ABŞ rəsmisi: İran rejiminin məmurları on milyonlarla dollarla ölkədən qaçır

İran rejiminin rəsmi şəxsləri külli miqdarda vəsaiti ölkədən çıxarmağa çalışır. İranda genişmiqyaslı etirazlar internetin kəsilməsi və yanlış məlumatların yayılması fonunda davam etdiyi bir vaxtda, rejimin süqutu, şəhərlərin ələ keçirilməsi və ya Əli Xameneinin qaçmağa hazırlaşması ilə bağlı yayılan iddialar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Lakin ABŞ rəsmiləri İran hakimiyyətinin yuxarı eşalonlarında ölkədən ciddi maliyyə çıxarılması əlamətlərinin müşahidə olunduğunu bildirirlər. ABŞ-ın Xəzinədarlıq naziri Skott Bessent “Newsmax” telekanalına verdiyi müsahibədə bildirib ki, İran İslam Respublikasının yüksək vəzifəli şəxsləri son günlərdə on milyonlarla dollar vəsaiti ölkə xaricinə çıxarıblar. O, bu prosesi belə təsvir edib: “Hazırda siçanların batmaqda olan gəmini tərk etdiyini görürük. İran rejiminin rəhbərliyi tərəfindən on milyonlarla dollar xaricə qaçaqmalçılıq yolu ilə çıxarılır.” Bessentin sözlərinə görə, bu pullar dünyanın müxtəlif ölkələrində banklara və maliyyə institutlarına daxil olur və ABŞ Xəzinədarlığı bu vəsaitlərin hərəkətini — istər bank sistemi, istərsə də rəqəmsal aktivlər vasitəsilə — diqqətlə izləyir. O vurğulayıb ki, bu şəxslər həmin vəsaitləri qoruyub saxlaya bilməyəcəklər. ABŞ rəsmisi əlavə edib ki, İranın neft ixracına qarşı tətbiq edilən “maksimum təzyiq” siyasəti rejimin maliyyə qaynaqlarını kəsməyə yönəlib və son həftələrdə müşahidə olunan proseslər hakimiyyətin maliyyə baxımından ciddi şəkildə zəiflədiyini göstərir. Bu arada, şübhəli hava hərəkətləri ilə bağlı da məlumatlar yayılıb. Bildirilir ki, İran hökumətinə məxsus EP-IGD qeydiyyatlı Airbus A321 təyyarəsi Tehrandan cənuba doğru uçuş həyata keçirib və radar izləməsindən itib. Hadisə ölkə daxilində etirazların davam etdiyi və uçuş məhdudiyyətlərinin tətbiq olunduğu bir dövrdə baş verib. Bəzi mənbələr, o cümlədən İsrail rəsmiləri, bu uçuşu İran rejimi məmurlarının Dubaya mümkün qaçışı ilə əlaqələndirir. Bu iddialar İran hakimiyyətinin daxilində dərinləşən böhran və panika əlaməti kimi görülür..

Vəfat edən tələbələrlə bağlı məlumat yayıldı

Naxçıvan Dövlət Universitetinin iki əcnəbi tələbəsi dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, bu barədə universitetin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, Tibb ixtisası üzrə II kurs tələbəsi Büşra Aksu və Baytarlıq təbabəti ixtisası üzrə I kurs tələbəsi Ahmet Kavak vəfat edib. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər.

Təhlükəsizlik Şurası İranla bağlı təcili toplaşacaq

ABŞ-ın tələbi ilə BMT Təhlükəsizlik Şurasının İrandakı vəziyyətlə bağlı təcili iclası bu gün - yanvarın 15-də keçirilə bilər. Sozcu.az xəbər verir ki, bunu Təhlükəsizlik Şurasındakı mənbə TASS-a bildirib. Yanvar ayında Təhlükəsizlik Şurasına sədrlik edən Somali Federal Respublikasının Daimi Nümayəndəliyi iclasın Vaşinqtonun tələbi ilə təsdiq edilib-edilməməsi ilə bağlı suala cavab verməyib.

Tramp Rza Pəhləvidən danışdı: hələ tezdir, araşdırırıq!

