Erməni lobbisi ABŞ-da “Bayraktar”a qarşı birləşdi

Nümayəndələr Palatasının 27 üzvü dövlət katibinə məktub yazaraq, Türkiyənin pilotsuz döyüş sistemlərini “Birləşmiş Ştatların maraqları üçün təhdid” adlandırıb

ABŞ-dakı erməni lobbisi Türkiyənin 44 günlük Qarabağ müharibəsində Azərbaycana göstərdiyi dəstəyi, xüsusən də “Bayraktar TB2″ döyüş pilotsuz təyyarələrinin bu müharibədə oynadığı rolun ağrısını hələ də canlarından ata bilmirlər.

ABŞ Konqresinin Nümayəndələr Palatasının hər iki partiyadan olan 27 üzvü dövlət katibi Entoni Blinkenə məktub yazaraq Türkiyənin sürətlə inkişaf etməkdə olan pilotsuz döyüş sistemlərini “Birləşmiş Ştatların maraqları üçün təhdid” adlandırıb. Və pilotsuz sistemlərin istehsalı üçün texnologiyaların və hissələrin Türkiyəyə verilməsini dayandırmağa çağırıb. Məktubda iddia edilir ki, Türkiyənin pilotsuz sistemləri dünya miqyasında bir çox bölgədə qeyri-stabilliyə səbəb olub, ABŞ-ın maraqlarını, müttəfiqlərini və tərəfdaşlarını təhdid edir. Aydındır ki, silah istehsalına trilyonlar xərcləyən ABŞ üçün “Bayraktar” təhlükə ola bilməz. Açıq-aşkar məktub müəllifləri ABŞ-ın maraqları haqda deyil, sifariş aldıqları erməni diasporunun maraqları haqda düşünürlər və bunu çox gülünc formada edirlər…

Siyasi şərhçi Əhəd Məmmədli Qərbi ən çox qorxudan faktordan söz açdı: “”Bayraktar” ABŞ-a təhlükə deyil. Bu ölkəyə təhlükə və ümumiyyətlə, bütün Qərbə təhlükə gündən-günə güclənən Türkiyədir. Qardaş ölkə tam şəkildə dünya gücü olsa, bu, təkcə Türkiyə və türk dünyasının deyil, həmçinin İslam dünyasının dünya siyasətinə dirçəlişi, qayıdışı deməkdir. Başda ABŞ olmaqla, Qərbi də ən çox qorxudan budur. Ermənilər dünya gücləri tərəfindən son yüz ildə biz türklərə qarşı əşya kimi istifadə edilib, sonra atılıb. İndi də elə olacaq. Lakin Azərbaycan elə etməlidir ki, ermənilər daha alət funksiyasını yerinə yetirə bilməsinlər. Bunun üçün də rəsmi Bakı İrəvanı “Qarabağ Azərbaycandır!” deməyə məcbur etməlidir. Sentyabrdan gec olmayaraq Laçın dəhlizi, Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və Əsgəranda ay-ulduzlu bayrağımız dalğalanmalıdır. İlan əzilib, amma başı da əzilməlidir ki, bir də durub sanca bilməsin”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ABŞ üçün maraqlarının ilk sırada olduğunu qeyd etdi: “Ermənilər uduzduqları müharibədən çıxış yolları axtarırlar, hər şeyə əl atırlar. Bu da onların növbəti cəhdidir. ABŞ-ın dövlət siyasətinə müdaxilə edirlər. Bunun üçün erməni pul kisəsindən asılı olan konqresmenlərdən istifadə etməyə çalışırlar. Əlbəttə, bu müraciətləri edib, rəsmi Vaşinqtonu Türkiyəyə qarşı yönəltməyə çalışırlar. Amma unudurlar ki, ABŞ regionda Türkiyə ilə müttəfiqlik edir, xırda erməni hikkələrinə görə siyasətlərini dəyişə, maraqlarından geri çəkilə bilməzlər. Heç kəs üçün sirr deyil ki, Türkiyə PUA-ları dünyanın silah arsenalına yeni baxışı formalaşdırıb. Bu gün PUA-lar hətta atom silahlarından da təsirli gücə malikdir. Atom silahlarının tətbiqi demək olar ki, qeyri-mümkündür, sadəcə, qorxuducu təsir vasitəsi rolundan o tərəfə keçə bilmir. Ermənilərin bütün cəhdlərinə baxmayaraq, bu silahı Türkiyənin əlindən ala bilməyəcəklər. ABŞ özü bu silahın qurulma elementlərini Türkiyəyə satmaqda maraqlıdır. Burada ticari mənfəət məsələsi öndədir. Bu elementləri ABŞ verməsə, başqa yerdə almaq da mümkündür, Türkiyə özü də həmin tərkib hissələrinin istehsalını təşkil edə bilər. Ermənilər gülünc vəziyyətdədirlər, nə etdiklərinin də fərqində deyildilər. Türkiyənin gücü təkcə PUA-larda deyil. Bu gücə qarşı mübarizə aparmaq axmaqlıqdır. Ermənilər bunu başa düşmək istəmirlər. Həmişə olduğu kimi yenə də yanlış yoldadırlar, ona görə də uduzacaqlar. Normal yaşamaq üçün Azərbaycan və Türkiyə ilə savaşmaq yox, dil tapmalıdırlar. Bunu isə zibillə dolu qafaları ilə anlamaq iqtidarında deyillər”.(Musavat.com)

Facebook Comments