Fransanın eks-prezidenti həbsdən buraxıldı

Fransanın keçmiş prezidenti Nikola Sarkozi apelyasiya şikayətinə baxılana qədər Paris məhkəməsi tərəfindən şərti olaraq həbsdən azad edilib. Sozcu.az xəbər verir ki, France24 belə məlumat yayıb. O, 2007-ci il seçki kampaniyasını maliyyələşdirmək üçün Liviya diktatoru Müəmmər Qəzzafidən milyonlarla avro alınmasında - “Liviya işi” adlandırılan cinayətkar sövdələşmədə iştirak etməkdə təqsirli bilib. Bu yaxınlarda 5 il həbs cəzasına məhkum edildikdən sonra üç həftə təcridxanada qalıb. Sarkozi korrupsiya və seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi də daxil olmaqla digər ittihamlardan bəraət alıb. Məhkəmə Fransanın keçmiş prezidentinin ölkəni tərk etməsinə icazə verilməyəcəyinə qərar verib. Apelyasiya dinləməsinin daha sonra keçiriləcəyi gözlənilir.

Şimali Kiprin yeni Prezidenti ilk səfərini bu ölkəyə edəcək

Bir neçə gün öncə Şimali Kipr Türk Respublikasının (ŞKTR) yeni Prezidenti seçilmiş Tufan Erhürman ilk xarici səfərini Türkiyəyə edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duran "X" sosial media hesabında yazıb. Onun sözlərinə görə, Tufan Erhürman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə noyabrın 13-də Türkiyəyə rəsmi səfər edəcək.

İmişlidə maşın aşdı: ölən var

Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonundan keçən hissəsində qəza olub. Sozcu.az xəbər verir ki, hadisə zamanı "Azsamand" markalı minik avtomobili aşıb. Qəza nəticəsində sərnişin Əbil Ədilli ölüb, sürücü isə yaralanıb. Faktla bağlı araşdırma aparılır.

Torpaq üstündə qohumuna balta ilə xəsarət yetirdi

Qubada kişi balta xəsarəti alıb. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, Çartəpə kəndində 34 yaşlı Kamran Rüstəmov yaşadığı evdə balta xəsarətləri alıb. K.Rüstəmov Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Ona xəsarət yetirməkdə, qohumu 43 yaşlı G.Nəcəfova şübhəli bilinir. Hadisənin torpaq sahəsi üstündə mübahisəyə görə, baş verdiyi bildirilir. DİN-in Mətbuat xidmətinin əməkdaşı Xəyal Talıbov bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Sabahın hava proqnozu

Noyabrın 11-ə aid hava proqnozu açıqlanıb. Sozcu.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-4° isti, gündüz 10-15° isti olacaq.

Dönərdən kütləvi zəhərlənmə – İki ayrı dönərxanada

Şəmkirdə iki ayrı dönərxanada zəhərlənmə hadisəsi baş verib. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisələr noyabrın 9-u saat 01 və 03 radələrində qeydə alınıb. Şəhər ərazisində yerləşən "Mahmud" dönərxanasından Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Ruslan Hacıbəy oğlu Eyniyev , "Mersin" dönərxanasından isə şəhər sakinləri 1994-cü il təvəllüdlü Nəsib Eldəniz oğlu Zeynalov, oğlu 2020-ci il təvəllüdlü Emin, qızı 2023-cü il təvəllüdlü Nazlı, Dəllər Cəyir qəsəbə sakini 1991-ci il təvəllüdlü Dürdanə Elçin qızı Kazımova, onun qızı 2014-cü il təvəllüdlü Damla və oğlu 2015-ci il təvəllüdlü Toğrulla birgə dönərdən zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Bakıda dəhşət: Arvadını balta ilə öldürdü

Bakıda kişi arvadını öldürüb, sonra özünü asıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Binəqədi rayonunda baş verib. Məlumata görə, 1956-cı il təvəllüdlü Yaşar Əbülfət oğlu Bədəlov yaşadığı Biləcəri qəsəbəsindəki evdə münaqişə zəminində arvadı 1966-cı il təvəllüdlü Nərminə Bədəlovanı balta ilə öldürüb və sonradan özünü asıb. Faktla bağlı araşdırma aparılır.

"Mercedes" aşdı – Sürücüsü öldü

Salyanda baş verən qəzada bir nəfər həlak olub. Sozcu.az APA-ya istinadla bildirir ki, hadisə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobili idarə edən Bakı sakini, 34 yaşlı Cəfərov Asif Rafiq oğlu idarəetməni itirərək yoldan çıxıb və nəticədə, avtomobil aşıb. Sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

İmişlidə FACİƏ: 9 aylıq hamilə qadın ÖLDÜ

İmişlidə ölüm hadisəsi baş verib. Hamilə qadın doğum evində vəfat edib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, İmişli rayonunun Cəfərli kənd sakini, 1983-cü il təvəllüdlü Hətəmova Mirvari Əbülfət qızı 9 aylıq hamiləlik sancıları ilə İmişli doğum evinə yerləşdirilib. Doğuş prosesində halı pisləşən 42 yaşlı qadın doğuş stolunda uşaq dünyaya gətirmədən ölüb. Faktla bağlı araşdırma aparılır.