ABŞ prezidenti Donald Tramp hesab edir ki, İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvinin İslam Respublikasında dəstək qazana biləcəyi barədə fərziyyə irəli sürmək hələ tezdir. Sozcu.az xəbər verir ki, Amerika lideri “Reuters” Agentliyinə verdiyi müsahibədə Rza Pəhləvidən danışarkən bildirib: "O, çox yaxşı görünür, amma öz ölkəsində necə olacağını bilmirəm. Və biz hələ o mərhələdə deyilik. Biz bir çox şeyi araşdırırıq. Amma bunu demək üçün hələ tezdir. Onun ölkəsi ilə necə yola gedəcəyini bilmirəm". "Ölkəsinin onu liderlik rolunda qəbul edib-etməyəcəyini də deyə bilmirəm, amma qəbul etsəydilər, mən buna qarşı olmazdım", - deyə Ağ Ev rəhbəri vurğulayıb. İranda hakimiyyət dəyişikliyi ehtimalına gəldikdə, Tramp "istənilən rejim çökə bilər" deyə qeyd edib. "Çöküb-çökməsə də, maraqlı bir zaman olacaq", - deyə Tramp əlavə edib. Rza Pəhləvi 1960-cı ildə Tehranda anadan olub. Ona 1967-ci ildə vəliəhd şahzadə titulu verilib və atası Məhəmməd Rza Pəhləvinin ölümündən sonra taxta çıxacağı gözlənilirdi. Lakin 1979-cu il İslam İnqilabı İranda monarxiyanı devirdi və sonuncu şahın ailəsi ölkədən qaçmağa məcbur oldu. Atasının 1980-ci ildə ölümündən sonra sonuncu şahın böyük oğlu Rza Pəhləvi taxt-taca iddiaçı olaraq qalır. O, hazırda ABŞ-da yaşayır və Parisdə yerləşən, İslam Respublikasında fəaliyyəti qadağan edilmiş siyasi mühacirlər tərəfindən yaradılan İran Milli Şurasına rəhbərlik edərək mövcud İran hakimiyyətinin müxalifidir. Rza Pəhləvi dünən - yanvarın 15-də Prezident Donald Trampa ən yaxın senatorlardan biri olan Lindsi Qremlə görüşüb. Bu gün isə Rza Pəhləvi iddialı vədlərlə çıxış edib.

İran etirazlarında ölənlərin sayı yeniləndi

İranda davam edən ümumxlaq etirazlarında ölənlərin sayı 2615-ə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə HRANA məlumat yayıb. Məlumata görə, etirazlar nəticəsində 2054 nəfər yaralanıb, 18470 nəfər həbs olunub.

Fransa ordusunu Qrenlandiyaya göndərir

Fransa qoşunları artıq Qrenlandiyaya gedir. Sozcu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. Onun sözlərinə görə, Fransa Danimarka tərəfindən təşkil edilən birgə NATO təlimlərində iştirak etməyə hazırdır. Qeyd edək ki, sözügedən təlim “Arktika dözümlülüyü” adlandırılıb.

Etirazlarda öldürülən Azərbaycanlı fəalın cəsədi təhvil verilmir

Etirazlarda öldürülən Azərbaycanlı fəalın cəsədi təhvil verilmir. Bu barədə sosial mediada məlumat yayılıb. Rahilə Bərqi, 44 yaşlı azərbaycanlı fəal rejim qüvvələrinin açdığı birbaşa atəş nəticəsində həyatını itirib. Yaxınlarının bildirdiyinə görə, hökumət qurumları onun cəsədini ailəsinə təhvil verməkdən imtina ediblər. Mənbələr həmçinin qeyd ediblər ki, təhlükəsizlik orqanları cəsədin təhvil verilməsi üçün ailədən təxminən 800 milyon tümən məbləğində pul tələb ediblər.

Müharibə hazırlığı: Netanyahunun təyyarəsi İsraildən çıxarıldı

İsrailin əsas hökumət təyyarəsi olan "Zion Wing" İsrail hava məkanını tərk edib. Sozcu.az The Times of Israel-ə istinadla xəbər verir ki, təyyarə İsrailin cənubundakı Nevatim hava bazasından havaya qalxaraq Aralıq dənizinə doğru yol alıb. Uçuşun səbəbləri açıqlanmayıb və İsrailin Baş naziri Binyamin Netanyahunun mümkün xarici səfərləri ilə bağlı heç bir məlumat yayılmayıb. "Zion Wing" İranın mümkün hücumları nəzərə alınaraq İsraildən çıxarılıb. Məsələn, 13 iyun 2025-ci ildə İsrail İrana hücum etməyə başlayanda da təyyarə Ben Qurion hava limanından havaya qalxaraq ölkəni tərk etmişdi. Bundan əvvəl, həmin ilin 13 aprelində, gözlənilən İran raket hücumundan bir az əvvəl, "Zion Wing" Nevatim hava bazasını tərk edib.yenisabah)

