Ali Məhkəmə azərbaycanlı məhbus Hamid Qaraoğlaninin tələbini rədd edib

İranın Ali Məhkəməsi Urmu həbsxanasında 13 illik həbs cəzasını çəkən azərbaycanlı fəal Hamid Qaraoğlani barədə qərar çıxarıb.

Onun barəsində açılan cinayət işinə yenidən baxılması üçün etdiyi müraciətə rədd cavabı verilib.

Ali Məhkəmə azərbaycanlı məhbus barəsində ilkin məhkəmənin çıxardığı 13 illik həbs cəzasını olduğu kimi qüvvədə saxlayıb.

Bundan öncə Hamid Qaraoğlani barəsində çıxarılan qərar 6 fevral tarixində İran Ali Məhkəməsinin 41-ci bölməsi tərəfindən təsdiq olunub, 16 fevral fevralda isə elektron sistem vasitəsilə elan edilib.

Xatırladaq ki, Hamid Qaraoğlani 27 iyun 2020-ci ildə urmu şəhərində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb, ETTELAAT-ın istintaq təcridxanasında dindirildikdən sonra 16 iyulda Urmu həbsxanasına köçürülüb.

28 sentyabr 2020-ci ildə keçirilən məhkəmədə “Amerika və İsrailə casusluq”, “xarici mətbuatla əlaqə”, “rəhbəri təhqir etmək və Qasım Süleymaninin şəklini cırmaq”, “Xalq Mücahidləri Təşkilatına üzv olmaq”da ittiham olunan Hamid Qaraoğlani edam və həbs cəzasına məhkum edilib.

2020-ci il dekabr ayının əvvəllərində işinə yenidən baxıldıqdan sonra haqqında çıxarılmış edam cəzasının ləğv olunması və 13 il həbs cəzasına məhkum edilməsi barədə məhkəmə qərar qəbul edib.

Hamid Qaraoğlani dindirmə zamanı vəkillə təmin olunma və digər hüquqlarından məhrum olub.

Qeyd edək ki, urmulu H.Qaraoğlani 1986-cı il doğulub. O, 2016-cı ilə qədər öyrənci olub.

2016-cı ildə maddi və digər məişət problemləri üzündən Şəhid Beheşti Universitetində kompüter memarlığı magistr dərəcəsində təhsilini yarımçıq tərk edib. İşləmək üçün Türkiyə Cümhuriyyətinə gedib və bir müddət orada çalışıb.

H.Qaraoğlani həbs olunduğu zaman Urmuda CCTV kameralarının quraşdırması ilə məşğul olub.

Sosial mediada İrandakı hazırkı durumla bağlı çoxsaylı tənqidi materiallar paylaşıb.

Facebook Comments