16 yaşlı yeniyetmə bıçaqladı - Hadisəni dostu törədib?

Gəncə şəhərində 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb. Sozcu.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Əliyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən dostu A.Abbaszadə tutulub. Qeyd edək ki, hadisə Atatürk prospektində baş verib. 2009-cu il təvəllüdlü Elgün Əliyev bud hissəsindəki bıçaq yarası ilə xəstəxanaya çatdırılıb. Hakimlər yaranı dərhal tikib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Gədəbəydə üçmərtəbəli evdə yanğın baş verdi

Gədəbəy şəhərində üçmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yanğın olub. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 120 m² olan 5 otaqlı mənzilinin eyvanında 1 ədəd məişət avadanlığı və dam örtüyünün taxta atmaları 8 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Tomahavk"dan iki dəfə güclü olan raket... - İndependent

Ukraynanın “Flaminqo” raketi ABŞ-ın “Tomahavk” raketindən daha yaxşıdır. Sozcu.az xəbər verir ki, bu barədə "İndependent" nəşri məlumat yayıb. "Sözügedən raket artıq Rusiyanın enerji obyektlərinə hücum edir. Qanadlı "FP-5 Flaminqo" 3000 km-ə qədər məsafə qət edir ki, bu da onun "amerikalı həmkarının" mənzilindən çoxdur. Onun döyüş başlığına bir tondan çox partlayıcı yerləşdirilə bilər, bu isə "Tomahavk"dan iki dəfə güclü olması deməkdir",- məlumatda bildirilib.

Çirkli hava hər gün 161 nəfəri öldürür

İranda çirkli hava səbəbindən hər gün 161 nəfər ölür. Sozcu.az xəbər verir ki, bunu İran səhiyyə nazirinin müavini Əlirza Rəisi bildirib. Qeyd edilib ki, çirkli hava səbəbindən il ərzində 58 975 nəfər, yəni hər saat təxminən 7 nəfər ölüb. Çirkli havanın İran iqtisadiyyatına gündəlik vurduğu ziyan isə 47 milyon dollara bərabər sayılır.

Rusiya rəsmilərinə sanksiya tətbiq edildi

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya rəsmilərinə və bir sıra nəşriyyatlara qarşı sanksiyalar tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, ümumilikdə 8 şəxsə sanksiya qoyulub. Onların arasında Rusiya hökumət rəsmiləri, informasiya diversiyası ilə məşğul olan FTX əməkdaşı, Rusiya Baş Qərargahının İnformasiya Departamentinin nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, prezident Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev də var. Sanksiyalar çərçivəsində bu şəxslərin Ukraynaya girişinə qadağa qoyulur, onların Ukraynada ola biləcək əmlakları və aktivləri dondurulur və kommersiya fəaliyyətinə məhdudiyyətlər tətbiq olunur.

Bərdədə nənə və nəvə dəm qazından öldü

Bərdədə iki nəfər dəm qazından zəhərlənərək həyatını itirib. Sozcu.az-ın Teleqraf-a istinadən xəbərinə görə, hadisə rayonun Tumaslı kəndində qeydə alınıb. Kənd sakini Aytən Əsgər qızı Fətəliyeva nəvəsi Sadiq Orxan oğlu Nəcəfovu çimizdirərkən hamamda dəm qazından zəhərləniblər. Hər iki şəxs dünyasını dəyişib. Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb və müayinədən sonra yaxınlarına təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib. Sozcu.az xəbər verir ki, təbrik mesajı qurumun rəsmi media hesabında yayımlanıb. "Can Azərbaycanın 9 Noyabr - Dövlət Bayrağı Günü mübarək olsun!", - paylaşımda qeyd olunub.

Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1355-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 151 070 hərbçi, 11 335 ədəd tank, 23 545 ədəd zirehli döyüş maşını, 34 340 ədəd artilleriya sistemi, 1 538 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 239 hava hücumundan müdafiə sistemi, 428 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 66 880 ədəd avtomobil texnikası, 79 368 ədəd PUA, 3 926 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 993 xüsusi avadanlıq itirib.

Sabahın hava proqnozu açıqlandı

Azərbaycan ərazisində noyabrın 10-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq, şimal-qərb küləyi səhər cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 1-4° isti, gündüz 10-15° isti olacaq.

Şara artıq Vaşinqtondadır, Trampla görüşəcək

Suriya Prezidenti Əhməd əş-Şaraa rəsmi səfərlə Vaşinqtona gedib. Sozcu.az xəbər verir ki, bu barədə SANA məlumat yayıb. Məlumata görə, Şara noyabrın 10-da Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcək. Qeyd edək ki, səfərdən öncə Vaşinqton Şara və Suriyanın daxili işlər naziri Ənəs Həsən Xəttaba sanksiyaları ləğv edib.

