“Ziyalı işıq saçmalıdır, bizimkilər isə ev-eşik üçün çalışır” – Kamran Həsənli

Son zamanlar Azərbaycan cəmiyyətində ziyalılara qarşı aqressiya sezilir. Bu kateqoriyaya aid olan insanların tez-tez tənqid obyektinə çevrildiyini müşahidə edirik. Ziyalılar daha çox xalqın problemlərinə laqeyd qalmaqda, yalnız şəxsi maraqlarını düşünməkdə günahlandırılır. Azərbaycan ziyalısının ona göstərilən etimadı doğrultmadığını düşünənlər də var.

Ziyalıları ittiham edənlər haqlıdırlarmı? Bəs aydınlar özləri bu barədə nə düşünürlər?

Tanınmış jurnalist, aparıcı Kamran Həsənli Yenisabah.az-a cəmiyyətimizdə ziyalılara münasibətdə inciklik ilə küskünlüyün daha çox olduğunu söyləyib:

“Ziyalılara qarşı aqressiya yoxdur. Daha çox tənqidi, gileyi hiss etmişəm. Aqressiya ziyalılara qarşı olan təzyiqdir. Bizim cəmiyyətdə elə bir şey yoxdur. Cəmiyyətimizdə onlara qarşı inciklik, küskünlük var. Çünki həmişə ziyalılar öndə olublar. Dünyanın hər yerində bu belədir. Onlar xalqın çətin günündə insanların problemlərini, bütün məsuliyyətini üzərinə götürüb, öndə gediblər. Öz fikirlərini deyiblər. Arxasıyca da xalqı aparıblar.

90-cı illərdə də bu belə idi. Ən çətin məqamda, SSRİ-nin dağılma anında, həmin faciəvi illərdə Xəlil Rza, Bəxtiyar Vahabzadə, Ziya Bünyadov, Vaqif Səmədoğlu elə Sabir Rüstəmxanlının özü də ziyalıların sırasında idi. İndi demək olar ki, sıradan çıxıb”.

Aparıcı Azərbaycanda artıq ziyalıların olmadığını deyib:

“Ziyalı sözü işıq, nur deməkdir. Avropada məşhur “İliminantlar” təşkilatı var. İliminantsiya işıq deməkdir. Onlar da ziyalıdırlar. Çalışıblar həmişə xalqı işığa çıxardaraq, ziyaya çatdırsınlar.

Bu gün bizdə o olmadığına görə, özünü ziyalı sayanlar var. Lakin biz onları ziyalı saymırıq. Çünki onlar yalnız öz şəxsi rifahlarını güdürlər. Ev-eşik əldə etmək üçün çalışırlar”.

K.Həsənlinin sözlərinə görə, diplom əldə etmək ziyalı olmaq deyil:

“Bu gün Azərbaycanda ziyalı yoxdur. Ona görə onlara olan iradlara cavab verə bilmirlər. Çünki elə bilirlər ki, ziyalıdırlar, lakin anlamırlar ki, diplom əldə etmək ziyalılıq deyil. Ümumiyyətlə, Azərbaycanda bu gün ziyalı problemi və qüsurluluğu var. Ziyalıların mövcud olması sual altındadır. Bu bizim tarix mərhələmizin böyük problemidir. Yoxdurlar biz onları görmürük. Axtarırıq, gileylənirik, danışırıq, amma konkret ziyalı yoxdur.

Bununla yanaşı bu gün məşhur şairimiz, yazıçımız, rəssamımız, bəstəkarımız, bəlkə də aktyorumuz da yoxdur. Vaxtı ilə ziyalılar sırasında Həsən Turabov, Səməndər Rzayev kimi aktyorlarımız var idi.

Bu gün Rasim Balayevi ziyalı sayırıq. Amma tək əldən səs çıxmaz. Ziyalıların ordusundan qalan bir tək odur”.

Facebook Comments