İranda rejim qüvvələri öldürülən etirazçıların ailələrinin evlərinə basqın ediblər

İranda rejim qüvvələri öldürülən etirazçıların ailələrinin evlərinə basqın ediblər. Mülki geyimli təhlükəsizlik qüvvələri və İran İnqilab Keşikçiləri üzvləri Tehranın şərqində son etirazlarda həlak olanların ailələrinin evlərini hədəfə alıblar. Mənbələr bildiriblər ki, qüvvələr atəş açmaq, təhqir etmək və evləri talan etmək də daxil olmaqla amansız reydlər həyata keçiriblər. Ailələrə dəfn mərasimlərini tez və gizli şəkildə keçirmək tapşırılıb. Məlumata görə, ölənlərin ailələrindən güllə pulunun da alınacağı bildirilir. Yəni ailələr öz ailə üzvlərinin ölümünə səbəb olan güllənin pulunu da dövlətə ödəməlidirlər Qeyd edək ki, İranda bu qayda Pəhləvi dönəmindən icradadır.

Təbriz və digər şəhərlərdən yerli hesabatlar: saxlanılanları aparan şəxslər ərəbcə danışırdı

İran hakimiyyəti etirazların yatırılması üçün ərəb ölkələrindən olan yarımhərbi qruplardanmı istifadə edir? Təbriz və digər şəhərlərdən daxil olan yerli məlumatlara görə, qarşıdurmalar zamanı küçələrdə etirazçıları saxlayan bəzi şəxslərin ərəbcə danışdığı bildirilir. Yerli mənbələrin sözlərinə görə, bu şəxslərin danışıq tərzi və davranışı onların xarici yarımhərbi qruplara, o cümlədən “Həşdi-Şəbi” kimi tanınan strukturlara bağlı ola biləcəyi ehtimalını gücləndirir. Qeyd olunan məlumatlar indiyədək rəsmi mənbələr tərəfindən nə təsdiqlənib, nə də təkzib edilib. Bununla belə, bu cür iddiaların gündəmə gəlməsi İran hakimiyyətinin xalq etirazlarının yatırılmasında yerli olmayan, terror xarakterli və xarici qüvvələrdən istifadə etməsi ilə bağlı narahatlıqları artırıb. Bəzi hesabatlarda bildirilir ki, xarici şiə yarımhərbi qrupların İrana cəlb olunmasının mümkün səbəblərindən biri hakimiyyətin daxili təhlükəsizlik qüvvələrinin etirazçıların sərt şəkildə yatırılması ilə bağlı əmrlərə tam tabe olmamasından narahatlığı və ya bu qüvvələrin 100-dən artıq şəhəri əhatə edən genişmiqyaslı etirazlarla mübarizə aparmaq üçün kifayət etməməsidir. Xarici yarımhərbi qüvvələrin İranda etirazların yatırılmasına cəlb olunması əvvəlki böyük daxili iğtişaşlar dövründə də müşahidə edilib. Əksəriyyəti İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən dəstəklənən bu qruplara Lübnan və İraq mənşəli silahlı dəstələr aiddir. Məlumata görə, İran rejimi “müqavimət oxu” adı altında, əsasən SEPAH-ın “Qüds” qüvvələri vasitəsilə xarici yarımhərbi qruplar şəbəkəsi formalaşdırıb və onlara dəstək verib. Suriya, İraq və Yəməndə döyüşlərdə iştirak etmiş bu qrupların, İran rejimi kütləvi daxili etirazlarla üzləşdiyi dövrlərdə ölkə daxilində də yerləşdirildiyi bildirilir.Gunaz.tv )

Bakı bu dörd ermənini İrəvana verdi

Azərbaycan dörd ermənini Ermənistana təhvil verdi. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, Gevorq Sucyan, David Davtyan, Vigen Euljekyan və Vaqif Xaçatryan az öncə Ermənistan tərəfinə təhvil verilib: "Onlar Həkəri çayındakı körpüdən keçirilərək Ermənistan hakimiyyət orqanlarının nümayəndələrinə təhvil verilib".