Rusiya burada böyük itkilər verir: Fərarilik...

Rusiya ordusu cəbhənin əsas sahələrində heç bir irəliləyiş əldə etməyiblər və Sum bölgəsində böyük itkilər verirlər. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. Hesabata əsasən, ruslar Sum bölgəsinin şimalında hücum əməliyyatlarını davam etdiriblər, lakin irəliləyə bilməyiblər. “Ruslar Sum istiqamətində, Bezsalovka yaxınlığında fərariliyin yüksək səviyyəsi və lazımi təlim, rabitə və radio əlaqənin olmaması səbəbindən böyük itkilər verirlər”, - İnstitut rusiyalı hərbi müxbirlərə istinadla bildirib. Məlumata görə, Ukraynanın pilotsuz təyyarələrinin hücumları rusların təchizatını artırmasını çətinləşdirir.

Paradda 5 mindən çox şəxsi heyət iştirak edib

Bu gün Vətən Müharibəsindəki Zəfərin 5 illiyinə həsr olunan hərbi paradda 5 mindən çox şəxsi heyət, 100-dən çox texnika iştirak edib. Sozcu.az xəbər verir ki, hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5 min nəfər şəxsi heyəti, Türkiyə Respublikası Silahlı Qüvvələrinin 240 nəfər şəxsi heyəti, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin 120 nəfər şəxsi heyəti iştirak edib. Həmçinin Azərbaycanın 50 aviasiya vasitəsi, 5 Türkiyə aviasiya vasitəsi, 39 ədəd xüsusi təyinatlı avtomobil texnikası və silah sistemi, 53 ədəd hava hücumundan müdafiə vasitəsi, 63 ədəd raket-artilleriya silahları, eləcə də parada 12 gəmi paradda nümayiş üçün cəlb olunub.

