İran yük maşınları yenə Xankəndiyə yük daşıyır- VİDEO

Azərbaycanın rəsmi Tehrana nota verməsinə baxmayaraq İrana məxsus yük maşınları Qarabağa yük daşımaqda davam edir.

Qeyd edək ki, bir neçə bundan öncə İran İslam Respublikasının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub.

Son dövrlər İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılıq ifadə olunub və bununla bağlı İran tərəfinə nota verilib.

Buna baxmayaraq, Ermənistan televizyasının 5-ci kanalının yayınladığı reportajda İranın yük maşınlarının Qarabağa yük daşımalarını davam etdirdikləri görünür.

Erməni müxbir İran sürücülərinin dilindən bildirir ki, Azərbaycan əsgərləri onların maşınlarına daş atır və onlar bundan yayınmaq, görünməmək üçün gecə saatlarında hərəkət etməyə məcbur olurlar.

Qeyd edək ki, Qarabağın azadlığı uğrunda aparılan 44 günlük Vətən müharibəsi zamanı Nurduz gömrüyü vasitəsilə İrandan Ermənistana yanacaq, Rusiyanın hərbi maşınları və başqa vacib mallar daşınırdı.

Bununla bağlı sosial şəbəkələrdə çoxlu foto və videolar yayılmışdı.
O zaman bu Güney Azərbaycan türklərinin böyük etirazına səbəb olmuşdu. Bununla bağlı geniş etiraz aksiyaları keçirilmişdi.

İran hakimiyyəti müharibə zamanı Ermənistana yardım olunmasına etiraz etdiyi üçün onlarla güneyli fəalı həbsə atdı. Onların bir çoxunun məhkəmə prosesi hələ də davam edir.

Son dövrlər İran rəsmi qurumlarının verdiyi statistikaya görə, pandemiya səbəbindən bütün qonşu ölkələrlə gediş-gəliş və yük mübadiləsində ciddi azalma qeydə alınıb.

Ancaq bu Ermənistanla münasibətdə tam tərsindədir və ötən ilin oktyabr ayından bu günə kimi İrandan Ermənistana göndərilən yüklərin həcmində ciddi artım müşahidə olunur.

Facebook Comments