivəsində 346 nəfər şübhəli şəxs qismində saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, əməliyyatlar çərçivəsində 83 min 625 ədəd narkotik vasitə hesab edilən həblər və 11 kiloqram müxtəlif formada narkotik maddələr müsadirə edilib.

Qızıl qaçaqmalçısı BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs Birləşmiş Ərəb Əmirliklərində tutularaq Azərbaycana ekstradisiya edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Fevralın 20-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən daha bir şəxsin Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib. Belə ki, bir sıra şəxslərlə qabaqcadan əlbir olaraq xüsusilə külli miqdarda zərgərlik məmulatlarını (1.683.298 manat dəyərində) Azərbaycan Respublikasının dövlət sərhəddində bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ittiham edilmiş Azərbaycan vətəndaşı Səmədzadə Tural Akif oğlunun yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o, həbs edilib. Ədliyyə Nazirliyinin sorğusunun və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində ölkəmizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Birləşmiş Ərəb Əmirliklərinin ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir. Səmədzadə Tural Akif oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib. Ədliyyə Nazirliyi tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Şagirdlərin elektron yerdəyişməsi BAŞLAYIR

25 fevral saat 15:00-dan etibarən 2025-2026-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq. Bu barədə Sozcu.az-a MÜTDA-dan məlumat verilib. Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, 1-10-cu sinifləri əhatə edəcək. Şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir. Qeyd edək ki, 25 fevral 2026-ci il tarixindən 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 9-cu sinif üzrə yerdəyişmə prosesi 5 mart 2026-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.

Azərbaycanda evlənən və boşananların sayı azalıb

Azərbaycanda nikah və boşanmaların sayı azalıb. Sozcu.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb. Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən keçən il ərzində ölkədə 48 min 546 nikaha daxilolma və 20 min 675 boşanma halları qeydə alınıb. Həmçinin qeyd olunub ki, 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.

Sosial Tədqiqatlar Mərkəzi MEDİA-ya birləşdirildi, yeni mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Medianın İnkişafı Agentliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi publik hüquqi şəxslərin yenidən təşkili haqqında Fərman imzalayıb. Sozcu.az-ın xəbərinə görə, Fərmana əsasən, Medianın İnkişafı Agentliyi publik hüquqi şəxs Sosial Tədqiqatlar Mərkəzi publik hüquqi şəxsin ona qoşulması yolu ilə və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ona qoşulması yolu ilə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi publik hüquqi şəxs qismində yenidən təşkil edilir. Müəyyən edilib ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs (bundan sonra – Agentlik) medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən, habelə ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına (qurumlarına) təqdim edən publik hüquqi şəxsdir. “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxs (bundan sonra – Mərkəz) dünyada və regionda baş verən proseslərin təhlili, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparılması, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılması, Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) elmi-təhlili materiallarla təmin edilməsi sahəsində fəaliyyət göstərən, habelə azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edən, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və mövcud multikultural modelləri tədqiq və təşviq edən publik hüquqi şəxsdir. “Sosial Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hüquqları və öhdəlikləri, habelə əmlakı müvafiq olaraq Agentliyə və Mərkəzə keçir. Agentliyin təsisçisi səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib: Azərbaycan Respublikasının Prezidentinə: - Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi; - Agentliyin idarəetmə orqanlarının yaradılması, idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi; - Agentliyin ləğvi və yenidən təşkili; - nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi; - Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi; Agentliyə: - Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğlərinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi; - publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli. Mərkəzin təsisçisi səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin: Azərbaycan Respublikasının Prezidentinə: - Mərkəzin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi; - Mərkəzin idarəetmə orqanlarının yaradılması, idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi; - Mərkəzin ləğvi və yenidən təşkili; - nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün Mərkəzin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi; Nazirlər Kabinetinə: - Mərkəzin illik maliyyə hesabatlarının təsdiq edilməsi; - Mərkəzin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi; - Mərkəzin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi; Mərkəzə: - inkişaf istiqamətlərinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirilməsi; - Mərkəzin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğlərinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi. Nazirlər Kabineti normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Agentliyin və Mərkəzin yeni nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Rusiya Qordonu öldürmək istəyib - Plan

Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə bir neçə ukraynalı ictimai şəxsə sui-qəsd hazırlayan cinayətkar qrup Ukrayna hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna hüquq mühafizə orqanları məlumat yayıb. Məlumata görə, sözügedən əməliyyata “Eniqma 2.0” adı verilib: “Rusiya tərəfi cinayətkar qrupa Moldova və Ukrayna vətəndaşlarını cəlb edib. Rusiyalı casuslar Ukraynaya gələrək orada potensial hədəflərinin yaşayış və iş yerləri, səyahət marşrutları, qalma yerləri haqqında məlumat toplayıb, həmçinin qətlin törədilməsinin mümkün üsullarını araşdırıb. Bundan sonra onlar Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri ilə əlaqə saxlayan kuratordan təlimatlar gözləyiblər”. Qeyd edək ki, casusların siyahısında ukraynalı jurnalist Dmitri Qordon və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrеy Yusovun da adı olub.

İtkin şəhid xanım Sumqayıtda dəfn edildi

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mehriban Arif qızı Qarayevanın nəşinin qalıqları Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb. Sozcu.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid Mehriban Qarayevanın nəşinin qalıqları hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə dəfn olunub. Qeyd edək ki, Mehriban Qarayeva 1970-ci il martın 27-də Sumqayıt şəhərində anadan olub. 1992-ci ildə könüllü hərbi xidmətə gedib. Elə həmin il Sırxavənd (Ağdərə) kəndində itkin düşüb. Uzun illər itkin hesab olunan hərbçimizin nəşinin qalıqları müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra Ağdərə rayonundan kütləvi məzarlıqda müəyyən edilərək ailəsinə təhvil verilib.

