Bizi Kəlbəcərə qaytarın!

Elşən Əlisoy

Həyatımın ən ağır günü Kəlbəcərdən çıxdığımız gündür. Bütün ağrı-acılar o gündən sonra başlayıb. Vətənində vətənsiz olmaq çətin həyatdır, bunu “qaçqın” adı ilə yaşayanlar bilir…

28 ildir ki, Kəlbəcər həsrəti ilə yaşayırıq. Yas yerlərində ölüsünü ağlayanların ağusu ölüsündən çox Kəlbəcər olub. Kəlbəcərdən sonra şeirlərimiz, bayatılarımız ağuya dönübdür. Bağrımız çatlayıb, ürəyimiz qübar olub. Qaçmaq istəmişik “qaçqın” adından, bəzən quşa dönüb Kəlbəcərə uçmağı arzu etmişik. Dünyasını dəyişənləri dəfn edəndə, qazdığımız məzarı da müvəqqəti hesab etmişik. Kəlbəcərə qayıdacağımız ümidi heç vaxt ümidsizliyə dönməyib.

Bu gün Kəlbəcər azaddır, şəhidlərimiz, qazilərimiz Kəlbəcərimizi bizlərə qaytarmaq uğrunda canlarını fəda etdilər. Kəlbəcər şəhidlərimizin qanları hesabına geri alındı.  Ancaq diyəsən bu dəfə də Kəlbəcərə dönmək kəlbəcərlilərə nəsib olmayacaq.

Sosial şəbəkələrdə Kəlbəcərdə məmurların tikdiyi villaların görüntüsü yayılır. Kəlbəcərin gözəl yerlərində “bölgü” gedir diyəsən…

27 ilin həsrətinə bir neçə il də, məmurların “bölgü” ili əlavə ediləcək. Biri: “qayıdışınız 5 il çəkər”, – deyir, biri: ” 8 il” . Bu illər ərzində məmurlar Kəlbəcərdəki villalarında istirahət edəcək, kəlbəcərlilər yenə də qərib diyarlarda dünyasını dəyişib, Kəlbəcər həsrəti ilə öləcəklər.

Kəlbəcər ərazisində kəlbəcərlilər üçün bir qəbiristanlıq ərazisi də ayırmadılar ki, ölənlərimizi Kəlbəcərdə dəfn edək. Heçolmasa dirimiz gedə bilmir, ölümüzə imkan verin. İnsafınız olsun, çox şey istəmirik, Kəlbəcər bizlərin ölüsünə, sizlərin dirinizə qismət olsun ən azından…

Bəli, deyəcəklər ki, hələ Kəlbəcərə getmək təhlükəlidir. Çox şey istəmirəm ki, Xankəndində, Ağdərədə olan təhlükəsizliyi istəyirəm. Necə oldu, Qarabağ ermənilər üçün təhlükəsiz, bizlər üçün təhlükəli oldu? Cəhənnəmə getdi kaputulyasiya aktı?

Çox şey istəmirəm, İlham Əliyevin imza atdığı 10 noyabr bəyanatında qeyd edilən: “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır” -, cümlələrinin yer aldığı 7-ci maddəsini istəyirəm, axı Qarabağdan qaçan ermənilər geri dönüblər, bizlər nəyə görə uzun illər gözləməliyik ki?

Bizi Kəlbəcərə qaytarın! Atamızın, babamızın tikdiyi, dağıdılmış evlərimizi tikəcəyik, lazım deyil illərdir şirin xatirələrimizə dönmüş köhnə Kəlbəcərimiz üzərində salınan “ağıllı şəhər”. Onsuz da köçkünlük bizlərə çox ağıl verdi…

Bizi Kəlbəcərə köçürün! Atalarımızın halal yolla tikdiyi evlərin his basmış divarlarının qoxusunu almaq istəyirik, çox şey istəmirik ki… Eybi yox, özünüz üçün tikdiyiniz villarda fəhləlik edib birtəhər dolanarıq.

İsitisu da sizin olsun, qızıl mədənləri də. Özününküləşdirin onları da Azərbaycan nefti kimi.  Hələ, dünənə qədər ermənidə idi”, – deyib, boynumuza minnət də qoyun, eybi yox, qaytarın bizi ağacları kəsilmiş torpaqlarımıza, uçurulmuş evlərimizə, sizdən çox şey istəmirik ki…

Facebook Comments