“e-KOB evi” portalında təqdim ediləcək xidmətlər müəyyənləşib

“e-KOB evi” portalı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün normativ hüquqi aktlarda nəzərdə tutulan sənədlər, ödəniləcək vergi və rüsumlar, hesabatlar, lisenziya və icazələr və s.) mərkəzləşdirilmiş qaydada əldə edilməsini asanlaşdıracaq.

Sozcu.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “e-KOB evi” portalı haqqında Əsasnamədə əksini tapıb.

“Sahibkarın elektron kabineti” “e-KOB evi” portalında xidmətlərdən istifadəni, müvafiq məlumatların əldə olunmasını və həmin məlumatlarda dəyişiklik edilməsini, ödənişlərin həyata keçirilməsini, həmçinin operatorla və digər dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqəni təmin edən fərdi elektron səhifədir.

“Sahibkarın elektron kabineti” portalda hər bir KOB subyekti üçün formalaşdırılır. “Sahibkarın elektron kabineti” vasitəsilə aşağıdakı xidmətlər göstərilir:
– KOB evlərində bilavasitə göstərilən xidmətlərlə bağlı sahibkarların müraciətlərinin elektron qaydada qəbul edilməsi, aidiyyəti dövlət orqanına (qurumuna) yönləndirilməsi və cavablandırılması;
– Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiya olunmuş “G2B” xidmətlərindən istifadə olunması və həmin xidmətləri təmin edən qurumlarla EHİS vasitəsilə əlaqələrin yaradılması;
– portalda mövcud olan “B2B” xidmətlərindən istifadə olunmaqla həmin xidmətləri təmin edən sahibkarlarla əlaqələrin qurulması;
– KOB evlərində bilavasitə göstərilən xidmətlərdən istifadə etmək üçün elektron növbənin əldə edilməsi;
sahibkar haqqında aşağıdakı məlumatların əldə olunması:

– vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
– fəaliyyət növü;
– sahib olduğu lisenziyalar və icazələr haqqında məlumatlar;
– sahibkarlıq subyektlərinin meyarlarına görə bölgüsü;
– əlaqə vasitəsi (telefon nömrəsi, elektron poçt ünvanı);
– fiziki şəxsin soyadı, adı və atasının adı, qeydiyyat ünvanı;
– hüquqi şəxsin adı, hüquqi ünvanı, təşkilati-hüquqi forması, mülkiyyət növü, qeydiyyat şəhadətnaməsinin nömrəsi və verilməsi tarixi;
– sahibkarlıq fəaliyyətini tənzimləyən normativ hüquqi aktlara dair məlumatların əldə edilməsi.

KOB subyektlərinin sahibkarlıq fəaliyyəti çərçivəsində həyata keçirdikləri əməliyyatların elektronlaşdırılması məqsədilə operator “Biznes Naviqator” sistemi vasitəsilə aşağıdakı xidmətləri göstərir:
– KOB subyektlərinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məlumatlandırılmasını və ixtisaslaşmış məsləhət (konsaltinq) xidmətlərindən istifadə etmələrini təmin edir, habelə biznes alətləri vasitəsilə KOB subyektləri tərəfindən ayrı-ayrı sahələr üzrə mütəxəssislərin cəlb edilməsi üçün şərait yaradır;
– müxtəlif mobil alətlərin istifadəsi üzrə tövsiyələr verir, operator tərəfindən yaradılan mobil alətlərin istifadəsinə dair təlimatlar tərtib edir, bu mobil alətləri ilkin istifadə mərhələsində güzəştli qiymətlərlə təklif edir;
– portaldan mobil cihazlar və səyyar qurğular vasitəsilə sərbəst istifadə edilməsi üçün şərait yaradır;
– aktiv reklam, promo-aksiyalar keçirir, biznes prosesin avtomatlaşdırılması üçün texnoloji həlləri tətbiq edir və mobil elektron biznes alətlərini daim təkmilləşdirir;
– informasiyanın mühafizəsi sistemlərinin tətbiqini və daim təkmilləşdirilməsini həyata keçirir;
– informasiya ehtiyatını və əsas əməliyyatların yerinə yetirilməsi prosesini serverə keçirir, informasiyanın arxivləşdirilməsi sistemlərinin tətbiqi hesabına zəruri trafikin həcmini azaldır.

Facebook Comments