Azərbaycanda bəzi ərzaq məhsullar bahalaşdı - RƏSMİ

2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin dekabr ayına nisbətən 105,2 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 106,4 faiz, qeyri-qida məhsulları üzrə 102,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,7 faiz təşkil edib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6 faiz təşkil edib. 2025-ci ilin dekabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,8 faiz olub. Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma manna və qarabaşaq yarmalarının, mal ətinin, balıq və balıq məhsullarının, südün, xamanın, qatığın, pendirin, kəsmiyin, yumurtanın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, balqabağın, şirin bibərin, kartofun, şokolad məmulatlarının, ketçupun, mayonezin, arağın, ucuzlaşma isə limonun, portağalın, naringinin, bananın, kivinin, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, sarımsağın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2025-ci ilin dekabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,5 faiz təşkil edib. Dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma geyimlərin, məişət cihazlarının, zərgərlik məmulatlarının, ucuzlaşma isə taxtanın, sementin, qabların yuyulması üçün vasitələrin və təsərrüfat sabununun qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2025-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,5 faiz təşkil edib. Dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ukraynanın yeni müdafiə naziri təsdiqləndi

Ukrayna Ali Radası ikinci cəhddə Mixaylo Fedorovu müdafiə naziri təyin edib. Sozcu.az xəbər verir ki, parlamentin 277 üzvü təyinatın lehinə səs verib, minimum tələb olunan say isə 266 nəfər olub. Bir gün əvvəl parlament üzvləri Fedorovun təyinatını rədd etmişdilər. Fedorov 2019-cu ildən bəri Rəqəmsal Transformasiya Nazirliyinə rəhbərlik edirdi. O, bir gün əvvəl Baş nazirin birinci müavini və Rəqəmsal Transformasiya naziri vəzifələrindən azad edilib. Yanvarın əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenski Fedorovun Müdafiə Nazirliyinə keçirilməsini və hərbi nazirliyə rəhbərlik edən Denis Şmıqalın Baş nazirin birinci müavini və Energetika naziri olmasını təklif edib.

Qeyri-adi addım: Aksiyaçıların mülkləri siyahıya alınır

Etiraz aksiyalarına və tətilə qoşularaq iş yerlərini bağlayanlar terrorçu qisminə aiddirlər. Sozcu.az xəbər verir ki, bunu İranın Baş prokuroru Məhəmməd Müvəhhidi Azad deyib. O, tətil edənlərin mal və mülklərinin dəqiqləşdirilməsi, onlara qarşı tədbirlər görülməsi barədə prokurorlara göstəriş verib. “Bu, başqalarının da ibrət dərsi alması üçündür”, - Müvəhhidi Azad bildirib.