Bakıda hərbi parad keçirildi - Video

13:09 Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib. Sozcu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər. Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirildi. Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Ətraflı Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı paradda çıxış etdi. Prezident İlham Əliyevin çıxışı - Əziz hərbçilər. Hörmətli qonaqlar, xanımlar və cənablar. Mən Sizi və bütün Azərbaycan xalqını şanlı Zəfərimizin beşinci ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Mənim dəvətimi qəbul edən qardaş ölkələrin rəhbərlərini, nümayəndə heyətlərini səmimiyyətlə salamlayıram. Bu gün bizim paradda Əziz qardaşım, Türkiyə Cümhuriyyətinin cümhurbaşqanı hörmətli Rəcəb Tayyib Ərdoğan iştirak edir. Əziz qardaşım İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. Onun verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Qardaş Türkiyə xalqı hörmətli Prezident Ərdoğanın liderliyi ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı onun “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq. Müharibədən və şanlı Zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Şuşa Bəyannaməsini imzalayaraq bizim əlaqələrimizi ən yüksək zirvəyə - müttəfiqlik səviyyəsinə qaldırmışlar. Bu gün bizim Hərbi paradda Türkiyə hərbçilərinin iştirakı birliyimizin növbəti təzahürüdür. Beş il bundan əvvəl Zəfər paradında da əziz qardaşım Rəcəb Tayyib Ərdoğan bizimlə bərabər idi. Bu gün isə bizimlə bərabər digər əziz qardaşım iştirak edir. Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bizim qonağımızdır. Pakistan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir. Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür. Dost ölkələrdən gəlmiş bütün qonaqları salamlayıram və onların bu gün bizimlə bərabər olmaları bir daha birliyimizi, həmrəyliyimizi, qarşılıqlı dəstəyi əyani şəkildə göstərir. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdü. Bir milyon Azərbaycan vətəndaşı qaçqın, köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. Xocalı soyqırımı törədilmişdir, etnik təmizləmə siyasəti aparılırdı. Bu, bizim iradəmizi sındırmadı. Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi. Biz sülh danışıqlarını apararkən, eyni zamanda, bəyan edirdik ki, əgər bu danışıqlar nəticə verməsə, Azərbaycan istənilən yollarla, o cümlədən hərbi yolla öz tarixi, əzəli torpaqlarını azad edəcək. Uzun müddət davam edən danışıqların nəticəsi sıfır olmuşdur. Onun da əsas səbəbi o idi ki, Ermənistan öz xoşu ilə bir qarış torpağı azad etmək fikrində deyildi. Ermənistanın arxasında duran bəzi dövlətlər isə onlara siyasi, iqtisadi və hərbi dəstək göstərərək onlarla həmrəy idi. Onların fikri əzəli Qarabağ torpağımızı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək idi. Bizim isə siyasətimiz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməkdən ibarət idi. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. Biz güc toplayırdıq və aydan-aya, ildən-ilə gücümüz artırdı. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim Zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi. Biz güclü iqtisadiyyat qurmuşduq. Əgər bunu etməsəydik, bizim maliyyə imkanlarımız çox məhdud idi. Biz iqtisadi müstəqillik qazanmışdıq və bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Bu, bizə daha böyük siyasi güc verirdi. Biz müstəqil siyasət aparan ölkə idik. Bu amillər digər amillərlə bərabər bizi şanlı Zəfərə yaxınlaşdırırdı. Azərbaycanda ictimai-siyasi sabitlik tam bərqərar olmuşdur. Vətəndaş həmrəyliyi, vətəndaş birliyi, xalq-iqtidar birliyi əsas amillərdən biridir. Biz gənc nəsli vətənpərvərlik ruhunda, Vətənə sevgi ruhunda tərbiyə etmişik və bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına gedərək tarixi torpaqlarımızı işğalçılardan azad etdilər. Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir. Biz enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək bir çox ölkələr, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik. Bütün bu amillərlə bərabər, ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı. Biz güclü ordu, güclü Silahlı Qüvvələr yaratmışıq. Ordumuzun döyüş qabiliyyətini artırmışıq, ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz etmişik. Bütün bu və digər amillər bizim Qələbəmizi, şanlı Zəfərimizi şərtləndirmişdir. Ermənistan isə düzgün nəticə çıxara bilməmişdir və İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşmışdı, bizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdı. Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Hətta deyirdilər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər. 44 gün ərzində bizim şanlı Silahlı Qüvvələrimiz hər gün irəli gedirdi, bir gün bir addım geriyə atmamışdır. Böyük peşəkarlıq, rəşadət, qəhrəmanlıq və fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bütün dünyaya güclü dövlət və müzəffər xalq kimi özümüzü göstərmişik. Bunu döyüş meydanında sübut etmişik. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd düşmənlərdən azad edildi. Biz düşməni qova-qova irəliyə gedirdik və azad edilmiş hər şəhər və kənd, orada qaldırılan Azərbaycan Bayrağı bizim Ordumuzu, xalqımızı daha da ruhlandırırdı. Nəhayət noyabrın 8-də “alınmaz qala” sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edilmişdir. Bizim şanlı Zəfər yürüşümüz 27 sentyabrdan 8 noyabra qədər uğurla davam edirdi. Biz dağlardan, çaylardan, dərələrdən keçərək, sıldırım qayalara dırmaşaraq şanlı Zəfərə doğru gedirdik. Şuşanın düz beş il bundan əvvəl azad edilməsi Ermənistan ordusunun belini qırdı və ondan sonra onlar təslim oldular. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan rəsmən təslim olaraq kapitulyasiya aktına imza atdı. Beləliklə, ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi biz özümüz bərpa etdik. Bu gün isə Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Bu gün “Böyük Qayıdış” Proqramı icra edilir. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır. Bütün bu tarixi nailiyyətlərlə bağlı bir daha əziz xalqımı təbrik edirəm. Biz bu beş ili qürur hissi ilə yaşamışıq. Əminəm ki, bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır. Biz - bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaqdır. Mən bütün Azərbaycan xalqını şanlı Zəfərimiz münasibətilə bir daha ürəkdən təbrik edirəm, Azərbaycan xalqına cansağlığı, yeni uğurlar arzulayıram. Qarabağ Azərbaycandır! Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi. Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı -Əziz Qardaşım, Prezident cənab İlham Əliyev. Pakistanın Baş naziri cənab Şahbaz Şərif. Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman şəxsi heyəti. Azərbaycanlı qardaşlarım. Sizləri ən səmimi hisslərimlə, hörmət və sevgi ilə salamlayıram. Zəfər Günümüzün beşinci ildönümündə sizinlə bərabər olmaqdan böyük xoşbəxtlik duyuram. İlham Əliyev qardaşıma zərif dəvətinə görə təşəkkürlərimi bildirirəm. Sizlərə Türkiyədəki qardaşlarınızın salamlarını gətirdim. Sizlərə 86 milyonun ən səmimi sevgilərini gətirdim. Bu qürur günümüzdə inanıram ki, hazırda Türk Dövlətləri Təşkilatındakı qardaşlarımız da bizimlə eyni coşqunu yaşayır. Zəfərimiz mübarək olsun! Allah Azərbaycanı və Türk dünyasını neçə belə Zəfərlərə qovuşdursun! Azərbaycanın sevincini bölüşən Pakistanın Baş naziri Şahbaz qardaşım başda olmaqla bu gün aramızda olan dost ölkələrdən bütün təmsilçilərə təşəkkür edirəm. Qardaşlarım, bu gün hamımız birlikdə otuzillik işğala son qoyan möhtəşəm və misilsiz bir Zəfərin beşinci ildönümünü qeyd edirik. Vətən müharibəsində həlak olan bütün şəhidlərimizi - Azərbaycanın igid övladlarını bir daha rəhmətlə yad edirəm. Rəbbim şəhidlərimizin ruhlarını şad, məkanlarını, inşallah, cənnət etsin. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Məmməd Araz Azərbaycan türkünün Vətən eşqini belə təsvir edirdi: Bu gün gərək Hər anımız Vətən! – desin! Qılıncımız, qalxanımız Vətən! – desin Ölənlərin əvəzinə Qalanımız Vətən! – desin. Vətən! – desin Qəlbimizin hər duyğusu, hər vurğusu Vətən! – desin. Fərqi yoxdur, harda olaq, Zamanımız, məkanımız Vətən! – desin. Ürəkləri hər dəfə Vətən deyə döyünən qəhrəman qazilərimizə minnətdarlıq hisslərimi ifadə edir, “Uca Allah onlardan razı olsun!” deyirəm. Həyatları bahasına apardıqları qəhrəmanlıq mübarizəsi ilə otuzillik işğala son qoyan Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini bir daha təbrik edirəm. Həmçinin bu böyük Zəfərin memarı və lideri olan İlham Əliyev qardaşımı səmimi-qəlbdən təbrik edir, uğurlarının daimi olmasını diləyirəm. İstəyirəm biləsiniz ki, Qarabağın azadlığa qovuşması təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir. Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, istiqlal və şərəf uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi olaraq ortaq tariximizə qızıl hərflərlə yazılmışdır. Bu gün burada Azərbaycan əsgəri Türkiyədən gələn əsgər qardaşları ilə çiyin-çiyinə, yan-yanadırlar. Əsgərlərimizə baxdıqca “Bir millət, iki dövlət” şüarının nə demək olduğunu hamımız görə bilirik. Şəhidlərimizin bir-birinə qarışan qanlarının üzərində yüksələn Azadlıq Bayrağı Qarabağın dörd bir yanında şanla, şərəflə, qürurla dalğalanır. Bilirsiniz ki, əslən qarabağlı olan böyük bir şairimizi 45 gün əvvəl haqq dünyasına yola saldıq. Mərhum Yavuz Bülent Bakiler Qarabağ həsrətini bu misralarla dilə gətirmişdi: Torpağına