Unudulmuş “BİTDİLİ İMAMI” qiyamı

Şəmkirin Bitdili kəndində 1930-cu ilin fevral-mart aylarında “BİTDİLİ İMAMI” qiyamı zamanı ziyarətgah yerinin üzərində İslamı simvolizə edən yaşıl bayraq, 3 rəngli Azərbaycan istiqlal bayrağı və şiri-xurşid əksi olan bayraq dalğalanırdı. Sovet mənbələri bu hadisəni Bitdili kənd sakini Cıbılı Söyün adlı şəxsin yuxusuna görə təşkil olduğunu iddia edərək xalqı yalana inandırmağa çalışırdılar. Əsl həqiqətdə isə bu işin təşkilatçısı Azərbaycan Cümhuriyyəti Əhrar Partiyasının əsas simalarından olan Hacı Əhməd Nuruzadə( HACI AXUND) idi. Hacı Axund İmam Sahibəzzamanın zühuru adı altında xalqı qiyama hazırlamaq və çevriliş həyata keçirmək məqsədi güdürdü. Hacı Axund getdiyi bütün kəndlərdə ayaqları altında qurbanlar kəsilir və onun sağlığına dualar oxunurdu. Hacı Axund dəstəyi Türkiyə və İrandakı siyasi muhacirlərdən alırdı. Həmçinin qiyamın rəhbərləri arasında Hacı Axund başda olmaqla Ramazanoğlu qardaşları, Quruluqlu Əbdüləli, Samuxlu Məmmədasım və s idi. 30-cu illərin əvvəllərində Sovet hakimiyyətinə qarşı Şəmkirdə baş vermiş “Bitdili İmamı” qiyamının rəhbəri Hacı Axund və ətrafındakı silahdaşlarının qarşılarına qoyduqları məqsəd Azərbaycan Cümhuriyyətinin bərpası və rus işğalına son qoymaq idi. Şəmkirin Düyərli kəndindən olan Hacı Axund ətrafına mindən artıq döyüşçü toplamışdı.

Bura nə qədər ziyarətgah mahiyyəti daşısada, əslində anti-sovet qüvvələrin qərargahı idi. Ziyarətgah yeri çox strateji bir məntəqə seçilmişdi. Hər tərəfi kollu-koslu, qaçaqların daha çox toplaşdığı Keçili, Qaracaəmirli, Quruluq, Xuluf, Qapanlı kəndləri ilə əhatələnmişdi. Bir tərəfdən isə yaxınlıqda Kür çayı və ucsuz-bucaqsız Ceyrançölü düzənliyi. İran və Türkiyədə azərbaycanlı siyasi mühacirlərlə əlaqədə olan Hacı Axund böyük ehtimal belə qeyri-adi ideyanı oradakı rəhbər şəxslərdən almışdı.
O sovetlərin “Allahsızlar” cəmiyyətinə qarşı “Allahlılar” təşkilatının önündə dayanırdı. Ümumilikdə ora ziyarətə gələnlərin sayı 6-7 mini keçmişdi. Çoxlu miqdarda pul və qızıl nəzir edənlər olmuşdu. Ziyarətə gələnlər sovet məmurlarının ora yaxınlaşmasına imkan vermirdilər. Bundan narahat olaraq ətraf bölgələrin kommunist qüvvələrini səfərbər edərək Bitdili İmamını dağıtmağa müvəffəq oldular. Onların şuarı belə idi :

” Şura höküməti yaxında devriləcək və biz öz hökümətimizi quracağıq”.

Nüfuzlu din xadimi olan Hacı Axund və tərəfdarları əhali arasında təbliğat aparırdı ki, yaxın vaxtlarda türk və ingilis ordusu Azərbaycana gələcək və bizə dəstək olacaq. Bu səbəbdən sovet rejimindən bezmiş əhali onun ətrafında birləşirdi. Həmçinin bir müddət Tiflis və Gəncə arasında dövlət idarəçilik sistemi və Dəmiryolu xəttinin fəaliyyəti onun tərəfindən iflic edilmişdi. Üsyançılar və onların rəhbəri Hacı Axundla yerli və regional orqanlar bacarmadığıdan 1930-cu ildə Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri Mixail Frinovski özü şəxsən əməliyyata rəhbərlik etmiş və Hacı Axundun fiziki olaraq məhv edilməsinə nail olmuşdu. Hacı Axundun şəhid edilməsindən sonra növbə ilə Quruluqlu Əbdüləli, Rüstəm Ramazanoglu, Təhməz Ramazanoğlu şəhid edilmiş və onlarla birlikdə Sovet hakimiyyətinə böyük zərbələr vurmuş Samuxlu Məmmədqasım sadəcə sağ-salamat ölkəni tərk edə bilmişdi və bununlada Azərbaycanın barışmaz qaçaq hərakatı tamamilə zəifləmiş və bir müddət sonra bitmişdi.

Ceyhun Nəbi – Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri

Facebook Comments