Dünya böyük bir tamaşa salonudur

Xoşqədəm verilişinə dərdli adamlar çağırır. Sonra da ona qulaq asıb başlayır efirdə ağlamağa. Efir qurtarandan sonra həmin o dərdinə ağladığı adam bundan nəsə bir söz soruşanda qışqırır üstünə ki, ay bala, sən Allah, yeri get o tərəfə, baş-beynimi aparma. Halbuki, efirdə o adamın başını sığallayıb deyirdi ki, can, can...  Bu, nədir? Oyun.  Burda təkcə Xoşqədəm yox, hamı oyun oynayır, hamı rəqs edir. Hərənin öz rəqsi, hərənin öz oyunu var. Bəlkə də Xoşqədəmin verilişinə çıxıb dərdini danışan adamın da öz oyunu var. Bəlkə də oyunu-zadı yoxdur. Sadəcə səydir. Dünyanı oyun kimi dərk etməyəndə həyat adamı çox böyük faciələrə aparıb çıxarır. Yaxud gülməli bir vəziyyətə düşürsən.  Məsələn, qız oğlanı, oğlan da qızı sevir. Bir-birlərinə deyirlər ki, səndən ötrü ölümə də gedərəm. Amma həm də özlərini qoruyurlar. Məhləyə girəndə qız oğlana deyir ki, sən burdan qayıt, qonşular bizi bir-yerdə görməsin. Niyə? Nolur bir yerdə görəndə? Adına söz çıxar. Bir tərəfdən deyir, səndən ötrü ölümə gedərəm, o biri tərəfdən adının çıxmasını istəmir. Bir tərəfdən deyir, səndən ötrü ölümə gedərəm, ölsəm də səninəm, o biri tərəfdən də deyir, evlənəndən sonra sevişərik. Bu, nədir? Oyundur. Birdən olmadı elə, oldu belə. Gələcəyə ayaq yeri qoyur. İndi qız səhv edirmi? Bilmirsən. Düz edirmi? Onu da bilmirsən. O qız sadəcə öz oyununu oynayır. Qız oğlanın bütün dediklərini eləsə, adını qorumasa, bədənini qorumasa, sabah oğlan fikirini dəyişsə, onda qız nə olacaq? Qurban. Ona görə də qurban olmamaq üçün hərənin öz oyunu olmalıdır. Sən oyun oynamasan, sənlə oynayacaqlar.  İrandakı aksiyalarda meyit şəkillərinə baxıram. O meyitlərin hamısı qurbanlardır. Yəni öz oyunu olmayanlar. O meyitlər İranda molla rejiminə də lazımdır, hakimiyyətə gəlmək istəyənlərə də lazımdır. Rejimə ona görə lazımdır ki, başqaları qorxsun. Rejimi dəyişmək istəyənlərə isə ona görə lazımdır ki, proses daha da böyüsün, emosiyalar artsın. İndi o meyitlər ən çox Trampa lazımdır. Mən burda nə molla rejimini müdafiə edirəm, nə də ABŞ-ı. Dünyanın, həyatın oyunlarını izah etməyə çalışıram.  İndi İranda elə adamlar var, oturub evdə, çölə çıxmır, amma molla rejiminin dəyişməsini ən çox arzulayan adamdır. Sadəcə qurban olmaq istəmir. Bəlkə də rejim dəyişəndən sonra ən çox evdə oturanlar fayda götürəcək. Vəzifədə-zadda olacaqlar, ailəsi, uşaqları ən gözəl həyatı yaşayacaq. Qabağa düşüb qışqıranlar yenə də yesir günündə yaşayacaqlar. Yesir günündə yaşamaqlarının səbəbi təkcə ədalətsizlik, bəxt, tale deyil. Bir az da öz seçimləridir. Onların öz oyunları yoxdur. Onlar kiminsə oyununda təsadüfən sağ qalmış qurbanlardır.  Müharibədə döyüşən qazi ayda 150 manat alır, amma qaziyə mahnı yazanlar yüz minlər, milyonlar qazanır. Burda günahkar, ədalət, hüquq-zad axtarmayın. Burda qurban var, bir də oyunçu var. Başqa heç nə yoxdur.  İranda evdə oturanlar bəlkə də çölə də çıxacaq, amma elə vaxt çıxacaq ki, ölüm təhlükəsi olmayacaq. Bir az qışqırıb-bağıracaqlar ki, guya bunun da payı var rejimin getməyində. Bu, nədi? Bu da onun oyunudur. Bircə ölənlərin oyunu olmur. Onlar qurbanlardır. Bəlkə də onların da oyunu varmış, amma alınmayıb.  İngilis filosofu demiş: "Hər bir inqilabı dahilər düşünür, fanatiklər həyata keçirir, alçaqlar isə bəhrələnir".  Kəramət Böyükçöl

