“Mən bilmirdim ki, onların arzusu bu imiş…” – Şəhid qardaşların anası…

Xəbər verdiyimiz kimi bu gün qardaşı Nurlan Əsgərli 2016-cı il Şanlı aprel döyüşlərində, özü isə Vətən müharibəsində şəhid olan gizir İntiqam Əsgərlinin doğum günüdür.

Moderator.az-a danışan şəhid qardaşların anası Ziba xanım bu gün yaşadıqları kənddə şəhid qardaşların abidəsinin və Şəhid bulağının açılışı olacağını bildirib:

“İntiqam şəhid olandan sonra bu gün onun birinci doğum günüdür. Bu münasibətlə şəhid oğullarımızın abidəsinin və bir də Şəhid bulağının açılışı olacaq. Amma hazırda Şəhidlər muzeyimizin də tikintisi davam edir və o yəqin ki, il mərasiminə qədər hazır olar. Bu gün şəhid övladlarımın məzarını ziyarət edəcəyik və evdə ehsan süfrəsi açılacaq. Çox sağ olsun icra başçımız da, deputatlarımız da bizə dəstəkdir. Onlar da bizim yanımızda olacaq.

Otuz yaşına qədər İntiqama doğum günü keçirməmişik. Hər dəfə onun doğum günündə nəsə bir hadisə baş verib və o bu gününü qeyd edə bilməyib. Amma bircə dəfə ötən il evdə balaca bir tort bişirdilər və dedilər ki, gəl şamları üfləyib bir arzu tut. Amma mən bilmirdim ki, onun arzusu şəhidlik imiş. Bu gün ilk dəfədir ki, onun cənnətdəki doğum gününü keçirirəm. İntiqam həm şəhid qardaşlarının, Xocalı hadisəsində şəhid olan körpələrin, qocaların qisasını almağı qarşısına məqsəd qoymuşdu və bu məqsədinə də çatdı.

Çox sağ olsun ki, dövlətimiz bizə dəstəkdir. İntiqam həmişə deyirdi ki, mən dövlətimə güvənirəm. Dövlətimiz heç zaman bizə diqqətin əsirgəmədi. Həm də ki, göstərdiyi şücaətinə görə ona dəyər verdilər. Hamısına dərin təşəkkürümü bildirirəm. Bizim ayaq üstdə durmağımıza dəstək olan məhz bu insanlar oldu”.

Qeyd edək ki, şəhid qardaşları Masallı rayonunun Viləş kəndində anadan olublar. Elə yaşadıqları kənddə də yanaşı dəfn ediliblər.

Facebook Comments