“Operativ Qərargah bəyi hamama buraxmır, xatırlatmaq lazımdır ki, Moşu müəllim, aftafa qaldı…”

“Şənbə-bazar günləri ictimai nəqliyyatın işləməməsiylə bağlı müxtəlif fikirlər səslənir. Bəziləri bunun əleyhinə, bəziləri isə lehinə olur. Amma yay vaxtı indiki dövrdə şənbə-bazar günü insanlar adətən şəhər kənarına çıxır və şəxsi avtomobilləri ilə gedirlər”.

Sozcu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. Ekspertin sözlərinə görə Operativ Qərargah tərəfindən qəbul edilən bəzi qərarların heç bir sosial araşdırması yoxdur:

“Həftəsonları ictimai nəqliyyatdan az istifadə olunur, çünki həmin gün iş yerləri işləmir. Buna görə adi günlərə nisbətdə həftəsonu ictimai nəqliyyat o qədər də yüklənmir. Heç bunun elə şansı da yoxdur. Uzaq başı çimərliklər istiqamətində müəyyən sıxlıqlar ola bilər. İctimai nəqliyyatın da hamısı lüks şəraitdə deyil, bəzilərində sərinlədicilər yoxdur. İnsanların da belə avtobuslarda yoluxma riski yüksəkdir.

Düşünürəm ki, bu cür qərarlar qəbul edərkən sadəcə kabinetdə oturub müəyyən məsələləri həll etmək düzgün deyil. İstənilən halda təhlillər aparmaq lazımdır. Vətəndaşlar arasında ictimai müzakirə keçirmək daha faydalı olur ki, belə qərarlar qəbul olunanda əks effekt verməsin. İctimai nəqliyyatın həftəsonları qapalı olması özünü birinci gün açıqlanan yoluxmaların sayında göstərir. İndi kim nə deyir desin. Amma ortada bir bəla var. Toy mərasimlərində bu risk daha da böyükdür. Yaxınlardan biri deyir ki, toya daxil olan koronavirus daşıyıcısına görə bu gün toyda iştirak edənlərin yetmiş faizi virusa yoluxub və müalicə alır. Hələ də tapa bilmirlər ki, o bir nəfər kim olub. İctimai nəqliyyatda da bir nəfər virus daşıyıcısı oldusa, hamını yoluxduracaq.

Məsələ budur ki, bu gün çimərliyə gedən çox az adam ictimai nəqliyyatdan istifadə edir. Toya gedən adamlar da ictimai nəqliyyatdan o qədər də istifadə etmir, taksiyə üstünlük verirlər. Ona görə həfətsonu məhdudiyyətini bir daha nəzərdən keçirmək lazımdır. Operativ Qərargahın qəbul etdiyi bəzi qərarlarının içində heç bir sosial araşdırma aparılmadan qəbul edilən qərarlar var. Məsələn, bu gün toylara icazə verilir, amma hamamlar bağlıdır. Hamam təmizlik yeridir, insanlar orda çimir, kirin tökür. Hamam kimə mane olur ki? Əksinə özləri deyir ki, tez-tez əlinizi yuyun, təmizliyinizin qaydına qalın. Məntiqsiz yanaşmalar var. Bu qərarları verəkən hansı sosial araşdırmanı aparıblar? Toylar, idman zalları açılır, amma hamam açılmır. Ya bu yaddan çıxıb, ya başqa səbəb var. Onlara xatırlatmaq lazımdır ki, Moşu müəllim, aftafa qaldı”.

Facebook Comments