Paşinyan: Ermənistan Aİ üzvü olmalıdır

Ermənistan hökuməti açıq şəkildə Ermənistanın Avropa İttifaqının tamhüquqlu üzvü olmasını istəyir və Aİ standartlarına cavab verən bir ölkə olmaq yolundadır. Sozcu.az xəbər verir ki, bunu Nikol Paşinyan "Ermənistan və Dünya Risklər və Fürsətlərin Kəsişməsində" təhlükəsizlik forumunda vurğulayıb. Baş nazir ötən il Ermənistanın Aİ-yə daxil olması ilə bağlı qanunun qəbul edilməsini çox əlamətdar hadisə adlandırıb. O, Ermənistan hökumətinin mövqeyini vurğulayıb. "Aİ-nin tamhüquqlu üzvü olmaq istəyirikmi? Bəli, mütləq və qeyd-şərtsiz. Bunu necə təsəvvür edirik? Heç bir ölkə geosiyasi və ya digər məqsədəuyğunluq səbəblərindən Aİ-yə qəbul edilmir. Bunun baş verməsi üçün çox vacib və zəruri şərt var: ölkə obyektiv olaraq Aİ standartlarına, ən azı 97, 98, 99 faiz cavab verməlidir. Strategiyamız belədir: Ermənistanı Aİ standartlarına cavab verən bir ölkəyə çevirmək yolunu çox qətiyyətlə və aydın şəkildə izləməliyik" Paşinyan əlavə edib ki, bu baş verdikdə siyasi qərar üçün vaxt gələcək. Baş nazirin sözlərinə görə, Aİ genişlənməyi dayandırmaq qərarına gələ bilər, amma bunun əksi də baş verə bilər. Baş nazir bildirib ki, "Standartlara cavab verəndə iki seçimimiz olacaq: ya Aİ-yə qəbul olunacağıq, ya da olmayacağıq". Paşinyanın sözlərinə görə, Ermənistan hər iki ssenaridə faydalanır: bir halda o, Aİ-nin tamhüquqlu üzvü olacaq, digər halda isə üzv olmayacaq, Avropa standartlarına cavab verən müasir dövlətə çevriləcək. “Növbəti nüans ondan ibarətdir ki, biz eyni zamanda Aİ və Aİİ-nin (Avrasiya İqtisadi İttifaqı) üzvü ola bilməyəcəyimizi başa düşürük. Lakin indi fərqli bir reallıq ortaya çıxır: Aİİ-yə üzvlük də daxil olmaqla, hər iki yol üçün hələ də yer var. Və bu gün biz bu məkandayıq. Biz açıq şəkildə bildiririk ki, bu yolu gedirik. Biz Aİİ-in üzvüyük, bu o deməkdir ki, bu məsələdə heç bir uyğunsuzluq yoxdur. Buna görə də, uyğunluq mümkün olduğu müddətcə, Aİİ-in üzvü olaraq qalacağıq. Uyğunluq mümkün olmadıqda, Ermənistan vətəndaşları ilə birlikdə, Ermənistan Respublikası xalqının iradəsinin sərbəst ifadəsinə əsaslanaraq qərar verəcəyik”, - deyə Baş nazir vurğulayıb.

Bu, dəhşətli faciədir - Moləvi Əbdülhəmid

Bir neçə gün ərzində ölkədə minlərlə insanın öldürülməsi dəhşətli faciədir. Bunu İranın sünni din xadimi və Zahidanın Məkki məscidinin cümə imamı Moləvi Əbdülhəmid deyib. "Bu acı hadisə İran xalqını kədər və qəzəbə qərq edib və dünyanın hər yerindəki azad insanların vicdanını dərindən yaralayıb",- o əlavə edib. Din xadimi qətliam məsullarının buna görə məsuliyyət daşıdıqlarını bildirib: "Şübhəsiz ki, bu cinayətə göstəriş verənlər və törədənlər bu dünyada məsuliyyət daşıyacaq və axirətdə ilahi əzaba düçar olacaqlar".

İrandan ABŞ-a: Türkiyədəki bazanız hədəfə alınacaq!

Tehran Vaşinqtonun İrana hücum edəcəyi təqdirdə ABŞ-ın region ölkələrindəki hərbi bazalarına zərbələr endirəcəyi barədə xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters”ə İranın yüksək vəzifəli rəsmisi deyib. “Tehran Səudiyyə Ərəbistanı və BƏƏ-dən Türkiyəyə qədər regional ölkələrə bildirib ki, ABŞ İranı hədəf alacağı təqdirdə, həmin ölkələrdəki ABŞ bazaları hədəfə alınacaq”, - deyə rəsmi bildirib.

İran etirazlarında ölənlərin sayı yeniləndi

İranda 17 gündür davam edən ümumxlaq etirazlarında öldürülənlərdən 2403 nəfərin kimliyi müəyyənləşdirilib. Öldürüldüyü bildirilən 779 nəfərin isə hələlik kimliyini dəqiqləşdirmək mümkün olmayıb. Sozcu.az xəbər verir ki, bunu İran İnsan Haqları Təşkilatı bildirib. Öldürülənlərdən 147-i hökumət məmuru, 12-i azyaşlı və 9-u etiraz aksiyalarında iştirak etməyən mülki şəxsdir. Bununla yanaşı 18.434 nəfər həbs edilərək müxtəlif həbsxanalara köçürülüb.