bayraqlarla girə bilərəm, Qara sevdalılar kimi həsrətəm Qarabağa. Uğrunda ölə bilərəm. Bir gün bitərsə hər şey Qarabağı görmədən. İstəmərəm orkestr, böyük əklillər. Allahım, ruhuma bir az sükun ver. Üstümə oxunmuş bir ovuc müqəddəs Qarabağ torpağından sərpilsə yetər. İllərlə şairlər Qarabağ üçün həsrət dolu belə şeirlər yazmışlar. İlham qardaşımın qətiyyətli liderliyi ilə Azərbaycan Ordusu Qarabağı işğaldan azad edərək könüllərdəki 30 illik bu yanğını da söndürdü. Allaha şükürlər olsun, bu gün Laçından Şuşaya, Zəngilandan Xankəndiyə, Xocalıdan Füzuliyə qədər Qarabağın hər qarışında əmin-amanlıq, inkişaf, sülh, rifah və azadlıq var. İnşallah, bu sülh və təhlükəsizlik mühiti daha da güclənməkdə davam edəcək. Əziz dostlarım, hörmətli qonaqlar, Qarabağ Zəfəri vicdanları qanadan böyük bir ədalətsizliyə son qoymaqla qalmadı. Eyni zamanda, bölgəmizdə yeni bir dövrün qapılarını açdı. Vətən müharibəsi Asiyada və Avropadakı geosiyasi balansı da dəyişdi. Biz nə kin saxlayarıq, nə də keçmişdəki zülmlərin yenidən yaşanmasına izn verərik. Beləliklə, bu Zəfəri bir son olaraq deyil, Qafqazda davamlı sülhə gedən yolun məhək daşı olaraq görürük. Qafqazda sülhün bərqərar olmasının Asiyadan Avropaya qədər bütün bölgənin rifahına xidmət edəcəyi qənaətindəyik. Bunu da burada xüsusilə vurğulamaq istəyirəm ki, biz davamlı sülh məsələsində son dərəcə ümidvarıq, nikbinik. İlham Əliyev qardaşımın davamlı sülhün bərqərar olması üçün göstərdiyi səmimi fəaliyyəti təqdir edirik. Ermənistanın Baş naziri cənab Paşinyanın da bu yolda atdığı cəsur addımları məmnunluqla izləyirik. İnşallah, bu möhtəşəm Zəfər hər iki liderin konstruktiv mövqeyi ilə bölgədə əmin-amanlığı və sülhü bərqərar edəcək davamlı bir müqavilə ilə nəticələnəcək. Türkiyə olaraq bu məsələdə üzərimizə nə düşürsə, inşallah, bunu etməkdə davam edəcəyik. Hazırkı nöqtədə Can Azərbaycanın həm bölgəsində, həm də kənarda əldə etdiyi irəliləyişlərdən böyük qürur duyuruq. Aramızdakı müstəsna əlaqələr konkret strateji layihələrlə hər gün daha da güclənir. Xatırlayırsınız, “Əsrin müqaviləsi”, “Azəri-Çıraq-Günəşli” başda olmaqla, Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri, “Şahdəniz” və TANAP ilə taclandırdığımız əməkdaşlığımızı son olaraq İğdır-Naxçıvan təbii qaz boru kəmərinin istismara verilməsi ilə daha da möhkəmləndirdik. İndi bu əməkdaşlığımızı daha da inkişaf etdirmək və miqyasını genişləndirmək üçün səy göstəririk. Qafqazda yaradılacaq yeni marşrutların nəqliyyat və enerji tədarükü imkanlarının artırmasını gözləyirik. Xəzərdən keçən Şərq-Qərb Orta Dəhlizini bölgədəki bütün qardaşlarımızın faydasına xidmət edəcək şəkildə sərmayələrlə inkişaf etdirməliyik. Bilavasitə Bakı-Tbilisi-Qars dəmir yolu xəttini ən səmərəli şəkildə istifadə etmək üçün Azərbaycanla birlikdə irəliyə doğru daha çox addımlar atacağımıza inanıram. Əziz qardaşlarım, Azərbaycan Qarabağ başda olmaqla bölgənin bərpasında və yenidən qurulması, xalqın təhlükəsiz şəkildə geri qayıtması, yox edilən mədəni və dini mirasın bərpası üçün böyük səylər göstərir. Qarabağa İlham qardaşımla birlikdə, həmçinin Pakistanın Baş naziri Şahbaz Şərifin də bir qismində iştirak etdiyi səfərlərimiz oldu. Zəfərdən sonra Qarabağın bütün ərazisində yaşanan inkişaf və investisiya səfərbərliyinə bilavasitə şahid oldum. Hava limanlarını, yolları, körpüləri, tunelləri, dəmir yollarını, evləri, yüksələn binaları, kənd təsərrüfatı və nəqliyyat layihələrini yerində gördüm. İlham qardaşımın liderliyi ilə Can Azərbaycanın nələrə qadir olduğuna yaxından şahid oldum. Bir daha “Maşallah!”, “Bərəkallah!” deyirəm. Təbii ki, bizim gördüklərimiz, sadəcə, bir başlanğıcdır. İnşallah, bunların davamı da gələcəkdir. Qarabağ möhtəşəm gözəlliyi ilə bölgənin yenidən parlayan ulduzu olacaq. Bu prosesdə biz də Azərbaycana hər cür lazımi dəstəyi verəcəyik. Can Azərbaycan ilə ikitərəfli əlaqələrimizlə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsindəki birlik və həmrəyliyimizi də davam etdiririk. Ailə məclisimizin bütün üzvlərinin ən yüksək səviyyədə iştirakı ilə oktyabr ayında Qəbələdə 12-ci Zirvə Görüşümüzü keçirdik. Zirvə Görüşündə çağırışını etdiyim 15 Dekabr – Dünya Türk Dili Günü qərarının da UNESCO nəzdində həyata keçməsindən məmnunluq duyuram. Təşkilata sədrliyi dövründə Azərbaycan ilə həmrəyliyimiz, inşallah, daha geniş vüsət qazanacaq. İndidən Can Azərbaycana fəaliyyətində uğurlar diləyirəm. Azərbaycanın sarsılmaz dəstəyi ilə Şimali Kipr Türk Respublikasının Türk dünyası içərisindəki mövqeyinin güclənməsini arzu edirəm. “Rəbbim yar və yardımçınız olsun!” deyirəm. Bu düşüncələrlə Vətən müharibəsində al qanları ilə torpağı sulayan əziz şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə təşəkkürlərimi bildirirəm. Eynilə, 1918-ci ildə Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun bütün şəhidlərini, xüsusən şöhrəti ilə ün salmış şəhid Ənvər Paşanı və qardaşı Nuri Killigil Paşanı bir daha ehtiramla yad edirəm. Fürsətdən istifadə edərək 9 Noyabr – Dövlət Bayrağı Gününüzü də ürəkdən təbrik edirəm. Hamınızı ən səmimi hisslərimlə salamlayıram. Sağ olun, var olun, Allaha əmanət olun! Daha sonra Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış etdi. Baş nazir Məhəmməd Şahbaz Şərifin çıxışı - Mənim əziz qardaşım, Prezident İlham Əliyev. Mənim əziz qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğan. Əziz qardaşım, Birləşmiş Ərəb Əmirliklərinin Şeyx həzrətləri Əl Məktum. Azərbaycan Silahlı Qüvvələrin qəhrəman şəxsi heyəti. Azərbaycanlı qardaş və bacılar. Hörmətli rəsmilər, xanımlar və cənablar. Salaməleyküm, günortanız xeyir olsun. Əziz qardaşım Prezident İlham Əliyevə belə bir sevinc dolu münasibətlə mənə etdiyi nəzakətli dəvətə, mənə və nümayəndə heyətimə göstərdiyi səmimi qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Pakistan xalqının səmimi salamlarını azərbaycanlı qardaş və bacılarına çatdırıram. 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı Qələbənin beşinci ildönümünü qeyd edirik. Xanımlar və cənablar, Pakistan, Azərbaycan və Türkiyə - ürəkləri bir döyünən üç qardaş bu gün burada çiyin-çiyinə dayanaraq, belə möhtəşəm tədbiri birlikdə, hamılıqla qeyd edirlər. Azərbaycanlı və türk qardaşların arxasınca marşla gedən müzəffər Silahlı Qüvvələrimizi görmək, əlhəmdülillah, hər il güclənən möhkəm dostluğumuzun gözəl rəmzi olan “JF-17 İldırım” qırıcı təyyarələrin gurultulu səsinə qərq olan səmanı seyr etmək nə dərəcədə fəxarət və duyğulandıran mənzərədir. Xanımlar və cənablar, bu il avqustun 14-də Hindistanla dördgünlük mübarizədə tarixi zəfərimizi – Maarka-e-Haqqı qeyd etmək məqsədilə sürəkli alqışlarla İslamabadda Pakistanın Silahlı Qüvvələri ilə birlikdə fərəh hissi ilə marş altında keçən Azərbaycan və Türkiyənin hərbi kontingentləri yadıma düşür. Bu gün ürəyim fəxarət hissi ilə dolur. Xanımlar və cənablar, çünki mən böyük həvəslə və vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını burada görürəm. Uşaqlıq xatirələrim göz önünə gəlir. O zaman, mərhum atam 1947-ci ildə Pakistanın yaranması ilə nəticələnmiş ulu babalarımızın tarixini mənə söylədi. Bu gün sizin təbəssümlü simanızı və sevinc dolu gözlərinizi gördükdə uşaqlığın o əziz xatirələri bir daha qəlbimdə canlanır. Xanımlar və cənablar, azadlıq mübarizəmizdə işıq saçan mayakımız, milli şairimiz Allama Məhəmməd İqbal şeirində yazırdı: “Birlik qarşısında dayanır nə qılınc, nə strategiya! İnamın alovu zəifləyəndə isə, bu birliyin bütün telləri titrəyir!”. Mən bu misraları indi ingilis dilində söyləyirəm. İqbal öz tarixi şeirində bu misraları bu cür yazmışdır. Bu cür dəyərli misralar bizə xatırladır ki, azadlığı yalnız güclə qazanmırlar. Onu təmin edən qətiyyətli inam və bağlılıqdır, çünki onlar qəhrəman mücadiləsinə həvəs verir. Xanımlar və cənablar, beş il əvvəl Azərbaycanın cəsur oğulları əziz qardaşım Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə tarixi mübarizəyə qalxdılar. Bütün dünya təəccüblə onun şahidi oldu ki, Azərbaycanın cəsur Silahlı Qüvvələri öz ata-baba yurdlarının tacı olan Qarabağı azad etdi. Torpaqların azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı. Bundan sonra da belə olacaq. Hörmətli qonaqlar, Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün, o cümlədən Qəzzanın cəsur və güclü xalqı və Hindistanın qeyri-qanuni işğal etdiyi Cəmmu və Kəşmir xalqı üçün ədalətin möhtəşəm təntənəsi, ümid yeri oldu. Bu ilin mayında Hindistanla dördgünlük mübarizə zamanı bütün dünya Azərbaycan ilə Türkiyənin böyük xalqlarının və qətiyyətli rəhbərlərinin Pakistanın yanında dayandığının şahidi oldu. Feldmarşal Səyid Asim Munirin dinamik və qorxmaz rəhbərliyi ilə Pakistanın olduqca peşəkar Silahlı Qüvvələri düşmənin burnunu ovdu, düşməni şoka və qorxuya salan sərrast və çox tutarlı hərbi zərbələr endirdi. Hava Qüvvələri Marşalı Zahir Bəbir Sidhunun bacarıqlı komandanlığı altında Vətənin müdafiəsi üçün səmaya qalxan və hər zaman ayıq-sayıq olan şahinlərimiz düşmənin çox müasir yeddi təyyarəsini ildırım sürəti ilə sıradan çıxartdılar. Əslində, Pakistan azərbaycanlı və türkiyəli qardaşları kimi, sülhə çalışır, lakin heç kəsdə şübhə belə qoymur ki, kimsə qarşımıza çıxsın, suverenliyimizə hücum çəksin, yaxud ərazi bütövlüyümüzü şübhə altına alsın. Xanımlar və cənablar, bu gün keçmişimizi xatırlamaqla bərabər, gələcəyimizə də böyük ümid və arzularla baxırıq. Məcburi köçkün ailələrin Qarabağa, öz yurdlarına qayıdışını