“Fransanın da bu oyunda olmasını, öz ordusunu gətirib Ermənistanda yerləşdirməsini istəyir”

Sərhəddə atəşkəsin pozulması son günlər intensiv xarakter alıb. Düşmən sükutu davamlı olaraq Kəlbəcər istiqamətində pozur. Son hadisə nəticəsində bir əsgərimiz də şəhid olub.

Maraqlıdır, Ermənistan niyə məhz Kəlbəcər istiqamətini hədəf seçib? Düşmən atəşkəsi tez-tez pozmaqla nəyə nail olmaq istəyir?

Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşən Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov Ermənistanda daxili sabitliyə nəzarət edilmədiyini deyib:

“Onların məqsədi bizə əvvəldən bəllidir. Bundan qabaq jurnalistlərimizin orada minaya düşərək həlak olması da ermənilərin təxribatının nəticəsidir. Atəşkəs əldə ediləndən sonra minalanmış ərazilərin xəritələrinin verilməməsini də bu işin davamı olaraq qiymətləndirmək olar. Düşmənin qabaqkı təxribatlarından fərqli olaraq bu dəfə bir hərbçimiz şəhidlik zirvəsinə yüksəldi. Fikrimcə, ermənilər daxili sabitliyə nəzarət edə bilmir və ya orada ordudan kənar kimlərsə var, bunu anlaşmanın pozulması üçün məqsədli şəkildə edirlər.

Digər bir tərəfdən məsələni rus sülhməramlılarının bölgədə sabitliyi qoruya bilməməsi baxımından qiymətləndirmək üçün də bu addımı ata bilərlər. Çünki son vaxtlar başqa dövlətlər də erməniləri himayə etmək istəyir, onlar Ermənistan ərazisində öz ordularını yerləşdirmək fikrinə düşüblər”.

Millət vəkili hesab edir ki, bunu edənlər Fransaya mesaj vermək niyyətindədir:

“Fransanın da bu oyunda olmasını, öz ordusunu gətirib Ermənistanda yerləşdirməsini istəyir. Təbii ki, sülhməramlıların bu məsələyə nəzarət edə bilməməsini göstərmək şərtilə… Amma düşünürəm ki, bunlar əbəsdir. Çünki başqa bir dövlətin ordusunun Ermənistana yerləşdirilməsi qeyri-mümkündür, Rusiya buna imkan verməz.

Məsələ ancaq üç tərəfin – Azərbaycan, Rusiya və Ermənistanın iştirakı ilə həll olunmalıdır. Ermənistan həmişə olduğu kimi öz verdiyi sözə əməl etmir. Yenə də başqa fikirlərə düşür. Hətta bəzən fikirlər səsləndirilir ki, məsələ öz həllini tapmayıb. Hələ də xülya-xəyalla yaşayırlar. Dağlıq Qarabağa status verilməsi məsələsini ortalığa atırlar, bu da cənab Prezidentin vurğuladığı kimi, boş xəyaldır, status-kvo artıq yoxdur”.

Həmsöhbətimiz sərhəd bölgələrimizdə ərazilərin dəqiqləşdirilməsilə əlaqədar hələ də mübahisəli məqamların olduğunu qeyd edib:

“Onlar sükutu pozmaqla bu prosesləri yubatmaq istəyirlər. İstər sülh müqaviləsinin bağlanmasını, istərsə də beynəlxalq qanunlar səviyyəsində əvvəlcədən təsdiqlənmiş sərhədlərin bərpasını gecikdirməyə çalışırlar ki, havadarları tərəfindən bir dəstək ala bilsinlər Bu səbəblə bütün vasitələrə əl atırlar. Son vaxtlar belə bir məlumat yayıldı ki, Paşinyanın Qazax bölgəsi istiqamətinə səfərləri də eyni məqsədi daşıyır. Lakin bizim kəndlərimizin geri qaytarılma məsələsi bu gün də gündəmdədir”.

Facebook Comments