ABŞ Qətərdəki bazasını boşaldır - Təcili

ABŞ-ın Qətərdə yerləşən "Əl-Udeyd" aviabazasında xidmət edən qeyri-vacib heyətə axşama qədər bazanı tərk etmək tapşırığı verilib. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edək ki, ABŞ-ın İrana zərbə endirəcəyi ilə bağlı iddialar səsləndirilir.

ABŞ beynəlxalq təhlükəsizlik sistemini məhv edəcək - KİV

Avropa hesab edir ki, ABŞ-ın Qrenlandiyaya müdaxiləsi beynəlxalq təhlükəsizlik sistemini məhv edəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb. “Hökumətlər hərbi münaqişədən yayınmağa çalışırlar. ABŞ-ın Qrenlandiyaya birbaşa silahlı müdaxiləsi müharibədən sonrakı beynəlxalq təhlükəsizlik sisteminin sonunu gətirəcək”, - nəşr qeyd edib. Qeyd edək ki, ABŞ lideri Donald Tramp Qrenlandiyaya iddiasını elan edib.

Rumıniyadan Sanduya cavab: Birləşməyə hazırıq!

Buxarest Kişinyovla birləşmək barədə danışıqlara başlamağa hazırdır. Sozcu.az xəbər verir ki, bunu Rumıniya prezidentinin müşaviri Yevgeni Tomak deyib. Onun sözlərinə görə, Moldova məqbul hesab edərsə, Rumıniya istənilən vaxt danışıqlar masasına oturmağa və bu ssenarini ciddi şəkildə müzakirə etməyə hazırdır: “Rumıniya parlamenti bu təşəbbüsə 2018-ci ildə yekdilliklə səs verib. Bu, Rumıniya dövlətinin rəsmi mövqeyidir. Və o, dəyişməyib”. Qeyd edək ki, yanvarın 12-də Moldova Prezidenti Maya Sandu ölkəsinin Rumıniyaya qoşulmasını dəstəklədiyini bildirib.

İrandakı etirazlarda neçə nəfər öldürülüb? - ŞOK RƏQƏM AÇIQLANDI

İranda baş verən etiraz aksiyaları zamanı ölənlərin dəqiq sayı hələlik tam müəyyən edilməyib. Sozcu.az xəbər verir ki, İran rəsmisi "Reuters" agentliyinə bildirib ki, etirazlar zamanı təhlükəsizlik qüvvələri də daxil olmaqla təxminən 2 min nəfər həlak olub. Bu açıqlama hakimiyyətin iki həftədir ölkə boyu davam edən etirazlara qarşı sərt müdaxilə fonunda ölənlərin sayının bu qədər yüksək olduğunu ilk dəfə açıq şəkildə etiraf etməsi kimi qiymətləndirilir. Adının açıqlanmasını istəməyən rəsmi deyib ki, həm etirazçılar, həm də təhlükəsizlik qüvvələri arasında ölənlərə görə “terrorçular”ın məsuliyyət daşıdığını bildirib. Rəsmi şəxs ölənlərin kimlərdən ibarət olması ilə bağlı bölgü təqdim etməyib. İnsan haqları təşkilatları isə indiyədək yüzlərlə ölən şəxsin adını müəyyən etdiklərini bildirirlər. BMT-nin İnsan Haqları Ofisinin sözçüsü Ceni Lourens ölənlərin sayı ilə bağlı suala cavab verərkən BMT-nin İrandakı öz mənbələrinə istinadla “eşitdiyimiz rəqəm yüzlərlədir” deyə açıqlama verib. Bununla yanaşı, İran xaricində fəaliyyət göstərən müxalifət qrupları ölənlərin sayının 2 mindən xeyli çox olduğunu iddia edirlər. Hazırda rəsmi və qeyri-rəsmi rəqəmlər arasında ciddi fərq qalmaqdadır.

Oktay Kaynarca ev dustaqlığına buraxıldı

Türkiyəli aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu məhkəmə nəzarəti şərti ilə ev dustaqlığına buraxılıb. Sozcu.az xəbər verir ki, istintaq tədbirləri çərçivəsində saxlanılan tanınmış şəxslər əməliyyatlardan sonra ədliyyəyə gətirilib və Sülh Cəza Hakimliyinə təqdim olunublar. Oktay Kaynarca saxlanılması ilə bağlı qısa açıqlama verərək, uzun illərdir narkotiklə mübarizə apardığını və bu cür əməliyyatları dəstəklədiyini bildirib.