Olmasın 10000, olsun 10002

Son günlər Ermənistan tərəfi atəşkəsin pozulması hallarını intensivləşdirib. Bunun daha çox İrəvanın Gürcüstan vasitəsilə Azərbaycana minalı ərazilərin xəritələrinin verilməsindən sonra baş verməsi də diqqətdən yayınmır. Şuşa şəhərinin həm dünən, həm də bu gün atəşə tutulması Ermənistanın növbəti dəfə əzilmək üçün israrlı xahişi kimi dəyərləndirilməlidir. Azərbaycan ərazisindən Əsgərimizə açılan atəş barədə mövqeyimi daha əvvəl bildirmişəm və bu mövqeyim dəyişməz qalır. Atəş açılan ərazinin külü göyə sovrulmalı, həmin ərazilərə şəxsi heyət yerləşdirməliyik ki, gələcək mümkün təhdidlər aradan qalxsın, heç olmasa təhdid ehtimalı azalsın.

Maraqlıdır ki, Ermənistan Müdafiə Nazirliyi son zamanlar atəşkəsi pozur, bunu rəsmən inkar edir, ardından isə kimlərinsə yoxa çıxdığını, hansısa hərbi avtomobilin qeyb olması barədə rəsmi məlumat paylaşır. Əgər Ermənistan tərəfi yenə Şuşa şəhərini atəşə tutursa, deməli işğalçı tərəf növbəti insan itkilərini Azərbaycan tərəfinə yükləmək üçün format hazırlayır. Odur ki, hazır olmalıyıq, çünki yaxın saatlarda erməni tərəfi yenə də kimlərinsə yoxa çıxmasında Azərbaycan Ordusunu günahlandırmaq məqsədi ilə məlumatlar yayması mümkündür. Bu mövzuda işimiz bundan sonra heç asan olmayacaq.

Ermənistanda əvvəllər itirilən mal-qaradan toyuq-cücəyə, toyuq-cücədən də fərarilik edən hərbçilərə qədər Azərbaycanı günahlandırmaq artıq ənənə halını alıb. Əslində bu işdə bir məntiq var. Çünki Vətən Müharibəsində 10000 erməni hərbçinin fərarilik etməsinə Azərbaycan Əsgərinin yumruğu səbəb olub. İki nəfər isə bir qədər ləng reaksiya veriblər. Normal məntiqlə 10000 fərarisi olan erməni ordusunda 2 yeni fərarinin meydana gəlməsi, kimsəni təəccübləndirməli deyil. Olmasın 10000, olsun 10002. Ermənistan əksəriyyət fərarilərini Rusiyada axtarsa yaxşıdır. Bunun üçün statistik məlumatlara ötəri baxsalar, kifayətdir.

Ədalət Verdiyev, hərbi ekspert

Facebook Comments