“Fransa həyasızlığını davam etdirsə, Türkiyənin sərt şəkildə sözünü deməsinə ehtiyac yaranacaq”

Prezident İlham Əliyevin Moskva səfəri Makronun İrəvana səfərinə diplomatik mesajdırmı? Bu səfər gözləntilərimizi doğruldacaqmı?

Politoloq Qafar Çaxmaqlı prezident İlham Əliyevin Moskvaya işgüzar səfərini və rusiyalı həmkarı Vladimir Putinlə müzakirələrini Moderator.az-a şərh edib:

“Məncə, Rusiya ilə bu məsələlər vaxtaşırı müzakirə edilməlidir. Düşünürəm ki, buna ehtiyac yaranıb. Ermənistan öhdəlikləri yerinə yetirmir və birinci şəxsin dilindən bunlar onun nəzərinə çatdırılmalıdır. Heç şübhəsiz, Paşinyan Kremldən müəyyən təlimatlar alıb və irəlidəki günlərdə bunlar özünü göstərəcəkdir. O, bəzi hallarda bu təlimatları öz komandasından belə gizlətdiyindən artıq Ermənistanda hakimiyyət böhranı yaşanmaqdadır. Bəlkə də bunlar da qəsdən edilir. Koçaryanın parlamentə getməkdən imtina etməsindən tutmuş müdafiə və xarici işlər nazirliklərindəki istefalara qədər – bunlar düşündürücüdür… Putin anlayır ki, üçtərəfli sazişlərin bir sıra maddələri yerinə yetirilməyib və bu, bölgədə gərginliyin artmasına səbəb olduğundan Rusiyanın mövqeləri get-gedə zəifləyir və Putinin əvvəlcə Paşinyanla, sonra isə İlham Əliyevlə görüşləri bu gərginliyi aradan qaldırmağa hesablanıb. Son zamanlar Qərbin aktivləşməsi fonunda Rusiyanın narahatçılığını da anlamaq lazımdır. Makronun Ermənistana səfəri və bununla bağlı yayılan xəbərlərdə Fransanın bölgəyə hərbi kontingent göndərmək fikri də Cənubi Qafqazda Qərbin siyasi aktivlik göstərəcəyinə işarədir. Dünən ABŞ-ın Ermənistandakı səfirliyinin də “atəşkəsin pozulmasından narahatçılığı” da ABŞ-ın başını çəkdiyi bir sıra ölkələrin Rusiya ilə mövqe mübarizəsi aparacağından xəbər verir. Fransanın həyasızlığını Rusiya həzm etmir və ehtimal ki, həm Ermənistan, həm də Azərbaycan rəhbərliyi ilə görüşlərdə bu məsələlər müzakirə edilmişdir. Rusiya Minsk qrupu adı ilə həmsədr ölkələrin bölgədə üstünlüyü ələ almalarına imkan vermək istəmir. Artıq bəlli olur ki, Qərb dövlətləri Azərbaycanla Ermənistan arasında gərginliyin tərəfdarıdırlar və bölgəyə beynəlxalq sülhməramlı hərbi qruplar göndərmək üçün atəşkəsin pozulması da onların sifarişidir. Paşinyan üzdə rusmeylli siyasət görünümü verir, amma Fransanın timsalında özünə müdafiəçi arzusunu da gizlətmir. Moskva sərhədlərdəki atışmaların məqsədini anladığından ona uyğun siyasət sərgiləyəcəyi gözləniləndir. Əliyevlə Putin arasında görüşdən yayılan xəbərlərə görə Rusiyanın bölgədə qalıb möhkəmlənmək üçün Azərbaycandan umacaqları var. Azərbaycan isə 10 noyabr 2020 və 11 yanvar 2021- ci il üçtərəfli sazişin bir sıra maddələrinin yerinə yetirilməsini istəyir. Bu, Qarabağın işğaldan azad olunmamış hissəsindən erməni hərbi birləşmələrinin çıxarılması, Zəngəzur dəhlizinin açılmasına Ermənistanın maneələrinin aradan qaldırılması və b. məsələlərdir. Bölgəmizdə gərginliyin artacağı təqdirdə Türkiyənin devreyə girəcəyi qaçılmazdır. Bunu həm Qərb, həm də Rusiya arzulamır. Amma Fransa həyasızlığını davam etdirərsə, Türkiyənin sərt şəkildə sözünü deməsinə ehtiyac yaranacaq…”

Facebook Comments