görmək çox ilhamlandırıcıdır. Əziz qardaşım cənab Prezident, bu, Sizin Azərbaycan xalqının rifahı və tərəqqisinə olan güclü şəxsi sadiqliyinizin böyük rəmzidir. Qarabağın incisi Şuşada, Xankəndidə, Füzulidə, Laçında və azad edilmiş Qarabağın bütün ərazilərində yenidənqurmanın bu cür inanılmaz sürəti tam fenomenal xarakter daşıyır. Həmçinin inkişafın ən uğurlu modellərindən biri bu gün Türkiyədə görünür və onun memarı əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğandan başqa kim ola bilər?! Bütün qonaqlarla yanaşı, bu gözəl mərasimdə Türkiyəni müasir, aparıcı, strateji və iqtisadi gücə çevirən onun uzaqgörən rəhbərinə böyük iftixarla baxdığımı qeyd etməliyəm. Xanımlar və cənablar, əsl qələbə təkcə döyüş meydanında deyil, eləcə də sülh və anlaşma körpülərinin salınmasındadır. Əziz qardaşım Prezident İlham Əliyev, Azərbaycan ilə Ermənistan arasında ləyaqət və qarşılıqlı hörmətə əsaslanan sülhə aparan çətin yolda Azərbaycanı istiqamətləndirərək, Sizin müdrik rəhbərliyiniz mənə böyük təəssürat bağışlayır. Qarabağda möhtəşəm hərbi Qələbəni qazandıqdan sonra, cənab Prezident, Siz indi də bacarıqlı diplomatiyanız sayəsində sülhü qazandınız. Burada mən həmin sülh üçün uğur gətirmiş nümunəvi rəhbərlik keyfiyyətlərinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkürümü bildirməliyəm. Məhz Prezident Trampın qətiyyətli və həlledici rəhbərliyi ilə Pakistanla Hindistan arasında atəşkəs əldə olundu, əsas müharibəyə imkan verilmədi və milyonlarla insanın həyatını xilas edərək Cənubi Asiyada sülh bərpa olundu. Xanımlar və cənablar, sülhə olan ümumi qətiyyətimiz bu yaxınlarda Əfqanıstanla olan hadisələrdə sınaqdan keçdi. Mən əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana verdiyi böyük töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm. Bu, Qətər dövlətinin iştirakı ilə baş tutdu. Bu, həm çətin, həm də asan anlarda çiyin-çiyinə dayanan ölkələrimiz arasında güclü, sınaqdan keçmiş qardaşlıq əlaqələrinin əsl təzahürüdür. Xanımlar və cənablar, bu gün Zəfəri qeyd etdiyimiz bir vaxtda, biz, həmçinin şəhidləri yad etməliyik. Azərbaycan torpaqlarının azadlığı uğrunda mübarizə aparmış şəhidlərə Allah rəhmət eləsin. Onların cəsarəti, qüvvəsi və verdiyi qurbanlar xalqınızın tarixində və yaddaşında qalan fəsli yazdı. Bu gün cəsur oğul və qızlarımızın qanı və canı sayəsində azad olmuş zəngin Qarabağ torpaqlarında gözəl xarıbülbül yenə çiçək açır və sülh ümidi gətirir. Qoy, Uca Allah tərəqqi və firavanlıq dolu gələcəyə doğru qətiyyətlə addımlayan böyük xalqlarımıza qüvvə versin. Yaşasın Pakistan-Azərbaycan dostluğu! Yaşasın Pakistan, Azərbaycan və Türkiyə dostluğu! Sağ olun. Dövlət başçılarının çıxışlarından sonra Hərbi parad başladı. Hərbi parada müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, “Zəfər” və “Qarabağ” ordenli general-polkovnik Kərim Vəliyev komandanlıq edib. Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət Bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət Bayrağının ardınca Azərbaycan Ordusunun və hərbi əməliyyatlarda xüsusilə fərqlənən birləşmələrin Döyüş bayraqları “Vətənə xidmətə görə” ordenli general-mayor Vüqar Əliverdiyevin başçılığı ilə Azadlıq meydanına gətirildi. Daha sonra hərbi texnikaların keçidi oldu. Ardınca Hərbi Dəniz Qüvvələrinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri Hərbi parad üçün Xəzər dənizinin sahil sularında yüksək döyüş hazırlığı nümayiş etdirdi. Bundan sonra Azadlıq meydanı üzərində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu oldu.

Liderlərin Bakıda üçtərəfli görüşü keçirildi

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezident Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin üçtərəfli görüşü olub. Sozcu.az xəbər verir ki, görüşdə Türkiyə Prezidenti və Pakistanın Baş naziri Vətən müharibəsində Qələbənin 5-ci ildönümü münasibətilə dövlətimizin başçısını bir daha təbrik edib, Bakıda keçirilən hərbi paradın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar. Söhbət zamanı Azərbaycanın, Türkiyənin və Pakistanın daim bir-birinin yanında olduqları qeyd edilib, ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdiyi bildirilib. Liderlər Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatının perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Bakıda Ərdoğanla Şahbaz Şərif arasında görüş oldu

Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş naziri Şahbaz Şərif arasında görüş olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstarisiyası X sosial media hesabında məlumat yayıb. Qeyd edək ki, hər iki ölkənin lideri Prezident İlham Əliyevlə birgə Zəfərin beşinci ildönümü münasibətilə Bakıda keçirilən Hərbi paradda iştirak ediblər.