Qadın doğuşdan sonra öldü

Bakıda qadın ölümü qeydə alınıb. Sozcu.az xəbər verir ki, 1998-ci il təvəllüdlü paytaxt sakini Sevda Məmmədovanın Kliniki Tibbi Mərkəzdə doğuşdan sonra ölüb.

ABŞ-a məxsus təyyarə Rusiya ərazisinə daxil oldu

ABŞ-a məxsus naməlum təyyarə Murmansk vilayətinin hava məkanından Rusiya ərazisinə daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, “Flightradar” xidməti təyyarənin nömrəsini və ya mənsubiyyətini göstərməyib. Moskva vaxtı ilə saat 09:10-da (Bakı vaxtı ilə saat 10:10) təyyarə artıq Qazaxıstanın hava məkanında olub.

Tramp zərbə endirmək əmri verəcək

ABŞ Prezidenti Donald Tramp Tehranı nüvə sazişini qəbul etməyə məcbur etmək üçün İrana məhdud hərbi zərbə endirməyi düşünür. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb. “İlkin plan az sayda hərbi və ya dövlət obyektlərini hədəf alacaq. İran nüvə proqramını məhdudlaşdırmaqdan imtina edərsə, daha geniş hücumlar mümkündür”, - məlumatda bildirilib.

Çalışdıqları şirkətdən 10 minlik oğurluq etdilər

Paytaxtın Yasamal rayonunda yerləşən özəl şirkətlərin birindən 10 000 manat dəyərində təmir-tikinti materialları oğurlanıb. Sozcu.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlə qabaqcadan əlbir olaraq talama cinayətini törətməkdə şübhəli bilinənlər - 26 yaşlı N.Məmmədov və 23 yaşlı E.Allahverdiyev müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla məlum olub ki, həmin şəxslər çalışdıqları şirkətin anbarından bir neçə ay ərzində hissə-hissə tikinti materialları oğurlayaraq satıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.

Təqsirləndirilən şəxs: Məni həbs etməsəniz, özümü öldürəcəm

Bakıda qızına şillə vuran ata həbs olunub. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. Əvvəllər məhkum olunmuş 41 yaşlı S.Cəfərov gecə saat 1 radələrində telefonla oynayan qızına irad bildirərək gedib yatmasını tapşırıb. Lakin qızı atasının sözlərini eşitməyib və telefon oynamaqda davam edib. Bundan əsəbiləşən Cəfərov sillə ilə qızının sifətinə zərbə vurub. Bu əməlinə görə S.Cəfərov saxlanılıb və barəsində cinayət işi başlanıb. Cəfərov ifadəsi zamanı əməlindən peşman olduğunu deyib. Amma daha qəribə tərəfi isə onun məhkəmədən özü barəsində həbs qərarı verilməsini xahiş etməkdir. Belə ki, təqsirləndirilən şəxs həbs olunmayacağı təqdirdə özünə qəsd edəcəyini bildirib. Zərərçəkən qız atasının tez-tez içki içdiyini və daim evdə mübahisələr yaratdığını deyib. Onun sözlərinə görə, məhkəmə istintaqı zamanı da atası onu və anasını döyüb ki, şikayəti geri götürsünlər. Zərərçəkən həyatlarının təhlükədə olduğunu bildirib və məhkəmədən bunu nəzərə almağı istəyib. Məhkəmənin hökmü ilə S.Cəfərov 5 ay müddətinə həbs edilib.

Davudoğlu: Tabutumu azərbaycanlı gənclər daşısın...

Türkiyənin sabiq baş naziri və Gələcək Partiyasının lideri Əhməd Davudoğlu vəsiyyəti ilə bağlı diqqətçəkən açıqlama verib. Sozcu.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. “Cənazəmdə ikiüzlü siyasətçilərin iştirakını istəmirəm. Tabutumun azərbaycanlı, fələstinli, somalili və bosniyalı gənclərin çiyinlərində daşınmasını çox istərdim. Bu, mənim gənclərə vəsiyyətimdir”, - Davudoğlu bildirib.

Şəhid Şahin Kərimov Mingəçevirdə dəfn edildi - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Şahin Heydər oğlu Kərimov Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Sozcu.az xəbər verir ki, şəhidin nəşinin qalıqları bu gün yaşadığı Mingəçevir şəhərinə gətirilib. Şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınıb, dualar oxunub. Sonra şəhidin nəşinin qalıqları Mingəçevir şəhərindəki Şəhidlər xiyabanına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, deputat Aydın Mirzəzadə, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə şəhidin Vətən qarşısında xidmətlərindən danışılıb, onun xatirəsinin daim əziz tutulacağı bildirilib. Şəhidin nəşinin qalıqları yaylım atəşi altında torpağa tapşırılıb. Tabutun üzərinə örtülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin anasına verilib. Qeyd edək ki, Şahin Kərimov 1973-cü il dekabrın 16-da Mingəçevir şəhərində anadan olub. O, Birinci Qarabağ müharibəsində iştirak edərək Vətənin müdafiəsində xidmət göstərib. 1993-cü ilin aprelində ağır döyüşlər zamanı itkin düşüb. Onun nəşinin qalıqları Kəlbəcər işğaldan azad edildikdən sonra aşkarlanıb, aparılan müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib.